"Kaspi" Təhsil Mərkəzi azərbaycanlı tələbələrə ABŞ universitetlərində MBA proqramı üzrə təhsil almaq imkanı yaradır

 

Oktyabrın 7-də "Park İNN" hotelində Azərbaycanın "Kaspi" Təhsil Mərkəzi və ABŞ-ın "Stady in America" ("Amerikada təhsil al") Beynəlxalq Tələbə Şirkətinin təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının universitetlərində MBA proqramı üzrə təhsil almaq arzusunda olan azərbaycanlı tələbələrlə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, "MBA proqramının qazanılması: ekspertlərin məsləhəti" mövzusunda keçirilən tədbirdə "Kaspi" Təhsil Mərkəzinin əməkdaşları, azərbaycanlı tələbələrlə yanaşı, ABŞ-ın 4 nüfüzlu universitetinin MBA proqramı üzrə ekspertləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva açaraq qonaqları və tələbələri salamlamış, görüşün məramı, həmçinin rəhbərlik etdiyi mərkəzin xarici tərəfdaşlarından biri olan ABŞ-ın "Stady in America" Beynəlxalq Tələbə Şirkəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, "Stady in America" şirkəti təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünyada təhsil sahəsində ən nüfuzlu qurumlardan biridir. ABŞ-da demək olar ki, bütün universitetlərlə əlaqəsi olan bu şirkət beynəlxalq tələbə mübadiləsində də böyük rol oynayır.

"Stady in America" Beynəlxalq Tələbə Şirkətinin prezidenti Tamer Türkmanın bugünkü görüşdə iştirak etməsindən məmnunluq duyduqlarını deyən S.Vəliyeva bunun təhsil sahəsində ABŞ - Azərbaycan əlaqələrinin daha da genişlənməsinə yeni töhfə verəcəyinə əmin olduğunu bildirmişdir. O, görüşdə dünyanın ən məşhur universitetlərindən olan ABŞ-ın dörd nüfuzlu ali təhsil müəssisəsinin MBA proqramı üzrə aparıcı ekspertlərinin iştirakını da yüksək qiymətləndirmişdir.

S.Vəliyeva demişdir ki, "Stady in America" şirkətinin bizi özünə tərəfdaş seçməsində "Kaspi" Təhsil Mərkəzinin üstünlüklərinin böyük rolu olmuşdur. Bu şirkət "Kaspi" Təhsil Mərkəzində bütün proqramlar üzrə tələbələrin hazırlanması, həmçinin onların sənədlərinin tərtibi ilə bağlı böyük bir proqram yerinə yetirir.

"Kaspi" Təhsil Mərkəzinin rəhbəri diqqətə çatdırmışdır ki, "Stady in America" şirkəti mərkəzin növbəti təhsil tərəfdaşıdır. Mərkəz bundan əvvəl fəaliyyət göstərdiyi qısa müddət ərzində, yəni son üç ildə dünyanın 60-dan artıq universiteti ilə tərəfdaşlıq əlaqələri yaratmışdır.

S.Vəliyeva görüşdə iştirak edən tələbələrə müraciətlə demişdir ki, "Stady in America" şirkətini və "Kaspi" Təhsil Mərkəzini seçməkdə yanılmayacaqsınız. Siz əgər "Kaspi" Təhsil Mərkəzini seçəcəksinizsə və onun vasitəsilə "Stady in America" şirkətinin və universitetlərlə əlaqə yaratmaq istəyəcəksinizsə, bu əlaqələrin sırasına bugünkü tədbirdə iştirak edən dörd universitetdən əlavə Birləşmiş Ştatların daha 25 universiteti daxil olacaqdır. "Kaspi" Təhsil Mərkəzi sizin təhsil proqramlarınızın həyata keçməsinə, yəni yüksək bal toplayaraq dünyanın nüfuzlu universitetlərində oxumağınıza yardımçı olacaqdır.

"Kaspi" Təhsil Mərkəzinin təsisçisi bugünkü görüşün məhsuldar keçəcəyinə, tədbirdə iştirak edən gənclərin ABŞ-ın nüfuzlu universitetlərinin ekspert qrupundan dəyərli məsləhətlər alacaqlarına əmin olduğunu bildirmiş, bütün iştirakçılara təşəkkür etmişdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirmişdir ki, bu gün "Kaspi" Təhsil Mərkəzi tələbə mübadiləsi proqramı çərçivəsində çox əhəmiyyətli bir görüş keçirir. "Stady in America" şirkətinin nümayəndələrini və ABŞ-ın çox nüfuzlu universitetlərinin ekspertlərini Azərbaycana dəvət etməklə "Kaspi" Təhsil Mərkəzi azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil almalarını daha da asanlaşdırmaq və onları bu işə istiqamətləndirmək kimi nəcib məqsəd güdür.

Bunun üçün Təhsil Nazirliyi adından "Kaspi" Təhsil Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirən nazir müavini Azərbaycan dövlətinin istedadlı gənclərin xarici ölkələrdə təhsil almalarına mühüm əhəmiyyət verdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu sahədə həyata keçirilən müvafiq Dövlət Proqramı çərçivəsində hazırda 800-ə yaxın azərbaycanlı tələbə dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil alır.

E.Qasımov demişdir ki, azərbaycanlı tələbələrin hazırlıq keçmədən xarici ölkələrdə təhsil almaları müəyyən problemlər yaradır. Ona görə də hazırlıq mərhələsinin Azərbaycanda keçirilməsi daha məqsədəuyğundur və bu işin uğurla reallaşdırılmasında "Kaspi" Təhsil Mərkəzi mühüm rol oynayır. Bildirmişdir ki, hazırlıq mərhələsində ilk növbədə dil hazırlığı mühüm əhəmiyyət kəsb edir.

Təhsil Nazirliyinin mərkəzin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən E.Qasımov bugünkü tədbirin xaricdə təhsillərini davam etdirmək arzusunda olan tələbələrin öz məqsədlərinə nail olmalarına şərait yaradacağına əminliyini vurğulamış, görüş iştirakçılarına uğurlar arzulamışdır.

Sonra tədbir təhsillərini Amerika universitetlərində MBA proqramı üzrə davam etdirmək arzusunda olan tələbələrin bilik səviyyəsini yoxlamaq üçün ingilis dilində davam etdirilmişdir. "Stady in America" Beynəlxalq Tələbə Şirkətinin prezidenti Tamer Türkman, Bakıdakı Xəzər Universitetinin rektoru Con Rayder, ABŞ universitetlərindən gəlmiş Debora Riqer, Keyt Voqn, Şandra Cons, Darya Zarubina çıxış edərək Amerika universitetlərində MBA proqramı üzrə magistr təhsilinə yiyələnmək üçün mövcud olan şərtləri şərh etmiş, tələbələrin suallarını cavablandırmışlar.

 

 

Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 3.