Azərbaycan Prokurorluğu yeni inkişaf və müasirləşmə mərhələsindədir

 

"Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir."

 

İlham Əliyev

 

Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu yüksək inkişafa və böyük uğurlara sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.

Başlıca məqsədi insan hüquq və azadlıqlarının gerçəkliyinin və qanunun aliliyinin təmin edilməsi olan hüquqi dövlətin mövcudluğu üçün inkişaf etmiş demokratik dövlətlərə məxsus ən mütərəqqi cəhətləri özündə birləşdirən mükəmməl hüquq sisteminin olması əsas şərtlərdən biridir. Bu sistemin möhkəm təməl üzərində qurulması məqsədilə 1995-ci ilin əvvəllərində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası yaradılaraq onun bilavasitə rəhbərliyi ilə ümumbəşəri ideya və dəyərləri əks etdirən yeni Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir.

Yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq və ən yüksək hüquqi qüvvəyə malik olmaqla respublikamızda hüquq sisteminin bünövrəsini yaratmışdır. Bu bünövrə 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi-referendumlarla Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr nəticəsində daha da möhkəmlənmişdir.

Azərbaycan Prokurorluğu xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin önündə olmaqla çox çətin və mürəkkəb, həm də şərəfli bir yol keçərək müasir inkişaf səviyyəsinə çatmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizəyə, hüquq sisteminin təkmilləşdirilməsi işinə öz layiqli töhfələrini vermişdir. Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilməklə bu mühüm dövlət orqanına xüsusi bir maddə həsr edilərək onun statusu, təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəllər mövcüd olmuş nöqsanların aradan qaldırılmasına, zəruri tədbirlərin həyata keçirilməsinə dair proqram xarakterli nitqindən irəli gələn tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış geniş və dərin məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq demokratik məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, Baş Prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalaşdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyinə, obyektivliyə, qərəzsizliyə və faktlara əsaslanmaqla prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icraya yönəldilmişdir. Bu sahədə görülən işin miqyasını təsəvvür etmək üçün bildirmək istərdim ki, qısa dövr ərzində Baş Prokurorluq üzrə imzalanmış 120-dən çox əmrlə 15-ə yaxın təlimat, 20 sayda qaydalar, 25-ə yaxın əsasnamə, 10-dan yuxarı göstəriş, 1 reqlament və sair sənədlər təsdiq edilmişdir.

Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi və yüksək səviyyədə qeyd edilməsi prokurorluğa dövlət qayğısının ifadəsidir. Milli prokurorluq orqanlarının əsasının 1918-ci ildə qoyulmasına, prokurorluğun Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamasına və uzunmüddətli inkişaf yolu keçməsinə baxmayaraq, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm rola malik olması əhəmiyyətini daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

Əsrə yaxın inkişaf tarixinə malik olmasına və bir çox onilliklər ərzində fəaliyyət göstərməsinə baxmayaraq idarəetmənin digər sahələrində mövcud olsa da prokurorluq işçilərinin peşə bayramı uzun müddət müəyyən edilməyərək qeyd olunmamışdır. Belə bir təşəbbüs yalnız dahi rəhbər, ümummilli lider Heydər Əliyev tərəfindən göstərilərək həyata keçirilməyə başlanmışdır. Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi dövlət orqanları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.

1 oktyabr 2008-ci il tarixdə prokurorluq işçiləri və hüquq ictimaiyyəti prokurorluq orqanlarının yaradılmasının 90 illiyi və eyni zamanda prokurorluq işçilərinin peşə bayramının təsis olunmasının 10 illiyi yubileylərini qeyd etmişdir. Ölkədə hüquqi sistemin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməklə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin müasir dövrün ən yüksək tələblərinə uyğun qurulması üçün nəhəng işlər görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluğun fəaliyyətinə böyük diqqət göstərərək prokurorluq əməkdaşları və veteranlarını yubiley münasibətilə təbrik edərək həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Dövlət başçısı son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını diqqətə çatdırmışdır.

 

Dövlət başçısı tərəfindən ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüldüyü göstərilmişdir.

Azərbaycan Prokurorluğu daha da təkmilləşərək müasirləşir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramı ölkə başçısının prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inamının və etimadının, yüksək qayğısının təzahürü olaraq, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə qəbul edilmişdir.

Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Dövlət proqramının icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında duran vəzifələr Baş Prokurorluğun Kollegiya iclasında ətraflı müzakirə olunmuş və geniş tədbirlər planı təsdiq edilməklə icrası təmin edilmişdir. Dövlət proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prokurorluğunun tərkibində Zaqatala hərbi prokurorluğu yaradılmış və Baş prokurorun 19 noyabr 2009-cu il tarixli əmrinə əsasən Zaqatala hərbi prokurorluğunun strukturu və ştat tərkibi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamına əlavə edilməsi barədə" sərəncamı ilə Baş Prokurorluqda müstəqil qurum olan Elm-Tədris Mərkəzi yaradılması nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar Baş Prokurorluq üzrə 19 noyabr 2009-cu il tarixli əmrlər ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin Tədris mərkəzi ləğv edilərək yeni qurum olan Elm-Tədris Mərkəzi yaradılmış və onun strukturu təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-cu il tarixli "Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamına əsasən Baş Prokurorluğun strukturunda dəyişiklik edilərək, Hüquqi təminat və informasiya idarəsinin yaradılması nəzərdə tutulmuşdur.

Baş Prokurorluq üzrə 04 fevral 2010-cu il tarixli əmrlə Baş Prokurorluğun Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri ləğv edilərək onların əsasında Hüquqi təminat və informasiya idarəsi yaradılmışdır. İdarənin tərkibində Mətbuat xidməti ilə yanaşı 12 ştat vahidindən ibarət İnformasiya texnologiyalarının tətbiqi xidməti nəzərdə tutulmuşdur. Hüquqi təminat və informasiya idarəsinin yaradılması yüksək texnoloji informasiya ötürmə vasitə və avadanlıqlarından istifadə edilməklə prokurorluq orqanlarının daxilində və prokurorluq orqanlarının digər dövlət orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları ilə, ictimaiyyətlə əlaqələrinin və informasiya (məlumat) mübadiləsinin təşkili və həyata keçirilməsi, prokurorluq orqanlarında texnoloji vasitələrdən istifadə edilməklə ötürülən və mübadilə edilən informasiyaların təhlükəsizliyinin təmin olunması, elektron imza və elektron sənədlərin tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsi üzrə işin daha səmərəli təşkil edilməsinə xidmət edir.

Baş Prokurorluqda hazırlanmış qanun layihələri əsasında qəbul olunmuş qanunverici aktlarla bir sıra vacib məsələlər, o cümlədən başqa qulluq yerinə keçirilməsi ilə bağlı yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq etdiyi müddət ərzində mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi, prokurorluq işçisi və ya pensiyaya çıxmış prokurorluq işçisi vəfat etdikdə onun himayəsində olmuş ailə üzvlərinə pensiya təyin edilməsi, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququna malik olması məsələləri də öz həllini tapmışdır. Belə ki, dövlət proqramının icrası ilə əlaqədar hazırlanmış layihələr əsasında "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq fərman imzalanmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikası Prokurorluğunun hərbi prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərar qəbul etmişdir.

Dövlət proqramında nəzərdə tutulmuş, prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına dair tədbirin icrası ilə əlaqədar respublika Baş Prokurorluğunda və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək vahid informasiya-kommunikasiya şəbəkəsinin yaradılması məqsədilə bir sıra vacib tədbirlər görülmüş, qurulan sistemdə sənədlərin idarədaxili elektron mübadiləsinin həyata keçirilməsi mexanizmi, prokurorluğun informasiya təhlükəsizliyinin təmin edilməsi, prokurorluğun digər dövlət orqanları ilə informasiya-kommunikasiya sahəsində əlaqələrinin qurulması qaydaları, prokurorluğun daxilində informasiya-texnologiyaları sisteminin yaradılması və sənədlərin elektron mübadiləsinin təşkili üçün tələb olunan texniki və təşkilati vasitələr aydınlaşdırılmışdır.

Yeni yaranan sistem Baş Prokurorluğun hər bir idarə və şöbəsində kompüterləşdirilmiş arxivin təşkil edilməsinə, idarədaxili və idarələrarası yazışmaların elektron formatda aparılmasına, mərkəzi aparat ilə prokurorluğun ərazi qurumları arasında sənədlərin elektron mübadiləsinin həyata keçirilməsinə imkan verəcəkdir. Sistemdə Baş Prokurorluğun hər bir idarə və şöbəsində elektron arxivlərin təşkil edilməsi və bu arxivlərdən istifadə edilməsinə imkan verəcək buraxılış sisteminin yaradılması nəzərdə tutulur. Sistem vasitəsilə videokonfransların aparılması və qurumlar arasında videotelefon əlaqəsinin yaradılması da həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanına əlavələr edilməsi barədə" 06 avqust 2009-cu il tarixli 142 nömrəli fərmanına əsasən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə müvafiq əlavələr edilməklə Azərbaycan Respublikası Prokurorluğu Sistemdən istifadə edən subyektlərin sırasına daxil edilmişdir.

"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı müvafiq işin aparılması, ardıcıl tədbirlərin həyata keçirilməsi prosesi hazırda uğurla davam etdirilir.

Azərbaycan Respublikası prokurorluq orqanlarının demokratik məzmunda yeniləşdirilməsinə yönəldilmiş mütərəqqi islahatların aparıcı istiqaməti kimi ədalətli, şəffaf və prinsipial kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.

2002-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirilmiş müsabiqələr zamanı prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 2630 nəfər namizəddən uğur qazanmış 391 nəfəri prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir.

2009-cu ildə keçirilən müsabiqələrdə iştirak etməklə müvəffəqiyyət qazanmış ümumilikdə 98 nəfər gənc hüquqşünas qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilməklə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış və prokurorluqda vakant vəzifələrə təyin olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə əsası qoyulmaqla bu gün də prokurorluqda uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesinin başlıca istiqamətlərindən olan qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi olmaqla, prokurorluğun mənəvi cəhətdən saf, peşə borcunu ləyaqətlə yerinə yetirən, dövlətçiliyə sədaqətli kadrlarla təmin olunmasında mühüm rol oynamışdır. Belə ki, islahatlara qədərki dövrdə prokurorluq orqanlarında qulluq edən 30 yaşınadək işçilər prokurorluq əməkdaşlarının cəmi 3 faizini təşkil edirdisə, müsabiqə yolu ilə qulluğa qəbul başlandıqdan sonra prokurorluğun gənc əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq, 41 faizə çatmışdır.

Korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən prioritet istiqaməti olaraq bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, görülən tədbirlərin ardıcıl olaraq davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı uğurla həyata keçirilir.

Korrupsiya ilə əlaqədar cinayətlərin mahiyyəti və yüksək ictimai təhlükəlilik dərəcəsi Azərbaycanda korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış səmərəli antikorrupsiya orqanının - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını şərtləndirmişdir. Həmin idarə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" sərəncamına əsasən təsis edilmişdir.

Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluqla Daxili İşlər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və daxili işlər orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" 15 aprel 2009-cu il tarixli və Baş Prokurorluqla Vergilər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" 30 aprel 2009-cu il tarixli birgə əmrlər imzalanmışdır.

Son illər ölkədə aparılan uğurlu islahatlar nəticəsində iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə etmiş, iqtisadi potensial güclənmiş, dövlət büdcəsi artmış, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini zəruri etdiyindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 iyun 2009-cu il tarixdə "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərman imzalanmışdır.

Fərmanın imzalanması prokurorluğun, o cümlədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində səylərinin artırılmasına təkan vermiş, 09 iyul 2009-cu il tarixdə Baş Prokurorluq üzrə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin icrasına dair" 10/44 saylı əmr imzalanmışdır.

Həmin əmr ilə mərkəzi dövlət hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxslərinin korrupsiya xarakterli əməlləri ilə bağlı olan müraciətlər üzrə prokurorlar tərəfindən xidməti ərazidə mümkün olan bütün tədbirlər yerinə yetirildikdən sonra toplanmış materialların Baş Prokurorluğun müvafiq idarələri vasitəsi ilə Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsinin yeni qaydası nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu qurumun işinin göstəriciləri ildən-ilə daha da yaxşılaşmışdır. Belə ki, idarə tərəfindən 2005-2009-cu illərdə 480 nəfər şəxs barəsində 265 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin cinayət işləri əsasən rüşvət alma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama faktları ilə əlaqədar olmuşdur.

Prokurorluq orqanlarının həyata keçirdiyi cinayət işlərinin başlanması, ibtidai istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarında qanunların icra və tətbiq olunmasına nəzarətlə bağlı fəaliyyət istiqamətlərinin müasir dövrün tələblərinə uyğun olaraq yerinə yetirilməsindən bütövlükdə cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin səmərəliliyi çox asılıdır.

Prokurorluqda bu sahədə işin düzgün təşkili və həyata keçirilməsi, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılması, digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları ilə, ilk növbədə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində krimonogen durumun dinamika və struktrurunda müsbət dəyişikliklərə nail olunmaqla mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılaraq, qatı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində cinayətkarlığın dinamikasında müsbət cəhətlərə nail olunmuş, qəsdən adam öldürmə cinayətlərinin ardıcıl azalma tendensiyası müşahidə olunaraq 2009-cu ildə bu cinayətlərin sayı 1992-ci ilə nisbətən 4,3 dəfə, 1999-cu ilə nisbətən isə 1,5 dəfə azalmışdır.

Cinayətkarlıqla mübarizənin səmərəliliyi törədilən cinayətlərin ibtidai araşdırılmasından bilavasitə asılı olduğundan prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin, istintaq və təhqiqat üzərində nəzarətinin effektivliyinin daha da artırılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Baş Prokurorluq üzrə 28 iyul 2010-cu il tarixli 10/70 nömrəli əmrlə bu sahədə prokurorluğun işinin müasir tələblərə uyğun daha yüksək səviyyədə qurulmasına və müvafiq sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılmasına tam zəmin yaradan yeni əmr imzalanaraq icraya yönəldilmişdir.

Keçən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsində iştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilmiş, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir.

Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir. Belə ki, 2000-2009-cu illər ərzində məhkəmə səhvlərinin aradan qaldırılması ilə əlaqədar prokurorluq tərəfindən 4442 protest verilmiş, 3127 şəxs barəsində verilmiş protest isə yuxarı məhkəmə tərəfindən təmin edilmişdir.

Ölkədə məhkəmə-hüquq islahatları uğurla və hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq davam etdirilərək əhalinin ədalət mühakiməsi vasitələrindən daha səmərəli istifadə etməsi üçün zəruri tədbirlər görülür. Bu sahədə həyata keçirilmiş vacib tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2010-cu il tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmə - Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" fərmanı xüsusi ilə qeyd edilməlidir. Fərmanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin və eyni zamanda Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələrinin təşkil edilməsi nəzərdə tutulmuşdur. Ağır cinayətlər məhkəməsinin aidiyyətinə cinayətlərin daha ağır növləri olan ağır və xüsusilə ağır cinayətlər aid edildiyindən bu işlər üzrə dövlət ittihamının müdafiəsinin daha səmərəli təşkil edilməsinə xüsusi önəm verilməklə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin tərkibində ağır cinayətlərə dair işlər üzrə məhkəmədə dövlət ittihamının müdafiəsi üzrə xüsusi şöbə yaradılaraq onun strukturu və ştat tərkibi təsdiq edilmişdir.

2010-cu ilin oktyabr ayının 1-də növbəti dəfə prokurorluq işçilərinin peşə bayramını qeyd edərkən biz prokurorluq işçiləri eyni zamanda ötən illərə nəzər salaraq xalq, cəmiyyət və dövlət qarşısında hesabat verməklə belə qənaətə gəlirik ki, ulu öndər Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirə ilə başlanmaqla on il ərzində prokurorluqda davam edən islahatlar prosesinin ilkin dövrünə yekun vurulub, prokurorluğun fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət edən yeni bir mərhələnin həyata keçirilməsinə başlanılmışdır.

10 il tarixi nöqteyi-nəzərdən elə də böyük müddət olmasa da, bu dövr ərzində prokurorluq sistemində görülmüş işlər baxımından yanaşdıqda çox böyük uğurlar və müvəffəqiyyətlər dövrü olmaqla işin səmərəliliyinə və əhəmiyyətinə görə bir neçə dəfə ondan çox dövrə bərabər olmuşdur. Əgər respublikamızın prokurorluq orqanlarının mövcudluğu dövrünü onilliklərə bölərək müqayisə etsək görərik ki, Azərbaycan Prokurorluğu son on il ərzində misli görünməmiş inkişaf yolu keçmişdir və bu inkişaf məhz həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur.

Respublikamızda prokurorluq orqanlarının ötən 10 il ərzində keçmiş olduğu inkişaf yolu barədə geniş ictimaiyyətə məlumat vermək məqsədilə "Azərbaycan Prokurorluğu: islahatlar və təkamül. 2000 - aprel - 2010." adlı böyük formatlı kitab nəşr edilərək geniş oxucu kütləsinə təqdim olunmuşdur.

Hazırda Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəaliyyətinin cənab İlham Əliyev tərəfindən irəli sürülən tələblərə müvafiq olaraq müasir dövrün standartlarına uyğun keyfiyyətcə yeni səviyyədə qurulması üçün çoxsaylı tədbirlərin həyata keçirilməsi işi uğurla davam etdirilir. Azərbaycan Prokurorluğunun kollektivi möhtərəm Prezidentin rəhbərliyi altında reallaşdırılan dövlətçilik siyasətini hərtərəfli dəstəkləyərək cənab İlham Əliyevin inamını və etimadını şərəflə doğrultmaq üçün əlindən gələni əsirgəməməklə dövlətçiliyimizin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində və xalqına xidmətdə yeni-yeni müvəffəqqiyyətlər qazanmağa çalışır və bundan sonra da bu istiqamətdə inamla fəaliiyyət göstərəcəkdir.

Bu gün hər bir prokurorluq işçisi Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 65-ci sessiyasındakı konseptual məzmunlu çıxışında ifadə olunmuş, ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmənin və sosial rifahın təmin edilməsinə, Qarabağ münaqişəsinin həllinə, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında roluna və digər məsələlərə dair dövlətin prinsipial mövqeyini tam dəstəkləyərək öz gündəlik fəaliyyətləri və əməyi ilə ölkəmizi daha da gücləndirməyə çalışır. Və bu ilk növbədə hər bir vətəndaşın öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək, Vətənə sədaqətlə xidmət etmək öhdəliyindən irəli gəlir. Cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində söylədiyi tarixi nitqində qeyd etdiyi "Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla" fəlsəfi mənalı sözləri prokurorluq işçilərinin həyat kredosuna çevrilmişdir.

 

 

Zakir QARALOV,

Azərbaycan Respublikasının

Baş prokuroru, I dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 5.