Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş təhsil işçilərinə fəxri adların vəsiqələri, ordenmedallar təqdim olunmuşdur

 

Oktyabrın 9-da Təhsil Nazirliyində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir qrup şəxsə fəxri adların vəsiqələri, ordenmedallar təqdim olunmuşdur.

Tədbirdə təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən və dövlət dəstəyindən danışmışdır.

Ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirən nazir ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Bildirmişdir ki, Prezident İlham Əliyev bu günlərdə Azərbaycan təhsilinin inkişafında xidmətləri olan 2 nəfərə "Şöhrət" ordeni, 3 nəfərə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 73 nəfərə "Tərəqqi" medalı, 70 nəfərə isə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncamlar imzalamışdır.

Yüksək diqqətə görə təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən M.Mərdanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən söz açmışdır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmışdır.

Qeyd edilmişdir ki, Fondun təşəbbüsü ilə hər il yüzlərlə məktəbli tədris ilində yeni məktəblərə qədəm qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil ocaqlarının yeniləşməsinə xüsusi əhəmiyyət verir. Təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Fondun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 4.