YUNESKO-da Azərbaycanla bağlı həqiqətlər səsləndirilmişdir

 

Noyabrın 24-26-da YUNESKO-nun mənzil iqamətgahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə yeddinci beynəlxalq konfransı keçirilmişdir. Konfransda federasiyaya üzv olan 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Azərbaycanı beynəlxalq tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinə Respublika Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə və baş mütəxəssis, ehtiyatda olan polkovnik Kamal Əliyev daxil idilər.

Azərbaycan Prezidenti İlham Əliyevin federasiyanın 60 illiyi ilə əlaqədar ingilis dilində təbrik məktubu konfrans iştirakçıları arasında yayılmışdır.

Konfransda İkinci dünya müharibəsində 700 min azərbaycanlının iştirak etdiyini, onların bir çoxunun Avropa dövlətlərinin alman faşizmi işğalından azad edilməsi uğrunda döyüşlərdə həmin ölkələrin vətəndaşları ilə çiyin-çiyinə vuruşduqlarını, Fransanın Müqavimət Hərəkatında fəal iştirak etmiş Əhmədiyyə Cəbrayılovun Armed Mişel adı ilə tanındığını və ölkənin ən yüksək mükafatı hesab olunan \"Cəngavər Legionu\" ilə təltif edildiyini xatırlatmış Surxay Tağızadə respublikada veteranlar hərəkatına Veteranlar Şurasının rəhbərlik etdiyini, onun strukturunun respublika və regionların veteran təşkilatlarından ibarət olduğunu, hökumət tərəfindən veteranlara daim qayğı göstərildiyini, onların sosial, məişət və əmək məsələlərinin \"Veteranlar haqqında\" respublika qanunvericiliyi ilə tənzim edildiyini diqqətə çatdırmışdır.

S.Tağızadə Azərbaycanda veteranlar xəstəxanasının, pansionatlarının, qocalar evlərinin, reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyi barədə konfrans iştirakçılarına məlumat vermişdir.

Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş S.Tağızadə \"böyük imperiya\" yaratmaq xülyasına düşmüş Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən, ərazilərimizin 20 faizini zəbt etməsindən, bir milyondan artıq azərbaycanlının silah gücünə öz doğma yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə salmalarından, dövlətin onlara xüsusi qayğı göstərərək müasir tipli qəsəbələr salmasından, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizin heç bir şərt qoyulmadan dərhal azad edilməsi barədə dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların çağırışına Ermənistanın hakim dairələrinin məhəl qoymamasından, düşmən işğalından azad edilmiş minalanmış ərazilərin yerli əhali üçün təhlükə yaratmasından və onların təmizlənməsi problemindən söhbət açmışdır.

Azərbaycanlı veteranın çıxışı böyük maraqla qarşılanmışdır.

Konfransın gedişi zamanı Azərbaycan nümayəndə heyəti iştirakçılar arasında ingilis və fransız dillərində bəyanat yaymışdır. Bəyanatda deyilir: \"Yeddinci beynəlxalq konfransın təşkilini və keçirilməsini biz Azərbaycan veteranları, müharibənin nə olduğunu yaxşı başa düşən Beynəlxalq Veteranlar Federasiyasının veteranlara və müharibə qurbanlarına göstərdiyi qayğının, dünyanın müxtəlif qitələrində gedən müharibələrin və faciələrin qarşısını almaq üçün həyata keçirdiyi davamlı tədbirlərin yeni addımı kimi qiymətləndiririk.

Azərbaycan Veteranlar Şurası müharibələrin, onların törətdiyi faciələrin qarşısının alınmasını xalqlar arasında dostluq və qardaşlığın möhkəmləndirilməsində görürözünün bütün fəaliyyətini buna yönəldir. 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə bu, özünü xüsusi göstərdi. Bunun tarixi kökləri vardır. Azərbaycan xalqı həmişə özünün suverenliyi, beynəlmiləlçiliyi və tolerantlığı ilə fərqlənmişdir. Azərbaycan Respublikası çoxmillətlidir. Ölkəmizdə bütün xalqlar milli mənsubiyyətlərindən, hansı dinə itaət etmələrindən asılı olmayaraq vahid bir ailədə dostluq və qardaşlıq şəraitində yaşayır və eyni hüquqlara malikdirlər.

Bununla bərabər, biz təəssüflə qeyd edirik ki, dünən faşizmə qarşı çiyin-çiyinə vuruşmuş iki qonşu dövlət - Ermənistan və Azərbaycan bu gün artıq 20 ilə yaxındır ki, müharibə vəziyyətində yaşayır. Azərbaycan torpaqlarının 20 faizi erməni işğalına məruz qalmış, 1 milyondan artıq azərbaycanlı öz tarixi yurdlarından qaçqın və köçkün düşmüş, minlərlə insan - ahıllar, qadınlar və uşaqlar həyatlarını itirmiş, şikəst edilmiş, əlil olmuşdur.

İşğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının hələ 1992-ci ildə qəbul etdiyi 4 qətnaməyə (30 aprel 822, 29 iyul 853, 14 oktyabr 874 və 12 noyabr 884 nömrəli) və başqa aparıcı beynəlxalq təşkilatların qərarlarına, bununla bağlı bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımalarına və məsələnin sülh yolu ilə həll edilməsinə dair ATƏT-in Minsk qrupunun konkret təkliflərinə, Azərbaycan hökumətinin bu istiqamətdə apardığı ardıcıl fəaliyyətə baxmayaraq, keçən əsrin 80-ci illərində Ermənistan tərəfindən baş almış təcavüz bu gündavam edir. İşğal edilmiş şəhərlər və kəndlər, maarif və mədəniyyət müəssisələri, tarixi və mənəvi dəyərlər dağıdılaraq məhv edilir. Atəşkəs barədə iki dövlət arasında bağlanmış müqavilə Ermənistan tərəfindən hər gün pozulur, müharibə qurbanlarının sayı artır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktdır, işğalçı və işğal edilən ölkə məlumdur. Lakin təəssüflər olsun ki, bir sıra qüvvələr xalqların taleyini düşünməyərək öz mənafeləri mövqelərindən hərəkət edir, işğalçı dövlətlə işğal olunan dövləti bərabərləşdirir və bu ədalətsiz münaqişənin illərlə uzanmasına səbəb olurlar. Azərbaycan və azərbaycanlılar bu günbu faciəni yaşayırlar.

Dünya Veteranlar Federasiyasının üzvü olaraq bu bəyanatı sizə təqdim edirxahiş edirik ki, onu Azərbaycan Respublikası Veteranlar Şurası rəyasət heyətinin rəsmi sənədi kimi qəbul edib müzakirə edəsiniz, öz qərarınızla yuxarıda adları çəkilən nüfuzlu beynəlxalq təşkilatların ədalətli səsinə qoşulasınız\".

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 3