Dağıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevın adını daşıyan orta məktəbin güləş zalının təntənəlı açılış mərasimi keçirilmişdir

 

Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilati və maliyyə işləri üzrə vitse-prezidenti Babək Babayevin başçılığı ilə nümayəndə heyəti Dərbənd rayonunun Cemikənd kəndindəki Heydər Əliyev adına orta məktəbdə istifadəyə verilmiş güləş zalının açılış mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Dağıstan Respublikasında olmuşdur.

Nümayəndə heyətinə AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov, yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov, yığma komandaların baş məşqçiləri Saypulla Absaidov, Fərid Mansurov, güləşçilər Vitali Rəhimov, Mahmud Maqomedov və digərləri daxil idilər.

Dağıstan-Azərbaycan sərhədində nümayəndə heyətini Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov və digər rəsmi şəxslər qarşılamışlar.

Dərbənd rayon meriyasında keçirilən görüşdə Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov xalqlarımız arasında münasibətlərin inkişaf etdirilməsində idmanın rolunu yüksək qiymətləndirmişdır.

Sonra rayonun Cemikənd kəndində nümayəndə heyətinin iştirakı ilə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adını daşıyan orta məktəbin güləş zalının təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin məktəbin ərazisindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə açan Qurban Qurbanov qonaqları salamlayaraq məktəbə dünya miqyaslı siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsini ulu öndərin xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə misilsiz töhfəsinə minnətdarlıq əlaməti kimi səciyyələndirmişdir. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin Dağıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi naminə gördüyü işlər ölçüyəgəlməzdir.

Dağıstan Respublikası Güləş Federasiyasının prezidenti, maliyyə naziri Abdusamad Həmidov qeyd etmişdir ki, Heydər Əliyev təkcə Azərbaycanın dövlət başçısı deyil, həm də ölkənin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların siyasi lideri idi. Natiq məktəblilərə müraciətlə demişdir: "Siz "əla" və "yaxşı" qiymətlərlə oxumalısınız ki, Heydər Əliyevin ruhu şad olsun. Siz onun işlərini və ideyalarını davam etdirməlisiniz".

Yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasına çıxması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir. O, Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumat verərək, son illər idmançılarımızın, xüsusilə də güləşçilərimizin iştirak etdikləri bütün beynəlxalq yarışlardan Vətənə medallarla qayıtmalarını bu siyasətin bəhrəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan idmançıları onlara göstərilən diqqət və qayğını uğurları ilə doğrultmağa çalışırlar.

Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbin güləş zalının açılışını bildirən lent kəsilmişdir. Mərasim iştirakçıları ümummilli liderimizin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotostendlərə maraqla baxmışlar. Burada ulu öndərə həsr olunmuş kitablar, müxtəlif sənədlər də toplanmışdır.

Bildirilmişdir ki, Heydər Əliyev adına Cemikənd kənd orta məktəbində təhsil alan şagirdlər, eləcə də sakinlər muzeyə gələrək ulu öndərin zəngin irsini öyrənəcək, onun fəaliyyətinə dair videofilmlərə baxacaqlar.

Rusiyanın Dağıstan Respublikası Dərbənd rayonunun Cemikənd kəndində Heydər Əliyev adına orta məktəb 1996-cı ildə tikilmişdirilk gündən də ulu öndərin adını şərəflə daşıyır.

 

 

Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 4.