Dəyərli töhfə

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Ozan" nəşriyyatı tərəfindən təzəcə çapdan çıxmış "Ədəbiyyatşünaslıq elmimizin patriarxı" kitabı görkəmli elm xadimi, "Şöhrət" və "İstiqlal" ordenli, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin həyat və yaradıcılığına həsr edilib.

Bu yaxınlarda 80 yaşı tamam olan akademikin yubileyinə dost töhfəsi kimi qələmə alınan kitabda müəllif Bəkir Nəbiyevin zəngin və çoxşaxəli yaradıcılığına güzgü tutub. Onun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətləri təhlilə çəkərək işıqlı düşüncələrindən söz açıb.

Kitabda akademikin elmi yaradıcılığı, şəxsiyyəti, müxtəlif beynəlxalq konfranslarda fəaliyyəti, bir-birinə bənzəməyən, orijinallığı ilə seçilən əsərlərindən danışılır. Qəzənfər Paşayev uzun illərdən bəri yaxından tanıdığı Bəkir Nəbiyevin portretini ustalıqla yarada bilib. Ədəbiyyatşünaslıq elmimizin həqiqətən patriarxı sayılan Bəkir Nəbiyevin bu sahədəki xidmətləri son dərəcə əhəmiyyətli və böyükdür. Akademikin tədqiqat laboratoriyasının genişliyi və təfəkkürünün dərinliyi barədə təsəvvürə malik olmaqdan ötrü Qəzənfər müəllimin yeni kitabını oxumaq kifayət edər. O, çox ustalıqla Bəkir Nəbiyevin layiq görüldüyü titullar, fəxri adlar, yüksək dövlət mükafatları barədə oxucuya məlumat verərək bu cür dəyərləndirmənin səbəbini məharətlə izah edir. Ömrünün bu çağında min əzab-əziyyətlə araşdırmalar apararaq maraqlı elmi-publisistik səviyyədə səfər təəssüratlarını qələmə alan Bəkir Nəbiyev sözün həqiqi mənasında başqalarına örnək, nümunə olacaq bir alim ömrü yaşayır. Onun müxtəlif illərdə qələmə aldığı elmi tədqiqatlarında nələr yoxdur? Sanballı məqalələr, bədii tərcümə, ədəbi əlaqələr, mühacir ədəbiyyatı, ədəbiyyatşünaslıq elmimizin inkişaf istiqamətlərinə dair mülahizələr, teatr, poeziya, nəsrimiz haqqında fikirlər, dilimiz, əlifbamız, musiqimiz, lüğətimiz barədə qənaətlər. Bəkir Nəbiyev həmişə aktuallığını itirməyən, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan məsələlərə toxunub. Ona görə də sevilib, nüfuz qazanıb.

Yeni kitab müəllifin böyük ehtiram göstərdiyi və həyat yolundan, tədqiqatlarından məhəbbətlə danışdığı akademikə bir dost töhfəsidir. Bu töhfədə Bəkir Nəbiyevin ömrünün maraqlı cizgiləri, yaddaqalan məqamları öz əksini tapıb. Ömrünün 60 ilini ədəbiyyatşünaslıq elminə həsr edən, onun inkişafında xüsusi xidmətləri olan görkəmli alimin, sadə və təvazökar insanın ömür yolunu maraqla izləyən müəllif yazır: "Akademik Bəkir Nəbiyev xoşbəxt insanlardandır. Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza, onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən sahilsiz ümmana bənzər arzuları cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaratmışdır".

Olduqca səmimi duyğularla və şirin bir dillə qələmə alınmış yeni kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Təbii ki, bu dəyərli mənbədən ali məktəblərin filologiya fakültəsində təhsil alan tələbələr də istifadə edə bilərlər. Nəfis şəkildə çap edilmiş kitabda akademikin mənalı ömrünü özündə əks etdirən rəngli fotoşəkillər də oxucuların diqqətinə çatdırılıb.

 

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 8.