Tariximizin yaddaş daşıyıcıları

 

BMT Baş Məclisinin 1990-cı il 14 dekabr tarixli qərarı ilə hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün beynəlxalq səviyyədə qeyd olunmasının məqsədi yaşlı nəsli təmsil edən insanlara mənəvi dəstəyin göstərilməsi, gənc nəsildə ahıllara qayğının və diqqətin formalaşdırılmasının təmin edilməsidir. Hesablamalara görə, Azərbaycanda ahıllar əhalinin cəmi 4 faizini təşkil edir. Dünyada digər yaş qrupları ilə müqayisədə ahılların sayı daha sürətlə artır. BMT-nin Əhali Fondu belə hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə doğuş səviyyəsinin aşağı enməsi ahılların sayının artmasına səbəb olub.

BMT-nin digər məlumatlarında qeyd olunur ki, dünya əhalisinin hazırda hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. Əgər artım bu sürətlə gedərsə, 2050-ci ilin sonuna qədər fərq bir qədər də dəyişəcək.

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, dünya əhalisinin təqribən 80 faizi ahıl yaşlarında sosial müdafiədən kənarda qalıb. Azərbaycanda isə qocaların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Son statistikaya görə, ölkəmizdə ən yaşlı sakinlər cənub bölgəsində yaşayır. Belə ki, bu bölgədə yaşayan yüz yaşlıların sayı əhalinin 30 faizini ötür.

Biz cəmiyyətdə öz mövqeyimizi elə tənzimləməliyik ki, ətrafımızda baş verən proseslərin, yaşımızdan asılı olmayaraq, fəal iştirakçısına çevrilək. Təsadüfi deməyiblər ki, ömür də gedilən yola bənzəyir. Vaxt-vədə ötüşdükcə bu yolun hər üzünə bələd olursan. Gücünə, taqətinə güvənib ən çətin sınaqların dolaylarından ötürsən. Və bir də baxıb görürsən ki, ömür dediyin əmanət ayın, ötən illərin yaddaşına köçüb. Nə yaxşı ki o yaddaşda hər şey qorunur. Amma yaşın ahıllıq çağında başlayan hesabatı zərrə qədər də güzəşt sevmir. Ona görə ki, ahıllığın təsəllisi yalnız ötən illərin yaddaşına yazılan əməllərlə ölçülür. O yaddaşa güvənib ötən tariximizi - ömürdən qopan vaxtı, zamanı yaşadırıq. Nə yaxşı ki tarixin canlı yaddaş daşıyıcıları - ahıllar illərin rabitəsini bir-birinə calayır, bizi unutqanlıq bəlasından qoruyurlar. Onların ən adi tövsiyəsi çətin məqamların dəyərli əlacı kimi bizə kömək olur, yolumuzu aydınlaşdırır.

Cəmiyyəti düşündürən daimi problemlərdən biri də ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, sosial durumlarının yaxşılaşdırılmasıdır. Heç də təsadüfi deyil ki, BMT-nin İnkişaf Proqramında da son illər ərzində ahıllar problemi geniş yer tutur. Hələ 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin Ahıllar üzrə İkinci Ümumdünya Məclisi keçirilib və həmin beynəlxalq tədbirdə yaşlıların da cəmiyyətin bərabərhüquqlu vətəndaşı olduğu dönə-dönə qeyd olunub, onlara ehtiram göstərilməsi vacib sayılıb. Ad-sanı, nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə örnək olan ahıllar, bir qayda olaraq, böyük hörmətə layiqdirlər. Lap qədim zamanlardan ağsaqqala, müdrik insanlara hörmətlə yanaşmaq, onların fikirləri ilə hesablaşmaq qədərincə dəyərləndirilib. Qocaların, ahılların əsl sərvəti onların həyat təcrübəsidir. Ona görə də onları dinləmək, nəsihətlərinə əməl etmək bu sərvətə sahib olmaq qədər vacibdir.

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunmuşdu. Bu məsələyə ölkəmizdə də xüsusi diqqət yetirilir. 2001-ci ilin iyununda "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. 1993-cü ildən üzü bəri hər il oktyabr ayının 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Həmin günün keçirilməsində başlıca məqsəd ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq, ehtiyaclarını öyrənmək və onlara kömək etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Bizim bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Mən başda olmaqla bütün məmurlar xalqın xidmətindədirlər. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın". Əgər dövlət başçısı ölkə vətəndaşına, onun problemlərinə belə yüksək dəyər verirsə, xüsusən qocalara və ahıllara ehtiramla yanaşırsa, onların ən zəruri ehtiyaclarının ödənilməsinə təşəbbüskarlıq göstərirsə, deməli, hər bir məmur üçün əsl örnək və nümunə var. Belə bir yüksək nümunədən qədərincə faydalanmaq, dəyərlənmək isə hər bir vətəndaşın borcudur.

BMT-nin statistik məlumatlarına görə, dünyada 60 yaşlı insanların sayı durmadan artır. Elə bizim ölkəmizdə də hər 10 nəfərdən 1-i 60 və ondan yuxarı yaş kateqoriyasına aid edilir. Onların ən zəruri ehtiyaclarının, gündəlik problemlərinin öyrənilməsi və əməli tədbirlərin görülməsi isə ayrı-ayrı dövlət qurumlarının başlıca vəzifəsidir.

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2010.-1 oktyabr.- S. 8.