Gəncədə "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır

 

Oktyabrın 21-də Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır.

Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESKO-nun təmsilçilərinin, turizm şirkətlərinin və Azərbaycan Turizm İnstitutu, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi nümayəndələrinin iştirakı ilə keçirilən elmi konfransı giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin xarici turizm sektorunun müdiri Səbirə Zadayeva açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmaq, bu sahədə qazanılmış uğurları, turizm marşrutlarını İslam dövlətləri nümayəndələrinin diqqətinə çatdırmaqdır.

Nazirliyin sektor müdiri daha sonra bildirmişdir ki, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsi heç də təsadüfi deyildir. Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, Gəncə "Əfsanələr paytaxtı" elan edilmişdir və əsas məqsədlərdən biri də qonaqları bu qədim şəhərlə yaxından tanış etməkdir.

Azərbaycanda qeyri-maddi irsin qorunması, bu sahədə aparılan məqsədyönlü işlərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

İslam qanunlarına uyğun olaraq "Qurani-Kərim"dən ayələr oxunduqdan sonra İSESKO-nun İran İslam Respublikasındakı regional ofisinin rəhbəri, doktor Abbas Sədrinin məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, qeyri-maddi irsin gələcək nəsillərə çatdırılması bu günün ən vacib məsələlərindəndir. Bu məqsədlə İSESKO-da geniş layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihəyə əsasən, İslam ölkələrində mövcud olan qeyri-mədəni irsin qorunması və onların Ümumdünya İrs Siyahısına salınması üçün müxtəlif tədbirlər müəyyənləşdirilmişdir.

Konfransda bildirilmişdir ki, İSESKO-nun, YUNESKO-nun Dünya İrs Komitəsi ilə birlikdə həyata keçirəcəyi bu layihənin 2012-2018-ci illəri əhatə etməsi nəzərdə tutulmuşdur. Layihəyə əsasən, İslam ölkələrindəki qeyri-maddi irsin siyahısının çap olunaraq dünyaya yayılması və təbliği sahəsində bir sıra proqramlar qəbul edilmişdir.

Suriya Ərəb Respublikası Mədəniyyət Nazirliyinin milli irs şöbəsinin müdiri İmad Əbu Fəxrinin "YUNESKO-nun reprezentativ siyahısına daxil etmək üçün təqdim olunan qeyri-maddi irs elementləri", Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq mədəni əməkdaşlıq üzrə müşaviri Avad Ali Salehin "Qeyri-maddi irs və turizm", Misirin Eyn Şəms Universitetinin professoru, doktor Safsafi Əhməd Əl Qaturinin "Ərəb komeqrafiyası və onun qeyri-maddi irsin qorunmasında rolu" mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir.

Konfransın növbəti iş günündə İslam ölkələrinin birgə qeyri-maddi və mədəni irs turizm marşrutlarının yaradılması perspektivləri müzakirə ediləcəkdir.

İki gün davam edəcək konfrans çərçivəsində iştirakçıların Gəncənin maddi mədəniyyət abidələrinə ekskursiyaları da nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 4.