Böyük sənətkarın təkrarsız yaradıcılığı yeni araşdırmalarda

 

AMEA-nın müxbir üzvü, əməkdar incəsənət və elm xadimi, professor Zemfira Səfərova 45 ildən artıqdır ki, Üzeyir Hacıbəyli yaradıcılığı ilə bağlı araşdırmalar aparır. Onun uzun illər dahi bəstəkarın həyat və yaradıcılığına aid topladığı məqalələr Azərbaycan və xarici ölkə mətbuatında dərc edilmişdir. Neçə-neçə əsərin müəllifi olan Zemfira Səfərova həm də dahi bəstəkarla bağlı bir sıra monoqrafiyakitablar yazmışdır: "Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri", "Üzeyir Hacıbəyovun yaradıcılığında nəzəri və estetik problemlər", "Üzeyir Hacıbəyov", "Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri" və sairə.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, bu il dahi bəstəkarın anadan olmasının 125 illiyi dövlət səviyyəsində qeyd edildi. Uzun illər Üzeyir Hacıbəyli ilə bağlı müxtəlif araşdırmalar aparan, kitablar yazan musiqişünas-alim, sənətşünaslıq doktoru Zemfira Səfərova da bu yubileyə öz töhfəsini bağışladı. "Elm" nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış "Ölməzlik" kitabı Azərbaycan, rusingilis dillərində oxuculara təqdim edildi. Kitabın üç dildə çap olunması onun əhəmiyyətini, daha dəqiq desək, oxucu auditoriyasını genişləndirir.

Vaxtilə Üzeyir Hacıbəyli yazırdı: "Elə şəxsiyyətlər var ki, onlar özləri üçün anadan olmayıblar. Bəlkə, bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında... öləndən sonra da camaata mənfəət verirlər". Müdrikcəsinə söylənmiş bu fikirlərin bir ünvanı da elə Üzeyir bəyin özüdür. Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Üzeyir Hacıbəyli yaradıcılığı bu gün Azərbaycan mədəniyyətinin, ədəbiyyatının ayrılmaz hissəsinə çevrilib. Onun çoxşaxəli yaradıcılıq yolu araşdırıldıqca, tədqiq edildikcə hər dəfə heyrətedici faktlarla üzləşməli oluruq. Tanrı bu insanaboyda istedad və qabiliyyət bəxş edibmiş. Bəzən də onu hansı sahənin korifeyi kimi təqdim etməkdə çətinlik çəkirsən. Çünki yaradıcılığın müxtəlif janrlarının banisi, ilk cığır salanı məhz Üzeyir Hacıbəylidir. Bu mənada müəllif haqlı olaraq yazır: "Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, böyük musiqişünas-alim, bütöv musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi... görkəmli dramaturq... librettolar müəllifi, alovlu publisist, jurnalist... gözəl pedaqoq... akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkitlatçısı, onun rektoruprofessoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı idi. O, Azərbaycan dövlət himnlərinin müəllifi olmuş, SSRİ xalq artisti, Stalin mükafatları laureatı idi".

125 il bundan əvvəl Qarabağın Ağcabədi kəndində anadan olmuş Üzeyir Hacıbəyli məhz öz zəngin yaradıcılığı və istedadı sayəsində dünya mədəniyyətinin parlaq simalarından birinə çevrildi. Yaradıcılığa, ictimai-siyasi fəaliyyətə maarifçi kimi başlayan Üzeyir Hacıbəyli həm də Azərbaycan dilində dərslik hazırlayan ilk müəlliflərdən biridir.

Zemfira Səfərova yeni kitabında Üzeyir Hacıbəylinin portretini, demək olar ki, dolğun yarada bilmişdir. Onun təkcə Azərbaycan deyil, dünya musiqi sənətinin inkişafındakı rolunu təhlilə çəkərək Üzeyirin beynəlxalq aləmdə şöhrət qazanmasının səbəblərini ustalıqla şərh etmişdir. Müəllifin qənaəti dürüstdür: "Üzeyir Hacıbəyli dövrün, zamanın nəbzini həssaslıqla duya bilən, xalqın daxili tələblərini hiss edən və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən böyük sənətkar olmuşdur". Zemfira xanımın bir qəanəti də maraqlıdır ki, Azərbaycan vokal musiqisində yeni bir janrın və formanın - musiqili qəzəlin bünövrəsini də məhz Üzeyir Hacıbəyli qoyub. Mədəniyyət tariximizdə ilk dəfə qəzəlin musiqi ilə üzvi bağlılığı ənənəsindən məhz Üzeyir Hacıbəyli istifadə etmişdir. Elə ona görə də Nizami yaradıcılığına müraciət edən Üzeyir Hacıbəyli dahi şairin qəzəllərindən istifadə edərək musiqimizin parlaq səhifələrindən birinə çevrilmiş "Sənsiz" və "Sevgili canan" kimi romanslarını yazmışdır. Eləcə də "Leyli və Məcnun" operasında böyük Füzulinin qəzəllərinə bəstələdiyi məlahətli melodiya 100 ildən artıqdır ki, qəlbləri titrətməkdədir.

Müəllif yeni kitabında Üzeyir Hacıbəylinin qədim Şərq musiqisinə bağlılığını da maraqlı faktlarla təhlilə çəkib. Hətta Üzeyir Hacıbəyli ilk dəfə olaraq əsərlərində musiqinin müalicəvi əhəmiyyətinə toxunub. Bəllidir ki, orta əsr təbibləri xəstəni sağaltmaq üçün musiqidən istifadə ediblər. Musiqinin xəstəyə təsiri barədə Üzeyir Hacıbəyli yazırdı: "Yüksək qızdırmalı xəstəyə kədər və qüssə oyadan musiqiyə qulaq asmaq xeyirdir. Aşağı hərarətli xəstə isə şən, şux musiqiyə qulaq asmalıdır". Müəllifin bir müqayisəsi də diqqət çəkir. Üzeyir Hacıbəyli "musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda" müxtəlif xarakterli muğamlarımızdan bacarıqla istifadə edib.

XVIII əsrdə yaşayıb-yaratmış böyük musiqişünas-alim Səfiyəddin Urməvinin Üzeyir Hacıbəyli yaradıcılığına təsirindən söz açan Zemfira xanım təsdiqləyir ki, XX əsrdə Azərbaycanda Səfiyəddin Urməvinin ənənələrini yaşadan, onun musiqi sahəsindəki xələfi və davamçısı Üzeyir Hacıbəyli olub. Bəllidir ki, musiqi elmimizdə "Sistemçilik" məktəbinin yaradıcısı olan Səfiyəddin Urməvi bütün Şərq musiqisinin dahi nümayəndələrindən biridir. Belə bir şəxsiyyətin xələfi olmaq həqiqətən də şərəfdir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, qədim musiqi alətlərimizin bərpa olunmasında məhz Səfiyəddin Urməvinin əsərlərindən istifadə olunur. O, həm də bir rəssam kimi qədim musiqi alətlərimizin əksini çəkərək əsərlərinə daxil etmişdir. Bundan başqa, Üzeyir Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları" fundamental elmi əsərini hazırlayarkən də Urməvi yaradıcılığından ustalıqla bəhrələnmişdir.

Kitabın maraqlı səhifələrindən biri də "Qarabağın musiqi mədəniyyəti" adlanır. Azərbaycan bəstəkarlarının böyük bir dəstəsinin vətəni məhz bu dilbər guşə - Qarabağın Şuşa şəhəri olub. Şuşa Azərbaycan musiqisinin beşiyidir. Hələ sovet dövründə bu qədim diyarı "Qafqazın konservatoriyası" adlandırırdılar. Müəllif Azərbaycanın müasir professional musiqisinin banisi Üzeyir Hacıbəylidən başlayaraq bu ənənəni ləyaqətlə davam etdirən bəstəkarların yaradıcılığından söz açır, eləcə də Şuşadakı musiqi məclislərindən danışır, xanəndələrin yaradıcılığına toxunur. Zemfira Səfərova Azərbaycanın musiqi sənətinin inkişafında xidmətləri olan qarabağlı sənətkarların yaradıcılığını təhlilə çəkir. Sonda isə bir arzusunu da bildirməyi unutmur ki, biz yenidən oraya dönəcəyik. Qarabağ bülbüllərinin cəh-cəhi könüllər oxşayacaq.

Kitabın diqqətçəkən bölmələrindən biriÜzeyir Hacıbəyli yaradıcılığında musiqi ilə ədəbiyyatın vəhdəti məsələsidir. Həqiqətən də Üzeyir bəy öz yaradıcılığında həm xalq musiqimizin, həm də Azərbaycan ədəbiyyatının şifahi və yazılı ənənələrinə əsaslanmışdır. Müəllif haqlı olaraq bu vəhdətin doğurduğu uğuru belə səciyyələndirir: "Üzeyir Hacıbəyli yaradıcılığının novatorluğu bir də ondadır ki, o, ilk dəfə olaraq ədəbi ənənələrə əsaslanıb, musiqimizə epik qəhrəman eposu daxil etmiş, həmin janrın yaradıcısı olmuşdur.

Yeni nəşrdə Üzeyir Hacıbəylinin məktublarından söz açan müəllif bu fikirdədir ki, bəzi dahi şəxsiyyətlərin sənət adamlarına, eləcə də ailələrinə yazdıqları məktublar bir bədii əsər qədər maraqlı və yaddaqalan olur. Dünya ədəbiyyatında bu təcrübə var. Hətta bəzi hallarda məşhur şəxsiyyətlər haqqında deyilən sözləri onların öz məktublarına istinadən istifadə ediblər. Musiqimizin klassiki Üzeyir Hacıbəylinin də müxtəlif redaksiyalara, dostlarına yazdığı məktublarda həyatının bir hissəsi öz əksini tapmışdır. Müəllifin fikrincə, bu məktublar, əslində, Üzeyir Hacıbəyli publisistikasına xas olan məntiqi, obyektivliyi əks etdirir.

Üzeyir Hacıbəyli haqqında özünəməxsus şəkildə maraqlı araşdırmalar aparan sənətşünaslıq doktoru Zemfira Səfərovanın bu kitabı, əslində, üzeyirşünaslığın yeni səhifələrini təşkil edir. Müəllif kitabı maraqlı və oxunaqlı bir dillə qələmə almış, bütövlükdə Üzeyir bəyin yaradıcılığına ayna tutmağa çalışmışdır. Unudulmaz Üzeyir Hacıbəylinin yaradıcılığını əks etdirən "Ölməzlik" həqiqətən də bu sahədə yazılmış ən sanballı əsərlərdən biri hesab oluna bilər. Kitabın dəyərini artıran cəhətlərdən birionun üç dildə çap edilməsidir. Yeni nəşrin rəyçisi xalq artisti, professor Fərhad Bədəlbəyli, redaktoru Nazim İbrahimovdur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 7.