Bakıda Azərbaycan və Avstriya respublikaları arasında əməkdaşlıq üzrə qarışıq komissiyasının VI iclası keçirilmişdir

 

Oktyabrın 21-də Bakıda Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahəsində əməkdaşlıq üzrə qarışıq komissiyasının VI iclası keçirilmişdir. Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya məsələləri üzrə müavini Jozef Mayerdir.

Tədbirin əhəmiyyətini vurğulayan Əli Abbasov bildirmişdir ki, iclas 1998-ci ildə Azərbaycan və Avstriya hökumətləri arasında imzalanmış "İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq keçirilir. Nazir ölkəmizdə dünya iqtisadi və maliyyə böhranına qarşı həyata keçirilmiş iqtisadi, siyasi tədbirlər nəticəsində müsbət nəticələr əldə olunduğunu diqqətə çatdırmışdır.

Jozef Mayer Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı məlumat vermiş, müxtəlif iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi üçün potensialın olduğunu vurğulamışdır.

İclasda ölkələrimiz arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələri üzrə qarşılıqlı əməkdaşlığın vəziyyəti, əlaqələrin genişləndirilməsi üçün perspektivlər müzakirə olunmuşdur.

Tərəflər ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə məlumat vermişlər. Avstriya tərəfinin məlumatına görə, ötən il ikitərəfli ticarət dövriyyəsində 2008-ci illə müqayisədə təxminən 80 milyon avro artım müşahidə edilmişburada Azərbaycandan neft ixracı xüsusi rol oynamışdır. 2010-cu ilin ilk yeddi ayında ikitərəfli ticarət dövriyyəsi 76,8 milyon avro təşkil etmişdir. Bu, 2009-cu ilin ikitərəfli ticarət dövriyyəsi ilə eyni səviyyədədir.

Azərbaycan tərəfinin statistik göstəricilərinə görə, ümumi ikitərəfli ticarət dövriyyəsi üzrə 2009-cu illə müqayisədə cari ilin yanvar-iyununda Avstriyadan ixrac 63,3 faiz, Azərbaycandan ixrac isə 21 faiz azalmışdır. Tərəflər ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər arasındakı fərqin olmasını nəzərə alaraq, mütəmadi olaraq məlumat mübadiləsi aparacaqları barədə razılığa gəlmişlər.

İclasda qarışıq komissiyasının növbəti iclasının Avstriyada keçirilməsi qərara alınmışdır.

Sonda müvafiq protokol imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya məsələləri üzrə müavini Jozef Mayer imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 11.