Qadına hörmət hər bir sağlam cəmiyyətdə tərəqqinin mühüm şərtlərindəndir

 

İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünövrəsi sayılan qadınlar fəal sosial zümrə kimi bu gün təkcə mənsub olduqları xalqlara deyil, ümumən bəşəriyyətə xas yüksək idealları, ali dəyər və keyfiyyətləri özlərinin zəngin mənəvi dünyalarında yaşadırlar. İnsanlığın daim can atdığı sülh, sabitlik, tərəqqi və firavanlıq kimi məqsədlər naminə uzun əsrlər boyu kişilərlə çiyin-çiyinə çalışan, ən çətin anlarda onlara mənəvi dayaq olan qadınlar taleyin sərt qismətindən tarixən həm də öz təbii və qazanılmış hüquqları uğrunda mübarizə aparmalı olmuşlar.

 

Sağlam cəmiyyətin sütunu

 

Gender bərabərliyi uğrunda hərəkat ötən əsrdən etibarən bütün dünyanı əhatə etməyə başlamışdır. Qadınlar eyni zamanda ailədə öz hüquqlarının məhdudlaşdırılması, cinsi zəmində ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmaları ilə heç cür barışa bilməmişlər. Əsrlər bir-birini əvəzlədikcə daha geniş miqyas alan, böyüyən bu mübarizə XX əsrdə özünün pik nöqtəsinə çatmışdır: mühüm tarixi hadisələrlə yadda qalan, insanlığın minilliklərə bərabər təkamül və inkişaf yolunu özündə ehtiva edən ötən əsri bu mənada gender bərabərliyi uğrunda fəal mübarizə mərhələsi kimi də səciyyələndirmək olar. Böyük fəlakətlərə yol açmış İkinci Dünya müharibəsindən sonra aparıcı dünya dövlətlərinin insan hüquqları probleminə daha ciddi yanaşması, bu prosesə fəaliyyəti ilə mühüm töhfələr verən BMT, ATƏT, Avropa Şurası kimi qurumların yaranması nəticə etibarilə qadınların kişilərlə bərabər hüquqlar əldə etməsi uğrunda hərəkatın genişlənməsinə səbəb olmuşdur.

Müasir dünya insan hüquq və azadlıqlarının təmini sahəsində yüksək nəticələri ilə öyündüyü günlərdə gender bərabərliyi uğrunda mübarizənin xüsusi aktuallıq kəsb etməsi isə paradoksal haldır. Gender bərabərliyi dedikdə, qadınların kişilərlə eyni siyasi, mədəni, sosial, iqtisadi hüquqlara malik olması nəzərdə tutulur. Və təəssüflər olsun ki, hələ bir çox ölkələr bu məqsədləri de-fakto reallaşdıra bilməmişlər. Əksər dövlətlərdə qadın hüquqları konstitusiyaqanunlarla qorunsa da, müşahidələr göstərir ki, gender bərabərliyini cəmiyyətdə praktik surətdə tam gerçəkləşdirmək mümkün olmamışdır. Bu üzücü reallıqlar BMT kimi nüfuzlu beynəlxalq təşkilatın rəsmi hesabatlarında da dəfələrlə etiraf edilir, qadın hüquqlarının de-fakto təminatında bəzən müəyyən arxaik təsəvvürlərin, mental xüsusiyyətlərin, ziyanlı ənənələrin neqativ baryerə çevrildiyi vurğulanır. Gender probleminə xüsusi diqqət çəkən bu hesabatlarda qeyd olunur ki, hazırda dünyada vaxtının üçdə iki hissəsi qadınların payına düşür. Onlar bütün ölkələr üzrə məhsulların 50 faizini istehsal etsələr də, gəlirləri ümumi qazancın cəmi 10 faizini, dünya mülkiyyətinin isə 1 faizdən azını təşkil edir. Hazırda dünya üzrə parlament yerlərinin 14 faizini, nazir vəzifələrinin isə 8 faizini qadınlar tutur. Qadınlar arasında ölümün və bədən xəsarətlərinin səbəbləri sırasında isə gender zorakılığı xüsusi yer tutur. Gender zorakılığı ictimaiya şəxsi həyatda qadınlara fiziki, psixoloji ziyaniztirab verən hərəkətləri ifadə edir. Nə qədər təəssüfdoğurucu fakt olsa belə, gender zorakılığı müasir dünyada 15-44 yaşlı qadınlarda ölümün və əlilliyin səbəbləri arasında ən yüksək göstəricilərdən biridir. Belə zorakılıqlar isə əsasən kişi və qadınlar arasında qeyri-bərabərliyin olması nəticəsində baş verir.

Qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacibdir. Güclü qadın ilk növbədə ana kimi övlad dünyaya gətirməklə yanaşı, onun mənəvi tərbiyəsində, cəmiyyət üçün layiqli insankamil şəxsiyyət kimi yetişməsində, dünyaya yetkin baxışının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi ilk növbədə sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması baxımından vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir.

Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının 2010-cu ilin mayında məhz Bakı şəhərində keçirilməsi isə müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə imza atmış sivil dövlətlər sırasında olduğunu göstərir. "Gender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda konfransın yekunları deməyə əsas verir ki, respublikamız qadın hüquqlarının praktik şəkildə reallaşdırılması baxımından heçinkişaf etmiş dövlətlərdən geri qalmır, bəzi hallarda hətta onları üstələyir.

 

Qadınlara yüksək ehtiram nümunəsi

 

Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatımızdan keçən mürəkkəb illər qadınlar qarşısında yeni məqsəd və vəzifələr müəyyənləşdirirdi: ulu öndər Heydər Əliyevin 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə cəmiyyətdə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, cəmiyyət həyatının müxtəlif sferalarında köklü islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında ictimai fəallığın artırılması istiqamətində görulən işlər həm də qadınların ictimai-siyasi həyatdakı rolunun artırılmasını tələb edirdi. Bu reallıqları nəzərə alan ümummilli lider Heydər Əliyev qadınların ictimai-siyasi həyata transformasiyasını, dövlət idarəçiliyində layiqli təmsilçiliyini, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmalarını prioritet vəzifələr kimi müəyyənləşdirmişdir. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüquqlarını təsdiqləməklə yanaşı, onların demokratik dövlət quruculuğu prosesində fəal iştirakına fundamental hüquqi zəmin yaratmışdır.

Əsas Qanunun qəbulundan sonra dövlətin qadın hərəkatına himayədarlığı xeyli artmış, respublikamızda qadın problemləri institusional səciyyə daşımağa başlamışdır. 1995-ci ildə isə respublikamız BMT-nin "Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv olunması haqqında Konvensiya"sını qəbul etmişdir. Həmin il Pekin konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi müxtəlif konfranslar keçirmiş, təhlillər, tədqiqatlar aparmış, bunun əsasında Pekin konfransına ümummilli məruzə hazırlanıb təqdim olunmuşdur. 1995-ci ildə Azərbaycan qadınları həmçinin IV Ümumdünya qadınlar konfransında iştirak etmişlər.

Respublikada gender siyasətinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hələ 1998-ci il 14 yanvar tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin əsas vəzifəsi qadınların hüquqlarının qorunması, onların ölkənin sosialsiyasi həyatında iştirak imkanlarının artırılmasıdır. 1998-ci ildə ilk qurultaylarını keçirən Azərbaycan qadınları cəmiyyətin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirmişlər. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi isə gender bərabərliyinin təmini baxımından mühüm addım olmuşdur. Bu proqram həm də birbaşa olaraq Azərbaycan Respublikasının qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır.

 

Cəmiyyətin fəal sosial zümrəsi

 

Ötən 15 ildə Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı 142 sənəd imzalanmışdır. 2010-cu il mayın 25-də isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilmişdir. Hər bir cəmiyyətin əsasını ailə təşkil etdiyindən, sağlam ailələrin çoxluq təşkil etməsi, bu müqəddəs ittifaqda məişət zorakılığına yer olmaması hamının marağındadır.

Azərbaycan Respublikası Konstitusiyası gender bərabərliyini tam təmin etməklə yanaşı, insanlara zor və işgəncə tətbiqini birmənalı qadağan edir. Konstitusiyanın 46-cı maddəsinin üçüncü hissəsində deyilir: "Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz". BMT-nin 10 dekabr 1984-cü il tarixli "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"sını hələ 31 may 1996-cı il tarixdə ratifikasiya etmiş respublikamız belə hallara qarşı birmənalı barışmaz mövqeyini nümayiş etdirmişdir.

Son 15 ildə Azərbaycanda qadınların dövlət qurumlarında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz bu sahədəki liberal siyasətin nəticəsidir. Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkədə çoxsaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət göstərən bu qurumların əsas məqsəd kimi Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli və digər vacib məsələləri önə çəkmələri də bu ictimai-siyasi fəallığın bariz təcəssümüdür.

2003-cü ildən ölkədə qadın siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Respublikada həyata keçirilən qadın siyasəti bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını zəruri etmişdir. 2006-cı ildə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu bu sırada xüsusi vurğulana bilər. Qanuna əsasən, dövlət cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını öhdəlik kimi üzərinə götürür. Kişilərlə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında, qərarların qəbulunda bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi də qanunda ciddi tələb kimi önə çəkilmişdir. Eyni zamanda, işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir.

Azərbaycan qadınlarının 2009-cu il sentyabrın 26-da keçirilmiş III qurultayı da ölkənin ictimai-siyasi həyatında mühüm siyasi hadisə kimi tarixilik qazanmış, bu təbəqənin cəmiyyətdəki layiqli yerinin, mühüm proseslərə fəal müdaxilə imkanlarının təcəssümü olmuşdur. Qurultayda respublikada son beş il ərzində qadın hərəkatının inkişafı sahəsində görülən işlərə yekun vurulmuş, gender bərabərliyinin möhkəmləndirilməsi üzrə dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Qurultayda həmçinin Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət, habelə yekun qətnamə qəbul olunmuşdur. Qurultayda həmçinin regionlarda qadın hərəkatının inkişafı problemlərinə xüsusi diqqət ayrılmış, ölkənin nisbətən daha ucqar regionları ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi önə çəkilmişdir.

Respublika qadınlarının ictimai-siyasi həyatda rolunun gücləndirilməsi, gender bərabərliyinin təşviq edilməsi, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd stereotiplərin aradan qaldırılması prosesində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da fəal iştirak edir. Mehriban xanım Əliyeva hələ 2008-ci ildə Bakıda YUNESKO-nunİSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumundakı dərin məzmunlu çıxışında demişdir ki, bu gün dünyada mövcud olan qadın təşkilatları bir çox problemləri birgə həll edir, mühüm aksiyalar həyata keçirir və qadının cəmiyyətdəki mövqeyini yaxşılaşdırmağa çalışırlar. Məhz bu baxımdan hazırda feminizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində əsas yükü öz üzərinə götürməlidir. Dünyanın nüfuzlu, böyük təcrübəyə malik olan qadın təşkilatlarını bu sahədə daha fəal olmağa çağıran Mehriban xanım Əliyeva birinci xanımların öz ölkələrində elmə, mədəniyyətə və təhsilə xüsusi diqqət yetirdiklərini, çoxsaylı layihələr həyata keçirdiklərini, müxtəlif humanitar təşəbbüslər üçün xeyli gücenerji sərf etdiklərini razılıqla vurğulamışdır.

2010-cu ilin mayında Bakıda təşkil olunmuş "Gender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda beynəlxalq konfrans da gender məsələlərinin müzakirəsi və mövcud problemlərin həllinə yanaşmaların düzgün müəyyənləşdirilməsi baxımından son dərəcədə faydalı müzakirələrlə yadda qalmışdır. Faydalı diskussiyalarla yadda qalan konfrans həm də gender bərabərliyi məsələsində dialoqqlobal təcrübə mübadiləsinə imkan yaratmışdır. Dövlətin qadın siyasətini yeni dövrün tələblərinə uyğunlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atan dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciəti də bu baxımdan yüksək qiymətləndirilməlidir. "Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosialictimai həyatının bütün sahələrində fəal iştirak etməklə real gender bərabərliyinə nail olunması üçün qüvvələrini əsirgəmirlər", - deyə müraciətdə vurğulanır.

Şübhəsiz, bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə də təsirsiz keçmir. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız indi dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə öz layiqli töhfələrini verirlər. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq onların bərabər hüquqlarını və bərabər imkanlarını təmin edir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.-3 oktyabr.- S. 7.