Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin 130 illik yubileyi çərçivəsində "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" mövzusunda biznes-forumu keçirilir

 

AzərTAc xəbər verir ki, oktyabrın 12-də Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin 130 illik yubileyi çərçivəsində "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" mövzusunda biznes-forumu işə başlamışdır.

1997-ci ildən fəaliyyət göstərən "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes-forumu Rusiyada, həmçinin MDB və Baltikyanı dövlətlərdə, eləcə də FinlandiyaMonqolustanda dəmiryolu xətləri üzrə diskussiyalar üçün nəzərdə tutulmuşdur. "1520" rəqəmi də bu ölkələrdə dəmiryolu xətlərinin enini göstərir.

Əvvəlcə Azərbaycanın, həmçinin digər ölkələrin dəmiryollarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov qonaqları salamlayaraq ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətdə nəqliyyat sahəsinin xüsusi yer tutduğunu bildirmişdir. Natiq ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, nəqliyyat sektorunun inkişafına dair dövlət proqramlarının qəbul olunduğunu və ölkədaxili nəqliyyat yollarının müasirləşdirildiyini vurğulamışdır. Bildirmişdir ki, 2010-2014-cü illər üzrə dəmiryolunun inkişafına dair Dövlət Proqramının qəbul edilməsi dəmiryollarının yenidən qurulmasını, yeni vaqonların alınmasını nəzərdə tutur.

"Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin həyata keçirilməsində Azərbaycanın oynadığı roldan, yükdaşımalarda Böyük İpək Yolunun əhəmiyyətindən danışan A.Şərifov, respublikamızın beynəlxalq nəqliyyat daşımalarında xüsusi yerini diqqətə çatdırmışdır. Hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan və region dövlətləri üçün əhəmiyyətini nəzərə çarpdıran Baş nazirin müavini, bu dəhlizin Avropa ilə Asiyanı birləşdirəcəyini, beynəlxalq yükdaşımalarda önəmli rol oynayacağını qeyd etmişdir.

Çıxışının sonunda Azərbaycan dəmiryolçularını 130 illik yubileyləri münasibətilə təbrik edən Abid Şərifov biznes-forumun uğurla keçəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ölkəmizdə nəqliyyat sistemində görülən işlərdən, Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğısından danışmışdır. Beynəlxalq dəhliz yollarının əhəmiyyətini vurğulayan nəqliyyat naziri Azərbaycan-Rusiya-İran arasında dəmir yollarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini, biznes-forumun beynəlxalq nəqliyyat sisteminin modernləşdirilməsi, vahid nəqliyyat siyasətinin formalaşdırılmasında önəmli rol oynayacağını diqqətə çatdırmışdır.

"Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vadim Morozov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, Litvanın nəqliyyat naziri Eligiyus Masyulis, "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Əsgər Mamin və Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Tadeuş Şozda mövzu ilə əlaqədar çıxış edərək Qafqaz regionunun təbii-coğrafi mövqeyindən, dəmiryollarının strukturundan danışmış, bu sahənin inkişafının əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, ölkədaxili dəmiryollarının müasirləşdirilməsi, dəmiryolu şəbəkələrinin inkişafı beynəlxalq yükdaşımaların artmasına səbəb olacaqdır. Natiqlər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlərin sürətləndirilməsi, bu dəhliz üzərindəki ölkələrdə dəmiryolu infrastrukturunun modernləşdirilməsi, yeni texniki vasitələrin alınması, vahid nəqliyyat siyasətinin formalaşdırılması məsələlərindən danışaraq bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən bəhs etmişlər.

İşini bölmə iclasları ilə davam etdirən biznes-forum oktyabrın 13-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 4.