Paytaxtın elektrik enerjisi ilə fasiləsiz və keyfiyyətli təchizatı dövlətin diqqət mərkəzindədir

 

Ümummilli lider Heydər Əliyevin istər 1970-80-ci illərdə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkənin energetika sahəsinə, o cümlədən Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir. Dahi rəhbər 2000-ci il oktyabrın 20-də 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsinin açılış mərasimində demişdir: "Bizim bugünkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada - həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildəE istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu, böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz, bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biribudur".

 

Bu gün Bakının elektrik enerjisi ilə təminatı məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, "Bakıelektrikşəbəkə" ASC tərəfindən paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması və istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi istiqamətində genişmiqyaslı tikinti və quraşdırma işləri uğurla davam etdirilir.

Elektrik şəbəkələrinin əsaslı şəkildə yenidən qurulması, istismar müddətini başa vurmuş şəbəkə infrastrukturunun müasir standartlara cavab verən səviyyəyə qaldırılması məqsədilə bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlərə qısaca nəzər salaq. Hazırda şəhərin mərkəzi hissəsini, xüsusilə dövlət əhəmiyyətli obyektləri elektrik enerjisi ilə təmin edən "Badamdar" yarımstansiyasında yenidənqurma işləri aparılır. Yarımstansiyada daha güclü transformatorlar quraşdırılmış, yeni paylayıcı qurğu istismara verilmişdir. Hazırda isə Nəsimi və Yasamal rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən "Dağlıq" yarımstansiyasında yenidənqurma işləri həyata keçirilir. "Binəqədi" və "Dərnəgül-2" yarımstansiyalarının yükünün azaldılması, Binəqədi və Qaradağ rayonlarında yerləşən mövcudyeni obyektlərin elektrik təchizatı üçün "Xoca Həsən" yarımstansiyasının inşası isə başa çatmışdır. Yarımstansiyanın qidalandırılması üçün "Səngəçal" yarımstansiyasından hava xətti çəkilmişdir. Obyektin bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, hazırda "ETK-4" yarımstansiyasında yenidənqurma işləri aparılır. Burada 35 kV-luq bölmənin yaradılması, 110356 kV-luq 2x40 MVA gücündə transformatorun quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 227 saylı köhnə yarımstansiya yenidən qurulmuş, müasir tipli elektrik avadanlıqları ilə təchiz edilmişdir. Suraxanı rayonunda yerləşən "Günəşli" yarımstansiyasında da bütün avadanlıqlar təmir olunaraq sınaqdan keçirilmişdir.

"Bakıelektrikşəbəkə"də ASC-nin başlıca vəzifəsi Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na uyğun olaraq istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, elektrik yük artımına müvafiq yeni güc mərkəzlərinin inşasını reallaşdırmaqla yanaşı, enerji itkilərinin və israfçılığın, habelə elektrik enerjisinin talan olunması hallarının qarşısını almaq, enerji haqlarının yığımının daha səmərəli təşkilini həyata keçirmək üçün ASC üzrə struktur dəyişikliyi və düzgün kadr siyasəti aparmaqdır. Bununla əlaqədar "Bakıelektrikşəbəkə" ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, paytaxtı elektrik enerjisi ilə təmin edən ən vacib 110 kV-luq hava xətlərində əsaslı təmir işləri aparılmışdır. Belə ki, "Xırdalan" - 203, "Müşfiq"-"Bayıl", "Müşfiq"-"Dağlıq" və "Müşfiq"-"Yasamal-1" 110 kV-luq ikidövrəli hava xətlərində dayaqlar əsaslı təmir olunmuş, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə müasir elektrik avadanlıqları ilə təchiz edilmiş 110 kV-luq 9 yarımstansiya tikilib istismara verilmişdir. Əzizbəyov rayonunda "Buzovna", Nərimanov rayonunda 203 və 215 saylı, Səbail rayonunda "Şıx" və "Hava limanı" yarımstansiyaları tikilmiş, bu yarımstansiyaları qidalandırmaq üçün ümumi uzunluğu 50 kilometrə yaxın ikidövrəli 110 kV-luq hava xətləri çəkilmişdir.

Görülmüş tədbirlər çoxdurbiz onların hər birini sadalamaq fikrindən uzağıq. Bununla belə, qeyd etmək istərdik ki, həyata keçirilən tədbirlər paytaxtda enerji istehlakını artırmağa imkan versə də, fasiləsiz enerji təchizatı həm də əhalinin bu mühüm sahəyə münasibətindən asılıdır. Sözsüz ki, söhbət israfçılıqdan gedir.

Yeri gəlmişkən bildirək ki, paylayıcı şəbəkədə aparılmış əsaslı yenidənqurma, təmir-tikinti işləri nəticəsində, xüsusilə istehlakçılarla elektrik enerjisinin uçotunun aparılmasında müasir texnologiyaların tətbiqi sayəsində israfçılığın qarşısı alınmış, elektrik enerjisinin realizə olunmasında, az itki ilə istehlakçılara çatdırılmasında, satılan elektrik enerjisinin dəyərinin ödənilməsində, o cümlədən alınan elektrik enerjisinin müqabilində "Azərenerji" ASC-yə ödənişin səviyyəsində əsaslı irəliləyişlərə nail olunmuşdur. Belə ki, paylayıcı şəbəkədə yenidənqurma işlərinin aparılması, bir sıra yerlərdə ən müasir texnologiyalı 0,4 kV-luq şəbəkənin qurulması, 600 mindən artıq istehlakçının uçot sisteminin yeniləşməsi sayəsində enerji israfçılığının qarşısı alınmış, alınan enerjinin həcmi azalmaqla yanaşı, texniki itkinin həcmi 4,1 faiz aşağı salınmış və yığım sayəsində əsaslı irəliləyişlər əldə edilmişdir. Məsələn, 2010-cu ilin 9 ayında 2007-ci ilin müvafiq dövrü ilə nisbətdə 627,4 milyon, 2008-ci ilin müvafiq dövrü ilə nisbətdə 382,7 milyon, 2009-cu ilə nisbətən isə 35,8 milyon kVt-s az enerji alınmasına baxmayaraq, 2007-ci illə müqayisədə 50,2 milyon, 2008-ci illə müqaiysədə 25 milyon, 2009-cu illə müqayisədə 19,6 milyon manat dəyərində çox enerji haqqının yığımı reallaşdırılmışdır. Aşağı gərginlikli şəbəkələrdə görülən tədbirlərin nəticəsidir ki, əhali abonentləri üzrə cari ilin 9 ayında 88,6 milyon manat yığım reallaşdırılmışdır ki, bu da 2007-ci illə müqayisədə 44,7 milyon, 2008-ci illə müqayisədə 27,5 milyon, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 9,2 milyon manat çoxdur.

İtkilərin səviyyəsinin azaldılması istiqamətində görülən mühüm işlərdən birielektrik enerjisinin uçotunun təkmilləşdirilməsi üzrə aparılan tədbirlərdir. Belə ki, "Azərenerji" ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan "Elster Metronika" avtomatlaşdırılmış ölçü sistemi quraşdırılmış və istehlakçılarda olan köhnə elektrik sayğacları elektron sayğaclarla əvəz edilmişdir. Həmçinin 2007-ci ilin fevral ayından "Azərenerji" ASC ilə sərhəd nöqtəsində olan yarımstansiyalarda quraşdırılmış sayğaclara nəzarət olaraq "Elster Metronika" şirkətinə məxsus A1800 tipli sayğaclar quraşdırılmışdır. Bu sayğaclar yüksək dəqiqlik sinfinə malik olmaqla yanaşı, digər geniş imkanlara da malikdir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa olunduqdan sonra 0,4 kV-luq şəbəkələrdə əhali abonentləri üzrə 546.773 elektron tipli yeni elektrik sayğacı quraşdırılmışdır. Fərdi yaşayış massivlərində 166.565 abonent isə "SİP"ləşdirilmiş və beləliklə, qidalandırıcı xətlərə kənar müdaxilələrin qarşısı alınmışdır.

Ümumiyyətlə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə 598405-ə yaxın elektrik sayğacı quraşdırılmışdır. İnduksion tipli sayğacların elektron sayğaclarla əvəz edilməsi göstərir ki, ötürülən faydalı elektrik enerjisinin miqdarı təqribən 10-12 faiz artmışdır.

ASC-də yeni texnologiyaların tətbiqinə də geniş yer verilir. İnformasiya alma və ötürmə sistemlərinin təkmilləşdirilməsi nəticəsində "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi internet səhifəsindən borcun öyrənilməsi, eləcə də "online" olaraq "debet" və "kredit" kartlarla 24 saat ödəniş aparılmasının təhlükəsiz təminatı üçün "Golden Pay" beynəlxalq ödəmə portalına inteqrasiya edilmişdir. Əhalinin sıx olduğu yerlərdə, xüsusən də metro stansiyalarında, universitetlərdə və böyük yaşayış kompleksləri olan məkanlarda quraşdırılan aparatlar vasitəsilə abonentlərin müstəqil olaraq "online" işləmə rejimində ödəniş apara bilmələri üçün "Jomtex" şirkətinin quraşdırdığı səyyar ödəmə vasitələrindən ("Pay Point") istifadə olunur. Bundan əlavə, informasiya bazaları müasir informasiya texnologiyası sayılan "Oracle 10g" sisteminə keçilmiş, kooperativ şəbəkə sistemi qurularaq "Bakıelektrikşəbəkə" ASC-nin rayon enerji satışı idarələri ilə birbaşa 2 mb informasiyatelekommunikasiya əlaqəsi yaradılmışdır. Həmçinin sayğac göstəricilərinin müasir CASİO tipli əl terminalları ilə oxunması, göstəricilərin şəffaf şəkildə informasiya bazasına daxil edilməsi təmin olunmuş, elektrik enerjisi yığımının informasiyasını (CRM) idarə edən SİMS proqram təminatı qurulmuş, abunəçilərin istənilən vaxt sərfiyyatlar, ödəmələr haqqında lazım olan bütün informasiyaların alınmasına şərait yaradılmışdır.

 

***

 

Azərbaycanda ilk dəfə olaraq "Bakıelektrikşəbəkə" ASC tərəfindən Binəqədi rayonu ərazisində yerləşən 90 saylı yarımstansiyada muzey yaradılmışdır. Muzeydə XIX əsrin sonlarından başlayaraq elektrik enerjisinin ötürülməsində istifadə olunan elektrik avadanlıqları, arxiv sənədləri və digər tarixi materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə və 1993-cü ildən sonra energetikanın inkişafı ilə bağlı imzaladığı qərarlar, elektrik stansiyalarının və yarımstansiyaların açılışından fotoşəkillər və digər arxiv sənədləri, həmçinin Prezident İlham Əliyevin fərman və sərəncamları, fotoşəkillər, energetika obyektlərinin istifadəyə verilməsi mərasimlərində çıxışları öz əksini tapmışdır. Bir sözlə, bu muzey Azərbaycan, o cümlədən Bakı enerji təsərrüfatının keçdiyi şərəfli yolu tarixi faktlarla əyani əks etdirir.

 

 

Baba RZAYEV,

"Bakıelektrikşəbəkə" ASC

idarə heyətinin sədri

 

Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 2.