Bosniya və Herseqovinanın Azərbaycanda yeni səfiri təyin olunmuşdur

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov oktyabrın 11-də iqamətgahı Ankara şəhərində yerləşən Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Draqolyub Lyepoyaya ilə görüşmüşdür.

Etimadnaməsinin surətini nazirə təqdim edən D.Lyepoyaya Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat Bosniya və Herseqovina - Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını vurğulamışdır.

Nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə D.Lyepoyayanı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.