Mədəni əməkdaşlığın yeni töhfəsi

 

 Sentyabrın sonlarında İran İslam Respublikasında Azərbaycan mədəniyyət günləri keçirildi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra qonşu ölkədə belə bir tədbir ilk dəfə idi ki baş tuturdu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran və Təbriz şəhərlərində zəngin proqramla çıxış edib.

Mərasimin təntənəli açılışından öncə Əbülfəs Qarayev İran Prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi ilə görüşüb. Söhbət əsnasında İranda keçirilən Azərbaycan mədəniyyət günlərinin əhəmiyyətindən, qarşılıqlı mədəniyyət mübadiləsinin rolu, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri - kitab nəşri, kino, nəşriyyat işi, incəsənət xadimlərinin qastrollarının və sərgilərinin təşkili, eləcə də digər əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparılıb. İki ölkə arasında 2013-cü ilə qədər mövcud olan mədəni əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəlinib. İran və Azərbaycanın birgə film istehsalı ilə bağlı məsələ də öz həllini tapıb. Söhbət zamanı hər iki ölkə klassiklərinin əsərlərinin həm Azərbaycan, həm də fars dilində nəşr olunub yayılması barədə də razılıq əldə edilib.

Növbəti görüşlərin biri də İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyniİran Prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bədayi ilə olub. Söhbət zamanı bildirilib ki, qarşılıqlı mədəni tədbirlərin əsrlər boyu qonşuluqda yaşamış xalqlarımızın daha sürətlə bir-birinə yaxınlaşması prosesinə böyük töhfə olacaq. İran rəsmiləri tərəfindən vurğulanıb ki, belə görüşlərin keçirilməsi münasibətlərin yüksək səviyyədə qurulmasında xüsusi əhəmiyyət daşıyır. Bu il İranda keçirilmiş "Fəcr" beynəlxalq kinoteatr festivallarında Azərbaycan tərəfinin fəal iştirakı təqdir edilib. Eləcə də xalqlarımızın ortaq bayramı olan Novruzun YUNESKO-nun İrs siyahısına düşməsi və onun təntənəli şəkildə qeyd edilməsi hər iki xalq tərəfindən xoş təəssüratlara səbəb olub.

İranda keçirilən Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı Tehran şəhərindəki "Niyavəran" mədəniyyət sarayında olub. Mərasimdə İran rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Təntənəli mərasim müqəddəs Qurani-Kərimdən surə oxunması ilə başlanıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. İlk söz Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verilib. Nazir çıxışında müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olan Azərbaycan və İran xalqlarının qədimdən gələn dostluq münasibətlərindən, eləcə də dövlətlər arasında yaranan etimadın möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Əbülfəs Qarayev bildirib ki, bu mehriban qonşuluq və səmimi dostluq siyasəti indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyniİran Prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi çıxış edərək ölkələrimiz arasındakı mədəni əlaqələrin tarixindən danışıblar. Söyləyiblər ki, mədəni münasibətlərin inkişafı xalqlarımızın olduqca qədim və müasir mədəniyyətinin, dövlətlərimizin qüdrətinin nümayişidir.

Rəsmi hissə başa çatdıqdan sonra mədəniyyət günlərinin ilk təqdimatı Azərbaycan incəsənət ustalarının geniş konsert proqramından ibarət oldu. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə vokalçılar - əməkdar artistlər Samir Səfərov, Anar Şuşalı Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər. Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov Azərbaycan muğamlarını və xalq mahnılarını özlərinə məxsus tərzdə məharətlə ifa etdilər. Onların birlikdə oxuduğu "Qarabağ şikəstəsi"ni tamaşaçılar ayaqüstə alqışladılar. Gözəl səsləri və muğamlarımızın qüdrəti ilə ürəkləri fəth edən xanəndələrimizi tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov, udda Mircavad Cəfərov müşayiət ediblər. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kişilərdən ibarət rəqs qrupu "Toy", "İgidlər", "Çobanlar" və başqa rəqsləri məharətlə nümayiş etdirərək bitkin kompozisiya qurublar. Aşıq Nemət Qasımovun gecəyə qatdığı saz havasının başqa ovqatı olub. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının məharətinə və istedadına bir daha heyran qalıblar.

Mədəniyyət günlərinin proqramı zəngin və geniş olduğundan Tehrandan başlanan mərasimin bir hissəsi də Təbriz şəhərində davam etdirilib. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları ilə yanaşı, Azərbaycan filmlərinin nümayişi də diqqət çəkib. İran tamaşaçıları Elçin Musaoğlunun "40-cı qapı" bədii filminə, Şamil Əliyevin "İz...EQala", Emil Mirabdullayevin "Azərbaycan muğamı", Ziya Şıxlinskinin "Azərbaycan musiqisi" adlı sənədli filmlərinə maraqla tamaşa ediblər.

Təbriz şəhərində keçirilən mədəniyyət günlərində nazir Əbülfəs Qarayev İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşüb. Bir məsələ də önəmlidir ki, Azərbaycan nümayəndə heyəti tədbirdən sonra Təbrizdəki "Şairlər məzarlığı"nı, o cümlədən ustad Məmmədhüseyn Şəhriyarın qəbrini ziyarət ediblər.

İran İslam Respublikasında keçirilən Azərbaycan mədəniyyət günlərinin bağlanışı da Tehran şəhərində olub. Azərbaycan incəsənət ustaları bu dəfə də zəngin konsert proqramı ilə tamaşaçıları məftun ediblər. Şair Taleh Həmid və Adil Cəmil xalq, vətən haqqında şeirlər oxuyublar. Konsert proqramı görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin ustad şair Səməd Vurğunun sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı ilə yekunlaşıb. Tamaşaçılar bu mahnını da ayağa qalxaraq musiqi kollektivi ilə birlikdə oxuyublar.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun bizə verdiyi məlumata görə, istər Tehranda, istərsə də Təbrizdə keçirilən mərasimlərdə soydaşlarımız çox fəal iştirak ediblər. Tamaşaçılar vətən haqqında, Azərbaycanla bağlı mahnılarını, xüsusən də "Qarabağ şikəstəsi"ni heyranlıqla alqışlayırdılar. Bu, adi konsert yox, sanki uzun illərin həsrətinə son qoyan bir vüsal görüşü idi! Əlbəttə, xalqlar arasında mədəni əməkdaşlığın möhkəm qurulmasında bu səpkili tədbirlərin hazırlanıb həyata keçirilməsi çox vacibdir. Təqdirəlayiq haldır ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan mədəniyyəti qanadlarını geniş açaraq ölkələri dolaşmaqdadır. Bir tərəfdən həm respublikamızda müntəzəm olaraq beynəlxalq musiqi festivalları keçirilir, dünyanın müxtəlif qitələrindən vətənimizə məşhur incəsənət ustaları gəlirlər. Digər tərəfdən də Azərbaycan mədəniyyəti dünyanı dolaşaraq yeni zirvələr fəth edir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 7.