Liviyanın milli bayramı şərəfinə

 

Oktyabrın 15-də Liviyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Böyük inqilab günü münasibətilə "Hyatt Regency" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Saad Mustafa Mucbir İnqilabın tarixi haqqında danışmışdır. Səfir qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycanın Liviyada, Liviyanın isə Azərbaycanda səfirliyinin açılması əlaqələrimizin inkişafının bariz nümunəsidir. Diplomat əmin olduğunu bildirmişdir ki, Azərbaycan və Liviya arasındakı əməkdaşlıq əlaqələri gələcəkdə daha da inkişaf edəcəkdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Liviya xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan və Liviya xalqları arasındakı tarixi yaxınlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir. Nazir Azərbaycanın Liviyada, Liviyanın isə Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli əlaqələrimizin genişlənməsi istiqamətində mühüm addım olduğunu demişdir. Siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıran nazir beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Konfransı Təşkilatı çərçivəsində də əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirmişdir. F.Ələkbərov əmin olduğunu bildirmişdir ki, Azərbaycan-Liviya əməkdaşlığı gələcəkdə daha da inkişaf edəcəkdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 6.