Azərbaycan mətbəxi Meksikanı fəth edir

 

Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan və Türkiyə mətbəxi festivalının təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycanın Mədəniyyət və Turzim, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə keçirilən festival 10 gün müddətində Mexiko sakinlərinə və qonaqlara paytaxtın elitar "Nikko Mexico" mehmanxanasında Azərbaycan və türk mətbəxinin ən ləziz və nəfis nümunələri, o cümlədən milli şirniyyat və içkilərimizlə tanış olmaq imkanı yaradacaqdır.

Ən maraqlısı odur ki, festival başa çatdıqdan sonra bir il müddətində Azərbaycan yeməkləri mehmanxananın nəzdində fəaliyyət göstərən elitar restoranların menyusuna daxil ediləcəkdir.

Festival Meksikanın yerli kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Ölkənin nüfuzlu "Reforma", "Millenio" və yeganə ingilisdilli "The News" qəzeti bu benəlxalq mətbəx bayramını geniş işıqlandırmışlar.

Festivalın açılış mərasimində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, onun türkiyəli həmkarı Alev Kılıc və Meksika Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə idarəsinin başçısı Xose İqnasio Madraso çıxış etmişlər.

Səfir İlqar Muxtarov vurğulamışdır ki, dünyanın ən zəngin və dadlı mətbəxlərindən biri hesab edilən Azərbaycan mətbəxi milli kaloriti, təkrarolunmaz dadları və ətirləri ilə seçilir. Ölkəmizin iqlimi, təbiəti, coğrafi mövqeyi, qədim və məşhur ticarət marşrutlarının kəsişməsində yerləşməsi mətbəximizin formalaşmasında əsas amillərdən biri olmuşdur.

Bakıdan festivalda iştirak etmək üçün Mexikoya gəlmiş baş aşpaz Sənan Əliyev meksikalıları Azərbaycan kulinariya məktəbinin incəlikləri və xüsusiyyətləri ilə tanış etmişdir.

Festivalın təşkilinə görə Azərbaycan və Türkiyə tərəfinə minnətdarlığını bildirən Meksika XİN-nin rəsmisi Xose İqnasio Madraso bildirmişdir ki, Azərbaycan diplomatik nümayəndəliyi yeni fəaliyyətə başlasa da, meksikalıların mədəni həyatını dəfələrlə rəngarəng tədbirlər və toplantılarla zənginləşdirməyə müvəffəq olmuşdur.

Festivalın açılış mərasimində, həmçinin yerli musiqiçilərin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkarlarımızın simfonik əsərləri səsləndirilmiş, Azərbaycan haqqında sənədli filmlər, fotosərgi nümayiş etdirilmişdir. Azərbaycan xalq rəqsləri və nümayiş etdirilən milli geyimlərimiz gurultulu alqışlarla qarşılanmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Mexiko

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 8.