Özbəkistanın milli bayramı şərəfinə

 

Oktyabrın 6-da Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.

Azərbaycanın dinamik inkişafını xüsusi qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu demişdir.

Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, özbək xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. O xatırlatmışdır ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri vardır.

Prezident İlham Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayan Y.Eyyubov qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 5.