Dünya filoloqları Bakıda görüşmüşlər

 

Oktyabrın 22-də Bakıda "Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər" mövzusunda IV beynəlxalq elmi konfrans və xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş "Türk dili və ədəbiyyatlarının tədrisi" I beynəlxalq simpozium öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, IV beynəlxalq elmi konfrans Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, I beynəlxalq simpozium isə BSU və Türkiyənin Qazi Universiteti tərəfindən təşkil olunmuşdur.

Tədbirin ümumi iclasını açan BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Kamal Abdullayev qonaqları və iştirakçıları salamlamış, rəhbərlik etdiyi ali məktəbin dünyanın aparıcı universitetləri ilə əlaqələrinin genişlənməsindən, son illərdə həyata keçirilən müştərək layihələrdən danışmış, konfrans və simpoziumun əhəmiyyətini xüsusi vurğulamışdır. Rektor diqqətə çatdırmışdır ki, konfransda 20-dən çox ölkədən, o cümlədən Türkiyə, Rusiya, ABŞ, Braziliya, İsveç, Avstraliya, İran, Bolqarıstan və Gürcüstandan gəlmiş 40-dək alim iştirak edir.

Digər çıxış edənlər - İsmət Çətin, Taciser Onuk, Ayşe Melek Özyetgin, Əli Əhməd Arslan, Ömür Ceylan (Türkiyə), Sadik Göhər (BƏƏ), Lüdmila Boris (Rusiya), Yordan Lüskanov (Bolqarıstan), İnna Kalita (Çexiya), Saymon Zotqenfray (İsveç), Angelina Saule (Avstraliya) və BSU-nun professoru Rəhilə Qeybullayeva tədbirin əhəmiyyətindən danışmış, əldə olunacaq elmi nəticələrin komparativistika və dilçilik elminə layiqli töhfələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Sonra konfrans və simpozium işini bölmə iclaslarında davam etdirmişdir.

Qeyd edək ki, konfrans və simpoziumda iştirak edən alimlər tədbir çərçivəsində BSU-nun tələbə və magistrləri ilə görüşəcək, müxtəlif mövzularda ustad dərsləri keçəcək, habelə Bakının görməli yerləri ilə tanış olacaqlar.

Hər iki tədbir öz işini oktyabrın 23-də başa çatdıracaqdır.

 

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 7.