Jurnalistikamızın tanınmış nümayəndəsi Şamil Şahməmmədovun 75 illik yubileyi qeyd edilmişdir

 

Oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Şamil Şahməmmədovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Şuranın sədri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, tanınmış yazıçı-publisist Yusif Kərimov, Azərbaycan Dövlət Teleqraf Agentliyi baş direktorunun müavini Dağbəyi İsmayılov və başqaları Ş.Şahməmmədovun peşəkar publisist, tərcüməçi, redaktor kimi xidmətlərindən danışmışlar.

Qeyd edilmişdir ki, Ş.Şahməmmədov jurnalist fəaliyyətinə hələ Bakı Dövlət Universitetinin tələbəsi olarkən başlamışdır. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə qəbul edilmişdir. Jurnalistika sahəsindəki 45 illik fəaliyyətinin 32 ilini "Bakı" və "Baku" qəzetlərinin redaksiyasında keçirən istedadlı qələm sahibi burada müxbirlikdən baş redaktor vəzifəsinədək yüksəlmişdir. Sonradan keçmiş "Kommunist" qəzetində baş redaktor müavini, uzun müddət AzərTAc-da baş direktorun müavinibaş direktor vəzifələrində çalışmışdır.

Bakıda 60-70-ci illərin ən möhtəşəm tikintilərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazmışdır. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının "Azərbaycan" ədəbi-bədii jurnalında dərc olunmuşdur.

Azərbaycan futbolundan yazmaq, onun inkişafına kömək edə biləcək təhlillər aparmaq əsl jurnalist kimi Şamil Şahməmmədovu daim düşündürmüşdür. Onun iyirmi il ərzində "idman jurnalisti" kimi "Kommunist", "Ədəbiyyat və incəsənət", Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə "Ulduz" jurnalında onlarla futbol icmalları dərc olunmuşdur. "İşıq" nəşriyyatı onun "Neftçi" futbol komandasından bəhs edən "Neftçi" kitabını çapdan buraxmışdır. Şamil Şahməmmədov həm də ədəbi-bədii tərcümələri ilə oxucuların diqqətini cəlb etmişdir.

Milli mətbuatımızın inkişafında böyük xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir. "Şöhrət" ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifinə layiq görülən ilk jurnalistdir. O, həmçinin Prezident təqaüdçüsüdür.

Sonda tədbirin iştirakçılarına minnətdarlığını bildirən Şamil Şahməmmədov bu gün ölkəmizdə jurnalistikanın inkişafı naminə görülən işləri yüksək qiymətləndirmişdir. Yubilyar qələm adamlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə yubilyara xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 7.