Bakıda III Beynəlxalq Bank Konfransı keçirilir

 

Oktyabrın 21-də Bakıda III Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır. "Maliyyə təsisatları MDB ölkələrinin struktur modernləşdirilməsinin əsasıdır" mövzusuna həsr olunmuş konfransda MDB və xarici maliyyə təsisatlarının, beynəlxalq qurumların 180-ə yaxın nümayəndəsi iştirak edir.

Konfransın açılışında çıxış edən Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev konfransın əhəmiyyətindən danışmış, böhrandan sonrakı dövrdə iqtisadiyyatın, xüsusən də maliyyə-bank sektorunun modernləşdirilməsinin zəruri olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, bu sektor son illərdə sürətlə inkişaf etmişdir. Həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksək inkişaf müşahidə olunur. Eyni zamanda burada həll olunmalı problemlər də var ki, bu sahədə təcrübə mübadiləsi çox əhəmiyyətli olacaqdır. C.Hacıyev başçılıq etdiyi ABB-nin nailiyyətləri, onun fəaliyyətinin beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi, bankın Cənubi Qafqazda aparıcı rol oynamasından da söz açmışdır.

MDB İcraiyyə Komitəsi sədrinin müavini Y.Novojilov iqtisadiyyatın modernləşdirilməsində bank sektorunun aparıcı rolunu vurğulamışdır. Bu sahədə əsas amillərdən biri də bankların kreditləşməsinin diversifikasiyasıdır.

Konfrans plenar iclaslarla davam etmişdir. İclaslarda gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Konfrans öz işini oktyabrın 22-də davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 6.