Avropanın enerji təhlükəsizliyinə daha bir töhfə

 

Azərbaycan neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin neft strategiyasını inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəyən yeganə respublikadır.

2006-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və 2007-ci ilin əvvəlində Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Strateji əhəmiyyətli bu layihələr bir çox dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həlli baxımından da geniş imkanlar açmışdır. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyininüfuzunu daha da artırır, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün daha geniş imkanlar açır. Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Avropanın xam neft və təbii qazla təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan respublikamızın bu coğrafi arealda cərəyan edən siyasi proseslərə də təsir imkanları getdikcə artır. Respublikamız eyni zamanda qonşu Gürcüstana, Rusiyaya və Türkiyəyə mavi yanacaq ixrac etməklə onların qaza olan ehtiyacının müəyyən qismini ödəyir.

Azərbaycanın bölgədə müstəqil siyasət yeridən, enerji asılılığı olmayan dövlət kimi mövcudluğu həm də respublikamızın neftqaz kəmərləri şəbəkəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neftqaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsini, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Bu baxımdan mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması araşdırılır. Dünya bazarlarına birbaşa çıxışı olmayan respublikamız üçün bu, strateji əhəmiyyətli məsələdir. Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan bu problemin öhdəsindən əhəmiyyətli dərəcədə gələ bilmişdir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri - onların hamısı bu gün işlək vəziyyətdədir, Azərbaycan neftini müxtəlif istiqamətlərə ixrac edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan qaz kəmərləri. Bu dörd kəmərdən üçü bu gün işlək vəziyyətdədir və üç kəmər vasitəsilə Azərbaycan qazı ixrac edilir. Yəni Azərbaycanın enerji, neftqaz potensialının şaxələndirilməsi məsələlərini biz tam şəkildə həll edə bilmişik. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələdir. Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur".

Azərbaycan neft kəmərlərinin şaxələndirilməsi məsələsini təkcə iqtisadikommersiya baxımından deyil, həm də siyasi baxımdan vacib sayır və bəzi istehsalçı dövlətlərin üstünlüyündən təzyiq vasitəsi kimi istifadə cəhdlərinə qarşı çıxır. Azərbaycan öhdəliklərinə sadiq etibarlı iqtisadi tərəfdaş olaraq belə halların baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil, işgüzar münasibətlərin qurulmasında maraqlıdır. Cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, enerji təhlükəsizliyi təkcə istehlakçılar üçün yox, eyni zamanda, istehsalçılar üçün, tranzit ölkələr üçün təhlükəsizlik deməkdir. Bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı əsaslar üzərində, bazar iqtisadiyyatı prinsipləri əsasında, azadsağlam rəqabət prinsipləri əsasında qurulmalıdır.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Bir müddət əvvəl Bakıda "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin iştirakı ilə keçirilən sammit də respublikamızın bu sahədə fəal təşəbbüskar və təşkilatçı olduğunu təsdiqləmişdir.

Xatırlatmaq yerinə düşər ki, bu qəbildən ilk sammit hələ 2007-ci ilin may ayında Polşanın Krakov şəhərində keçirilmiş, bu mühüm tədbir enerji təhlükəsizliyi məsələsinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqləmişdir. Polşa, Azərbaycan, Gürcüstan, LitvaUkrayna prezidentlərinin, eləcə də Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin iştirak etdiyi sammitin yekunları regionda Rusiyanın enerji asılılığından çıxmaq istəyən dövlətlərin yeni subregional inteqrasiya modeli formalaşdırmaq niyyətini qabarıq şəkildə üzə çıxarmışdır. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropadünya bazarlarına daşınmasını nəzərdə tutur.

2007-ci ilin oktyabrında Litvada keçirilən "Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika" mövzusunda beynəlxalq konfrans isə mahiyyətcə Krakov Enerji Sammitində qarşıya qoyulmuş strateji məqsədlərin daha geniş müzakirəsi ilə yadda qalmışdır. Vilnüs konfransının yekunu kimi Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna və Qazaxıstanın dövlət başçıları 2007-ci il oktyabrın 10-da birgə kommunike imzalamış, Xəzər neftinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın yaradılması barədə razılığa gəlmişlər. Yeni konsorsiumun əsas məqsədi Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etmək olmuşdur.

Belə bir konsorsiumun yaradılması həm də Avropa Birliyinin maraq dairəsindədir. Azərbaycan və Qazaxıstanın Xəzərin enerji ehtiyatlarını Gürcüstan, Ukrayna, MoldovaPolşa ərazisindən keçməklə şaxələndirmək niyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyinə etibarlı təminat yaradır. KrakovVilnüs sammitlərinin davamı olaraq 2008-ci ilin mayında keçirilmiş Kiyev enerji sammitində isə Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa, Litva, LatviyaEstoniya dövlət başçıları arasında bir sıra mühüm müzakirələrin aparılması və mühüm razılaşmaların əldə olunması ilə əlamətdardır. Həmin tədbirdə Xəzər, Qara dəniz və Baltik dənizi hövzələri arasında enerji dəhlizinin yaradılması barədə razılaşma da deyilənləri bir daha təsdiqləyir.

2008-ci ilin oktyabrında Bakıda təşkil olunmuş IV Enerji sammiti isə bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında genişalternativ enerjidaşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Respublikamız neft kəmərlərinin şaxələndirilməsi siyasətini həyata keçirirbu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli təşkilinə xidmət edir. Hazırda Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri vasitəsilə Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması nəzərdə tutulur.

Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən növbəti enerji sammitikonkret razılaşmaların əldə olunması ilə əlamətdardır. Razılaşmaya əsasən, Bakıda Azərbaycan, Gürcüstan və Macarıstan arasında AGRI ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi çərçivəsində birgə müəssisənin yaradılması nəzərdə tutulur. Azərbaycan qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi layihənin əsas məqsədləridir. Layihədə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə nəqli məqsədilə Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulub.

Anlaşma memorandumu və nizamnamənin layihəsini Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Neft Qaz Korporasiyası və Rumıniyanın "ROMGAS" şirkətinin rəhbərləri imzalamışlar. Yaradılacaq şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, potensial investorları müəyyənləşdirəcək və s. məsələləri həll edəcəkdir. Yeni şirkət Rumıniya qanunvericiliyi əsasında yaradılacaq və Buxarestdə qeydiyyatdan keçəcəkdir. Azərbaycan, Gürcüstan və Rumıniya bu şirkətdə eyni paya malik olacaqlar. Gələcəkdə yeni müəssisədə digər şirkətlər də pay ala bilər.

Dövlət başçısı İlham Əliyev yeni layihənin reallaşdırılması ilə bağlı demişdir: "Bu gün Azərbaycan neftqaz ehtiyatlarını müxtəlif beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası və siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib. Bu ixracatın istiqamətləri genişlənir və həcmi də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard kubmetr olacaqdır və bu, bizə ənənəvi istiqamətlər üzrə ixracatı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı dörd qonşu ölkəyə ixrac edirik və həmin ixracatın həcmi artmaqdadır. Bizim təsdiq olunmuş böyük ehtiyatlarımız vardır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, bəlkə də yüz ilə kifayətdir".

İstənilən yeni əməkdaşlıq formatında Azərbaycanın müstəsna mövqeyə malik olduğunu artıq Avropa dövlətləri də yaxşı başa düşür, rəsmi Bakının maraqlarını nəzərə almadan hər hansı layihənin gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edirlər. Bütün bunlar bir daha göstərir ki, respublikamız həyata keçirdiyi qlobal enerji layihələri ilə təkcə iqtisadi səmərə güdmür, eyni zamanda, Avropa kimi mürəkkəb geosiyasi arealda diplomatik mövqelərini və nüfuzunu gücləndirir.

 

 

S.MUSTAFAYEV

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 2.