Bakının Xocahəsən kəndi

 

Bakının Xocahəsən kəndi ilə bağlı alimlərin apardığı elmi araşdırmalar az olsa da, sakinlərinin ərazi ilə bağlı məlumatları böyük əhəmiyyət kəsb edir. Belə ki, kəndin tarixini yaşadan 4 qəbiristanlıq, yaşlı sakınlərin fikrincə, bu ərazinin hələ ərəblərin Azərbaycana gəlişindən əvvəl mövcudluğunu ehtimal edir. Vaxtı ilə görkəmli tarixçi alim Sara Aşurbəyova bu kəndə gələrək, məzarlığı ziyarət etmişdir. Sara Aşurbəyli qəbiristanlıqda olan daş kitabələrin bəzilərinin orta əsrlər dövrünə, yəni XVII-XVIII əsrlərə aid olduğunu bildirmişdir. Yerli sakinlər Sara Aşurbəylinin qədim qəbiristanlığa baxdıqdan sonra \"bura Xocahəsənin pəhləvanlar qəbiristanlığıdır\" söyləməsini indi də xatırlayırlar. Hətta o zaman alimin səyi nəticəsində qədim daş kitabələrin bəziləri Şirvanşahlar sarayına aparılmışdır.

 

Kəndin Xocahəsən adlandırılması ilə bağlı müxtəlif fikirlər vardır. Məlumdur ki, \"xoca\" adı yaşlı, hörmətli adamlara verilir. Tarixçi-alim Təvəkkül Səlimov \"Abşeronun yer adları\" kitabında yazıb: \"M.Neymətovanın fikrincə, bu kənd XVII əsrdən etibarən Xoca Həsən adlanmağa başlanmışdır. O öz adını tanınmış tacirlərdən olan Xoca Həsənin adından almışdır. Alim həmin əsrdə inşa edilən və epiqrafik abidəsi üzərində \"Xoca Həsən\" sözləri yazılmış karvansaraya əsasən bu qənaətə gəlmişdir\". Digər bir mənbədə isə kəndin adının \"Xoca Həsən\" və ya \"Xocasən\" adlandırılması kəndin varlı sakini Xoca Həsənin ismi ilə əlaqələndirilir.

Vaxtı ilə Xocahəsən kəndi yaxınlığında orta əsrlərə aid karvansaranın olması buradan ötən yüzilliklərdə dəvə karvanlarının keçməsini də sübut edir. Orta Asiyadan, Dərbənddən gələn tacirlər həmin karvansarada dayanaraq dincəlirdilər. Karvansaranın Şah Abbas adlandırılması isə, güman etmək olar ki, Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629-cu illər) hakimiyyəti dövründə onun şərəfinə inşa edildiyini göstərir. Tarixdən məlumdur ki, I Şah Abbasın əmri ilə Səfəvilər dövlətinin ərazisində məscidlər, karvansaralar, hamamlardini ziyarətgahlar inşa edilmişdir.

Xocahəsən kəndinin əhalisi tarixən əkinçilik və maldarlıqla məşğul olmuşdur. Bir vaxtlar taxıl zəmiləri kəndin böyük sahəsini əhatə edərdi. Əhali əsasən arpa, buğda da əkərdi. Xocahəsən kəndinin camaatı mal-qaranı geniş örüş sahələrində otarardı. İndi də sakinlər xatırlayırlar ki, Bakı-Rostov-Qobu yolundan başlayaraq Bibiheybətə qədər olan otlaq sahəsindən heyvanların örüş sahəsi kimi istifadə olunardı. Yaz aylarında mal-qara Şabran tərəfə, qışda isə Qobustana, \"Osman hoca\" deyilən əraziyə aparılardı. Kəndin su ilə bağlı tələbatını burada salınan ovdanlar ödəyərdi.

Xocahəsən kəndi ötən əsrlərdə inşa edilən tarixi abidələri ilə də tanınıb. Bunlardan biri də kənd məscidi olmuşdur.

XX əsrin əvvəllərində gülləbaran edilən məscid binası sinəsində neçə illər ermənilərin dinc sakinlərə qarşı törətdiyi acı xatirələri yaşatdı. 1918-ci ilin mart günlərində Bakı kəndlərinə qarşı hücuma keçən ermənilər nə qocalara, nə də uşaqlara aman verib. Quldurlar günahsız insanları qətlə yetiriblər. Xocahəsən kəndinə vəhşi canavarlar kimi daxil olan ermənilər müsəlmanların son pənah bildikləri məscidi gülləyə tutublar. İnsanlar vahimə içərisində haray-həşir qopararaq Allah evinə sığınıb, imdad istəyiblər. Ermənilərin atdığı top atəşindən Xocahəsən məscidinin bir hissəsi uçulub. Azğınlaşmış erməni cəlladları gizlənməyə macal tapmayan 44 nəfər dinc sakini vəhşiliklə qətlə yetiriblər. Ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin qarşısını isə xalqın köməyinə gələn türk əsgərləri alıb. Yaşlı insanlar bir vaxtlar yaxın qohumlarından eşitdiklərini bu gün də xatırlayırlar. Ermənilərlə türklərin döyüş səhnələri Xocahəsəndəki Böyük dağın ətrafında baş verib. Quduzlaşmış ermənilər dağın yuxarısında əlverişli istehkam quraraq türklərlə döyüşüblər. Türklər ermənilərə layiqli cavab veriblər. Bu döyüşdə türk əsgərləri böyük tələfat da verib. Xocahəsən qəbiristanlığında bəzi türk əsgərləri əmanət qəbirlər kimi dəfn olunmuşdur.

Ermənilərlə döyüşdə aldıqları güllə yarasından 2 türk əsgəri şəhid olaraq Xocahəsən qəbiristanlığında torpaga tapşırılıb.

Kəndin tarixini yaşadan Xocahəsən məscidi 1937-ci ildə repressiyaya məruz qalır. Çox çəkmir ki, məscidin qapısı da sakinlərin üzünə bağlanılır. Sakinlərə burada dini ibadətləri yerinə yetirmək isə yasaq olunur.

Xocahəsəndəki Şah Abbas karvansarası uzaq ölkələrdən Azərbaycana qonaq gələn tacirlərin, səyyahların istirahət məkanı olmuşdur. Yol üstündə dayanan dəvələr də karvansarada dincini alardı. Yerli sakinlər Şah Abbasın Səfəvilər dövləti ərazisində karvansara tikdirməsi ilə bağlı yaşlı sakinlərdən eşitdikləri rəvayəti unutmayıblar. Rəvayətə görə, əzəmətli hökmdar olan Şah Abbas günlərin bir günü vəzirinə deyir ki, \"mən həyatda savab görmək üçün sayı minə çatan karvansara tikdirmək fikrindəyəm\". Vəzir də hökmdarın söylədiyinə diqqətlə qulaq asıb deyir ki, şah sağ olsun, mən istərdim əzəmətli hökmdarım 1000 karvansara tikdirərkən yalnız birini əskik tikdirsin. Şah Abbas vəzirin cavabına təəccüblənərək bunun səbəbini soruşur. Ağıllı vəzir belə cavab verir: \"İllər ötəndən sonra camaat deyəcək ki, Şah Abbas karvansara tikdirdi, ancaq onların sayı 1000-dir. Ancaq, şah sağ olsun, karvansaraların sayı 1000-dən 1 ədəd fərqli olanda isə deyəcəklər ki, Şah Abbas 999 karvansara tikdirib\". Deyilənə görə, həmin söhbətdən sonra Şah Abbas Səfəvilər dövlətində 999 karvansara tikdirib. Səfəvi hökmdarı Şah Abbasın əmri ilə bir karvansara da Xocahəsən kəndində inşa edilib. Xocahəsən karvansarasında ötən əsrlərdə çoxlu sayda tacirlər, səyyahlar rahatlıqla dincəlib, uzaq yol qət edərmişlər. Karvansara ilə bağlı xatirələri sakinlər yaşlı insanlardan eşidərək hafizələrində saxlayıblar. Sovet hakimiyyəti qurulduqdan sonra karvansara binası uzun müddət baxımsız qalıb. Böyük Vətən müharibəsi illərində Bakını alman faşistlərinin bombardmançı təyyarələrindən qorumaq məqsədilə kəndə gələn hərbi hissə karvansarada yerləşdirilib. Təəssüf ki, Xocahəsənin Şah Abbas karvansarası müharibə qurtardıqdan sonra sovet əsgərləri tərəfindən partladılıb.

Bakının digər kəndlərində olduğu kimi, Xocahəsəndə də milli adət-ənənələr qorunub saxlanılır. Kənddə ötən əsrlərdə fəqir-füqəraya əl tutan, imkansıza arxa olan adlı-sanlı kişilərin adları indi də xatırlanılır. Ev tikmək, maddi yardım arzusunda olanlara kəndin sakinləri dayaq olublar. Qonaqpərvərliyi ilə seçilən xocahəsənlilər qonşuluğunda kasıb yaşayanı görəndə hətta təmənnasız mal-qara da bağışlayıblar. Mal-qaranın kənddə sayı artdıqca qız-gəlinlər xalça-palaz toxumaqla da məşğul olublar. Xanımların toxuduğu xalıya qiymət veriləndə isə fəxrlə deyərdilər ki, bu, Xocahəsən xalçasıdır. İndi Fransa muzeyində Xocahəsən xalçasının saxlandığını, üzərində isə \"Bakı-Xocahəsən\" yazısı olduğunu qeyd edirlər.

Ötən əsrlərdə Bakının məşhur hamamlarından biri də Xocahəsəndə tikilmişdi. Bu hamamın tikilmə tarixi barədə məlumatlar olmasa da, yaşlı insanlar 60-cı illərə qədər ondan istifadə edildiyini hələ də unutmayıblar. İçərisində su hovuzu olan hamamdan sakinlər sovet dövründə hamılıqla istifadə ediblər. Sonradan kənddə yaşayan insanlar evlərində hamamlar inşa etdiyindən köhnə hamama ehtiyac qalmayıb. Baxımsızlıqdan dağılan hamamı isə yenidən bərpa etmək bir kimsənin yadına düşməyib, insanların laqeydliyi səbəbindən söküntüyə məruz qalıb.

Xocahəsəndə ilk məktəb XX əsrin əvvəllərində fəaliyyət göstərib. İndiki mədəniyyət evində vaxtı ilə xocahəsənli şagirdlər təhsil alıblar. Xocahəsənin imkanlı şəxslərindən olan kənd sakini Səmədin evi sovet hakimiyyəti qurulduqdan sonra klub kimi fəaliyyət göstərib. Səməd 1937-ci ildə \"kulak\" adı ilə həbs olunduqdan sonra yaşadığı ev dövlət tərəfindən müsadirə olunub.

Xocahəsəndə 1950-ci ildə yeni məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilib. Sonradan məktəbdə şagirdlərin sayı artdığından 1996-cı ildə müasir üslubda məktəb binası tikilərək Xocahəsənin balaca sakinlərini qoynuna alır.

Xocahəsən gölü ilə dəmir yolu arasında \"Nənə piri\" yerləşir. Kənddə ikinci dini ocaq yeri \"Seyid piri\" adlanır. XVIII əsrdə Bakı xanlığına daxil olan 27 duz gölü şəhərin iqtisadi həyatında əsas rol oynamışdı. 1770-ci ildə duzun 1 pudu yeddi qəpik yarıma satılardı. Onun gəliri Bakı xanının xəzinəsinə daxil olardı. 1796-cı ildə duzun hər arabasının ixracı üçün xan pulu 5 manat, 1 eşşək, at, yaxud öküz yükündən 1 manat 60 qəpik alınardı.

Xocahəsən gölü Bakının duz göllərindən biri olmuşdur. Göl ilə üzbəüz əhatə olunan dağ silsiləsi burada təbiətin gözəl mənzərəsini yaradır. Həmin dağdan, yaşlı insanların dediyinə görə, indiki YasamalAlatava ərazilərinə getmək üçün yol olmuşdur. Göl üzərində yol salındığından sakinlər şəhərə də rahat gedib-gələrdilər. Hətta insanlar yol ayrıcında, gölə yaxın ərazidə qazılan su ovdanından isti yay günlərində susuzluğu yatırmaq üçün istifadə edərmişlər. Xocahəsən gölü əhalinin duza olan tələbatını ödəyib. Vaxtı ilə göldən çıxarılan duzdan həm qida, həm də heyvanat üçün istifadə olunub. Əvvəllər sakinlər kənddə keçirilən duz yığımında hamılıqla iştirak edərdi. Buraya dəvə karvanları ilə gələn tacirlər duz alaraq başqa ölkələrə satmaq üçün aparardılar. Duz kənd camaatının gündəlik çörəkpulu hesab olunardı. Deyilənə görə, 1946-cı ildə yaxınlıqdakı neft mədənlərindən sonradan ətraf müəssisələrin çirkab suları gölə axıdıldığından bura natəmiz əraziyə çevrilir.

Bu gün Xocahəsən gölünə Xırdalan, Biləcəri, Hökməli ərazilərindən çirkab suları axıdılmaqdadır. Son illərdə Xocahəsən gölünə insanlar tərəfindən atılan balıqların sayı da çoxalıb.

Göründüyü kimi, Xocahəsən gölünün tarixi bir neçə yüzilliyi əhatə etsə də, lakin bu duz gölü layiqincə qorunmur. Hal-hazırda göldə çirkab suyun səviyyəsi getdikcə artır. Bu məqsədlə ətrafa qum örtüyü əlavə edilsə də, yaxınlıqda yaşayan insanlar üçün yenə də təhlükəli vəziyyət yaranıb. Gölün ətrafına atılan məişət, yararsız tullantılar ərazidə üfunətli natəmizlik yaratmaqla, elə bil Balaxanı zibilxanasını da geridə qoyub. Bəzi köhnə maşın hissələri zibilliyin içinə qərq olaraq ətrafda xoşagəlməz vəziyyət yaradır. Soyuq qış günlərində gölün yaxınlığındakı çöl quşlarının yemək axtarışına çıxması isə, kim bilir, ərazidə hansı xəstəliyin mənbəyini yaradır. Ötən əsrlərdə duzu ilə tanınan Xocahəsən gölü elmin, texnikanın inkişaf etdiyi dövrdə natəmizlikdən, çirkabdan təmizlənməli, əvvəlki əsrarəngiz gözəlliyi ona qaytarılmalıdır! 2010-cu il həm də Ekologiya ilidir. Aidiyyəti qurumlar Xocahəsən gölünüyada salmalıdırlar.

Sonda bir məsələyə də münasibətimizi bildirmək istəyirik. Yaşayış yerinin girəcəyində kəndin adını bildirən lövhədə belə yazılıb: \"Xocasən\". Tarixi adın təhrif edilməsi yolverilməzdir. Bu düzəlişi aparmaq belə çətindir?!

 

Təranə CƏBİYEVA,

tarixçi

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 6.