Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Oktyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılmışlar.

AQUPDK-nın və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri əvvəlcə İkinci Fəxri xiyabana gələrək XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad etmiş, məzarı üzərinə əklillər və gül dəstələri qoymuşlar.

İqtisadi İnkişaf Nazirliyinin akt zalında davam edən tədbiri AQUPDK-nın sədri Hicran Hüseynova açaraq bildirmişdir ki, belə bir müsabiqənin keçirilməsi qərarına gəlməyimiz Aida İmanquliyevanın xatirəsini onun adına və yerinə yetirdiyi şərəfli missiyaya layiq şəkildə qeyd etmək istəyindən yaranmışdır. Aida xanım o qədər qeyri-adi, təkrarsız şəxsiyyət olmuşdur ki, onun adı ilə bağlı hər hansı bir tədbir dərin məna və məzmunu ilə seçilməlidir.

AQUPDK-nın sədri bildirmişdir ki, komitənin "Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi - tədqiqat əsəri" mövzusunda artıq ikinci dəfə keçirdiyi müsabiqə ölkəmizdə şərqşünaslıq elminin inkişafına əlavə təkan verəcəkdir. Bu il müsabiqənin münsiflər heyətinə 20-dən artıq təqdim edilmişdir. Bu gün onların arasından seçilmiş üç ən yaxşı işin müəllifi mükafatlandırılacaqdır.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və akademik Vasim Məmmədəliyev AQUPDK-nın keçirdiyi müsabiqənin gənc şərqşünas alimlər arasında ərəb dilinə, ədəbiyyatına marağı daha da artıracağını söyləmişlər.

Natiqlər Aida İmanquliyevanın bu gün də aktuallığını itirməyən zəngin elmi irsindən danışmış, onun mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etdiyini, şərqşünaslıq elmində silinməz iz qoyduğunu bildirmişlər. Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətidir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikirsöz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını etmışdir. Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər görmüşdür.

Çıxış edənlər bildirmişlər ki, bu gün ölkəmizin hər yerində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. On səkkiz il əvvəl dünyasını dəyişmiş Aida xanım keçdiyi 53 illik ömür yolunda həm alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş, həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan xanımına örnək bir tale yaşamışdır.

Vurğulanmışdır ki, AMEA-nın Şərqşünaslıq İnstitutu Aida xanım İmanquliyevanın elmi məqalələrini və tərcümələrini toplu halında çap etdirmişdir. Yaxın günlərdə bu kitabın təqdimat mərasimi keçiriləcəkdir.

Sonra müsabiqənin qalibləri mükafatlandırılmışlar. Müsabiqədə üçüncü yerə "Müasir Misir ədəbiyyatında qadın şairələrin rolu" mövzusunda elmi məqaləsinə görə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş laborantı Cəmilə Dəmirova, ikinci yerlərə isə "Aida İmanquliyeva Ər-Reyhaninin yaradıcılığının tədqiqatçısı kimi" və "Əndəlis qrammatika məktəbi" mövzularında araşdırmaları üçün Şərqşünaslıq İnstitutunun dissertantı Fatma Məcidova və Bakı Dövlət Universitetinin müəllimi Tərlan Məlikov layiq görülmüşlər. Onlara diplomları akademiklər - AMEA-nın prezidenti Mahmud Kərimov və Vasim Məmmədəliyev, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva təqdim etmişlər.

"Füzulinin ərəbcə bədii irsi" mövzusunda yazdığı elmi məqaləyə görə birinci yeri tutmuş AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ruhəngiz Cümşüdlüyə diplomu M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim etmişdir.

Bütün iştirakçılara minnətdarlığını bildirən professor Nərgiz Paşayeva demişdir ki, bu tədbir Azərbaycan elminə, mədəniyyətinə, qadınına verilən qiymətin göstəricisidir. Bu tədbir yeni nəslə, gənc alimlərə ünvanlanmış, onların istedadının, bacarığının üzə çıxmasına yönəlmişdir. Aida xanımın ad günü ərəfəsində keçirilmiş bu müsabiqə gənc şərqşünas alimlərə öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verməklə yanaşı, onları həm də gələcəyin əsl mütəxəssisi kimi yetişməyə sövq etmişdir.

Nərgiz Paşayeva bildirmişdir ki, ötən il paytaxtımızda keçirilmiş "Qərb və Şərq: Ümumi mənəvi dəyərlər, elmi mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu Şərq ölkələrində əsl hadisəyə çevrilmişdir. Aida xanımın 70 illiyinə həsr edilmiş bu möhtəşəm tədbir həm də Qərbdən gəlmiş alimlər üçün son dərəcə maraqlı olmuşdur. Çünki onlar bir daha Azərbaycan elminin, mədəniyyətinin, musiqisinin necə yüksək bir səviyyədə inkişaf etdiyinin şahidi olmuşlar. Bu, bizi olduqca sevindirir.

Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulamışdır ki, Şərq ədəbiyyatını, eləcə də ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, amma şərəfli bir işdir. Bu elmi araşdırmalara fransalı alimlər 150 il vaxt sərf etmişlər. Bütün bunlar göstərir ki, Şərq ədəbiyyatını tədqiq etmək heçasan məsələ deyildir. Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin.

Müsabiqə qaliblərini bir daha təbrik edən alim onlara yeni-yeni uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 2.