TRT Avaz - türk dünyasına körpüdür

 

Eyni dilə, ənənə və dəyərlərə malik olan türk alqları arasında əlaqələrin daha da yaxşılaşdırılması, vahid ideya və həmrəyliyə söykənən münasibətlərin qurulması tarixi zərurətə çevrilib.

 

 Onuncu dəfə bu ilin sentyabrında bir araya gələn türkdilli dövlətlərin başçıları bu zərurətin reallığa çevrilməsi üçün növbəti mühüm addımlardan birini atdılar. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid mövqedən çıxış etməsi, ermənilərə və digər antitürk qüvvələrə qarşı birgə mübarizə aparması artıq günün tələbidir.

Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə, münasibətlərin daha da yaxşılaşdırılmasına xarici siyasətimizin ən mühüm faktorlarından biri kimi baxır. Ümumtürk birliyinin yaradılması dünyada baş verən siyasi proseslərə, müxtəlif kataklizmlərə türk xalqlarının adekvat imkanlarını qat-qat artırır. 2006-cı ilin sentyabrında Ankarada keçirilən Türkdilli dövlətlərin və toplumların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Prezident İlham Əliyev bu problemə toxunaraq qeyd etmişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirikhiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".

Ötən il Naxçıvanda keçirilən IX Zirvə toplantısı türk xalqlarının birliyi yolunda yeni qərarların qəbul olunması ilə yadda qaldı. Artıq Türkdilli xalqların Parlament Assambleyasının (Türk PA) birinci plenar iclası keçirilmişdir. Türk PA-nın Baş katibliyi də yaradılmışdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Bu qurumun yaradılması ümumtürk mədəniyyətini, dil və ənənələri yaşatmaqdaha da yaxınlaşdırmaq, türk dünyasının ən mühüm problemlərinin həllinə eyni mövqedən yanaşmaq nöqteyi-nəzərindən olduqca mühümdür.

Qazaxıstan, Türkmənistan, Qırğızıstan və digər türk ölkələrini və toplumlarını əhatə edən müxtəlif işlək qurumların yaradılması, müştərək tariximizin, mədəniyyətimizin öyrənilməsi işinə başlanması da mühüm hadisələrdəndir.

Bu mənada TRT Avaz kanalının yaradılması artıq türk dünyası üçün əlamətdar bir hadisəyə çevrilib. Bu telekanalın fəaliyyətə başlanması uzaq türk dünyasının bir-birinə bağlanması, yaxınlaşması, bir-birini daha yaxından görüb tanıması nöqteyi-nəzərindən də vacib və əhəmiyyətlidir. İndi bütün dünyaya yayımlanan, ayrı-ayrı türk ellərini əhatə edən doğma bir televiziya kanalı var.

Bu kanaldan hər gün türkün doğma simasını görmək, tanış səsini eşitmək mümkündür. Artıq Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Krım, Tatarıstan, Başqırdıstan və digər ərazilərdə məskunlaşmış türk xalqlarının özünəməxsus mədəniyyətini, tarixini əks etdirən proqramlar TRT Avaz vasitəsilə bütün dünyaya nümayiş etdirilir.

Azərbaycan tarixini, mədəniyyətini əks etdirən proqramlara da bu kanalda geniş yer ayrılır. İctimai televiziyanın TRT Avazla birgə hazırladığı telekörpülər, mübadilə proqramları hər iki ölkədə, eləcə də digər türk toplumlarında maraqla izlənilir. Bundan əlavə, uşaqlarla, gənclərlə bağlı müxtəlif verilişlər də TRT Avaz tamaşaçılarının rəğbətini qazanıb.

Belə proqramlardan biri Azərbaycanda hazırlanan "Bizim uşaqlar" verilişidir. Uşaqların da, böyüklərin də sevə-sevə izlədikləri bu proqram artıq dünyanın hər yerində özünə böyük auditoriya toplaya bilib. Proqramda müxtəlif yaş dövrlərinə məxsus uşaqların ayrı-ayrı sahələrdə - idmanda, təhsildə, mədəniyyətdə atdığı uğurlu addımlar tamaşaçılara təqdim olunur. Xüsusilə, son vaxtlar respublikamızın müxtəlif bölgələrindən - Ağcabədi, Beyləqan, Saatlı, İsmayıllı, Oğuz, Abşeron və digər rayonlarımızdan hazırlanan proqramlar tariximizi, mədəniyyətimizi, eləcə də əsrarəngiz təbiətimizi dünyaya göstərmək baxımından da əhəmiyyətlidir.

Proqramda tez-tez dünyagörmüş ahıl insanlara, onların gənclərə, uşaqlara nümunə olacaq ömür yoluna da müraciət olunur. Yaradıcı heyətin, xüsusilə, aparıcı kimi balaca Nərminin proqramın daha baxımlı olmasında, sevilib-seçilməsində zəhməti böyükdür. TRT Avaz ilə gözəl yaradıcılıq münasibətlərinə malik olan bu qrup digər layihələr üzərində də çalışmaqdadır. Ümid edirik ki, həyatımızın, mənəviyyatımızın müxtəlif sahələrinə toxunan belə proqramları türk televiziyalarından hələ çox izləyəcəyik.

Prezident İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarını X Zirvə toplantısında çıxış edərkən demişdir: "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zənzəgur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyükgüclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkmələndirək".

Belə bir söz var: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Bu mənada əlimiz çatmayan uzaq türk ellərini həm görmək, həm eşitmək, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından TRT Avazın rolu əvəzsizdir. Arzu edirik ki, bütün dünyaya uzanan bu mənəviyyat körpüsü daha da böyüsün, ordan keçən insanların, xalqların ürək səsləri həmişə eşidilsin.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 7.