Moskvada vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqəsinin iştirakçıları müəyyən edilmişdir

 

Moskvada "Krokus Siti Moll"da vokalçıların Müslüm Maqomayev adına Birinci Beynəlxalq Müsabiqəsinin mətbuat konfransı keçirilmişdir. Bu böyük sənətçinin oktyabrın 25-də qeyd ediləcək xatirə gününə həsr edilmiş müsabiqə ilə əlaqədar keçirilmiş mətbuat konfransında Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, müsabiqənin münsiflər heyətinin sədri, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya, Fondun təsisçisi, "Krokus" QSC-nin prezidenti Araz Ağalarov, musiqişünas və teleaparıcı, Rusiyanın xalq artisti Stanislav Belza iştirak etmişdir.

Münsiflər heyətinin sədri Tamara Sinyavskaya müsabiqənin yaranması ideyası barədə söhbət açmış, Maqomayevlər ailəsinin yaxın dostu, fondun təsisçisi və müsabiqənin təşkilatçısı Araz Ağalarova səmimi təşəkkürünü bildirmişdir. O, vokalçıların müsabiqəsinin keçirilməsi şərtləri barədə ətraflı məlumat vermiş və müsabiqəni rəsmən açıq elan etmişdir. T.Sinyavskayanın sözlərinə görə, Maqomayevin yaradıcı şəxsiyyəti kimi müğənnilərin bu yarışması da unikaldır, ona görə də bu mürəkkəb müsabiqə iştirakçıları qarşısında çox yüksək tələblər qoyulur. "Müsabiqədə iştirak etmək üçün çoxlu müraciətlər daxil olmuşdur, onlardan cəmi 14 nəfəri seçilmişdir", - deyən münsiflər heyətinin sədri iştirakçılara uğurlar arzulamış və qeyd etmişdir ki, bu müsabiqə Müslüm Maqomayevin həyatının təbii davamıdır.

Araz Ağalarov qeyd etmişdir ki, bu müsabiqə görkəmli musiqiçinin xatirəsinə hörmətin ən yaxşı əlamətidir. Müsabiqənin maksimum obyektiv keçəcəyinə əmin olduğunu bildirən A.Ağalarovun fikrincə, bu müsabiqədə iştirak etməyin özü ciddi seçim mərhələsindən keçmiş iştirakçılar üçün sənət aləminə yaxşı vəsiqədir. A.Ağalarov Krokus hollda Müslüm Maqomayev adına zalın üstünlükləri barədə də məlumat vermiş, bildirmişdir ki, bu zalın təchizatı böyük müğənninin adına layiqdir.

Sonra püşkatma mərasimi keçirilmişdir. Seçim komissiyası audio-video yazılar əsasında aparılmış seçimin yekunlarına görə 14 iştirakçını müsabiqəyə buraxmışdır. Müsabiqədə Azərbaycanı istedadlı tenor Samir Cəfərov və Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırda İtaliyada təhsil alan Cavid Səmədov (bariton) təmsil edəcəkdir. Püşkatmanın yekunlarına görə, Samir Cəfərov 13-cü, Cavid Səmədov isə 5-ci çıxış edəcəkdir. Müsabiqədə Rusiya, Belarus, MoldovaGürcüstan nümayəndələri də iştirak edirlər.

Müsabiqə iki turdan ibarət olacaqdır. Oktyabrın 23-də keçiriləcək birinci turda hər bir vokalçı iki dəfə çıxış edəcəkdir. Onların hər biri əvvəlcə bir klassik, sonra isə bir estrada əsəri ifa edəcəkdir. Müsabiqənin ikinci turu oktyabrın 24-də keçiriləcək bütünlüklə Müslüm Maqomayevin yaradıcılığına həsr ediləcəkdir. Bu dəfə hər bir iştirakçı səhnəyə iki dəfə çıxacaq. Birinci dəfə o, Maqomayevin repertuarından olan bir klassik əsəri, ikinci dəfə isə yenə eyni repertuardan estrada əsərini ifa edəcəkdir. Müsabiqə iştirakçılarının çıxışları hər turda 10 ballıq şkala üzrə qiymətləndiriləcəkdir. İki mərhələdə ən çox bal toplamış iştirakçılar müsabiqənin qalibləri olacaqdır. Təltif bir Qran-pri üç mükafatdan ibarət olacaqdır.

Bu müsabiqəni iki, yaxud üç ildə bir dəfə keçirmək nəzərdə tutulur.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-22 oktyabr.- S. 6.