Bu gün Azərbaycan dünya elminin gələcək inkişaf istiqamətlərinin təyin edilməsində konkret təşəbbüslə çıxış edir

 

Müsahibimiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur ASLANOVDUR

 

- Elnur müəllim, bu günlərdə paytaxtımızda beynəlxalq münasibətlər sahəsində elmi mütəxəssislərin "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda illik simpoziumu keçirildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsini zəruri edən amillər nə idi?

- Əlbəttə, regional sistemin konfiqurasiyasının strukturunu təyin edən və regionda əsas aktora çevrilən Azərbaycan paytaxtında belə bir mötəbər tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən, regionun qloballaşan dünyaya inteqrasiyası baxımından mövcud fikir və baxışların yeni formalaşan münasibətlər və reallıqlar müstəvisində mübadiləsini təşkil edir, digər tərəfdən isə Azərbaycanın intellektual potensialının dünya siyasi elminin inkişafına töhfəsidir. Azərbaycan siyasi, iqtisadi, texnoloji və digər sahələrdə olduğu kimi, siyasi elmlər sahəsində də nəzəri biliklərlə praktiki fəaliyyət arasında yeni elmi konsepsiyaların hazırlanması, nəzəri paradiqmaların inkişaf etdirilməsi üçün aparıcı mühərrik rolunu davam etdirir.

- Tədbirin əhəmiyyətini nədə görürsüz?

- Tədbir, bildiyiniz kimi, Cənubi Qafqazda gedən siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin dəyişən və qloballaşan dünya kontekstində yenidən nəzərdən keçirilməsinə həsr edilmişdir. Əsas diqqət həm Cənubi Qafqazın bir regional konsepsiya kimi qloballaşan dünyanın çağırışlarına adekvat cavab vermək imkanları, xüsusilə də region dövlətləri arasında əməkdaşlığın və inteqrasiyanın inkişaf etdirilməsi məsələlərinə yönəldilmişdir. Belə bir yanaşma ilk növbədə Azərbaycanın regionda lider dövlət kimi əhəmiyyətini ortaya qoymuşonun gələcəkdə, regionda əsas aktor kimi ümumi inkişaf tendensiyasının aparıcı elementi qismində çıxış etməsini təsdiq etmişdir.

Azərbaycan bu gün öz təbii resurslarını dünya bazarına nəql etməklə yanaşı Mərkəzi Asiya ölkələri üçün yeni alternativ nəqliyyat dəhlizinə çevrilmişdir. Təsadüfi deyil ki, Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycan Qərb-Şərq dəhlizinin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, regionda sabitliyin qorunması, mövcud münaqişələrin beynəlxalq hüququn prinsip və normalarına uyğun həll edilməsi həm regionun gələcəyi, həm də beynəlxalq təhlükəsizlik üçün mühüm amildir. Simpoziumun iştirakçıları bu məsələyə xüsusi həssaslıqla yanaşdılar.

Azərbaycanın xarici siyasət prioritetləri Cənubi Qafqaz dövlətlərinin öz milli maraqlarına uyğun olaraq regional əməkdaşlığa töhfə vermək, yaxşı qonşuluq prinsipi əsasında mahiyyətcə yeni qarşılıqlı münasibətlərin formalaşmasını təmin etməkdir. Ermənistan mövcud vəziyyəti yenidən dəyərləndirməli və Azərbaycanın bu xoşməramlı siyasətinə adekvat cavab verməlidir. Bu baxımdan düşünürəm ki, simpoziumun qəbul etdiyi tövsiyələr Ermənistan rəhbərliyinin öz məsuliyyətini dərk etməsinə yardımçı olacaqdır.

- Elnur müəllim, bəs tədbir iştirakçıları bu simpoziumdan özləri üçün hansı nəticələri əxz etdilər?

- Qeyd etdiyim kimi, iştirak edən hər bir tərəf nəzəri və praktik biliklər ətrafında yeni konsepsiyaların hazırlanması üçün geniş fikir mübadiləsi apardı. Bu, eyni zamanda Azərbaycana imkan verdi ki, bəzi məsələləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsini geniş elmi potensiala malik olan mütəxəssislərlə birgə müzakirəyə çıxarsın, həm onları, həm də onlar vasitəsilə dünya ictimaiyyətini düzgün və ətraflı məlumatlandırsın. Biz bununla, eyni zamanda, hüquqi müstəvidə mövcud prinsip və normaların obyektiv interpretasiyasına, onların doktrinada ümumi bir baxış ətrafında öz əksini tapmasına töhfə vermiş oluruq. Bu məsələlərin beynəlxalq arenada, xüsusilə baş verən proses və hadisələr ətrafında müəyyən siyasihüquqi mövqenin formalaşmasındakı rolunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu gün Azərbaycan dünya elminin gələcək inkişaf istiqamətlərinin təyin edilməsində konkret təşəbbüslə çıxış edir.

Bu tədbirin digər bir əhəmiyyəti, müxtəlif elmi yanaşma və baxışların ümumi müddəalarından irəli gələn elmi konstruksiyalar vasitəsilə regional müstəvidə sülh və təhlükəsizliyin təmin edilməsinin ən optimal yollarının araşdırılması və Cənubi Qafqazın inkişaf perspektivlərinin təyin edilməsidir. Tədbirin sonunda qəbul edilən Bakı Bəyannaməsində bütün bu məsələlər öz əksini tapıbdır.

Biz Azərbaycanın timsalında, onun sülhsevər balanslaşdırılmış xarici siyasəti, regional inteqrasiyaya töhfəsini müzakirə edərək xalqın gələcəyini hər zaman diqqətdə saxlayan rasional seçimin ümumi əməkdaşlığın inkişafı üçün son dərəcə zəruri bir element olduğunu təsdiq etdik. Əgər hər bir dövlət öz xalqını, milli maraqlarını və ümumi rifah naminə qarşılıqlı əməkdaşlığı düşünsə, xarici dövlətlərin maraqlarının daşıyıcısına çevrilməsə, sülhün təmin edilməsi, onun qorunub saxlanılması və mövcud problemlərin aradan qaldırılması siyasi liderlərin əsas fəaliyyət məqsədini təşkil edər. Bu baxımdan düşünürəm ki, hər bir tərəf bu simpoziumdan səmərəli şəkildə faydalandı.

- Sizcə, bu tədbir davamlı olacaqmı?

- Əlbəttə, iştirakçılar bu tədbirin əhəmiyyətini dərk edirlər və onun davamlı olması üçün konkret qərarlar qəbul etdilər. Bu, adi bir konfrans deyil. Onun əhəmiyyəti məhz davamlılığa, yeni konsepsiya və baxışların inkişaf etdirilməsinə bağlıdır. Beynəlxalq səviyyəli mütəxəssisləri öz ətrafında birləşdirən və yeni nəsil mütəxəssisləri öz işinə cəlb edən simpozium, tədqiq edilən nəzəriyyələrin və xüsusi aktuallığa malik olan təhlükəsizlik məsələlərinin geniş oxucu və tədqiqatçı auditoriyasının diqqətinə çatdırmağa və onların bu istiqamətdə aparılan işlərə qoşulmasına çalışacaqdır.

Simpoziumun digər mühüm bir xüsusiyyəti, xüsusilə yeni tədqiqatçılar nəslinin estafeti əlinə alması ilə əlaqədar, onların hazırkı və gələcək elmi işlərinin nəzəri əsasları haqqında yaşlı nəslə aid olan təcrübəli tədqiqatçılarla nəinki fikir mübadiləsi, həmçinin onların dəyərli məsləhətləri üçün əvəzedilməz bir müstəviyə çevrilməsidir.

Tədbirin davamlılığını və iştirakçılar arasında koordinasiyanı təmin etmək məqsədilə Bakı şəhərində yeni bir qərargahın yaradılması ideyası bəyənilmişdir. Bu, çox əhəmiyyətli bir məsələdir və simpoziumun gələcəkdə təşkilatlanması istiqamətində atılan yeni bir addım da hesab oluna bilər. İştirakçıların arzusu və iradəsi tədbirin silsilə xarakter daşıması haqqında yekdil rəyə gəlməsində öz ifadəsini tapır. Buna görə də tədbirin Bakı simpoziumu adlandırılması qərara alınmışdır.

Bu bizim üçün ikiqat əhəmiyyətə malikdir, çünki Bakı, son dövrlər müxtəlif sahələrdə olduğu kimi yenə də öz adını tarixə yazır. Amma bu dəfə elm sahəsində, elmi nəzəriyyələrin tədqiqi və inkişafı sahəsində. Bu, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, onun qloballaşan dünyaya inteqrasiyasının möhkəm elmi əsaslarının hazırlanması istiqamətində ümumi səylərin vahid müstəvidə birləşdirilməsinə imkan verən yeni bir baxışdır.

- Simpoziumun gələcək fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Bakı simpoziumunun sonda qəbul etdiyi Bakı Bəyannaməsinə diqqət yetirsək görərik ki, iştirakçılar öz qarşılarında geniş və ambisiyalı məqsədlər təyin etmişlər. Bu da təbiidir. Belə bir mötəbər tədbirin hədəfləri də qlobal xarakter daşımalı və dünya elminin inkişafına öz töhfəsini verməlidir. Bunun üçün ilk növbədə mütəxəssislərin, tədqiqatçıların məqalələrini geniş oxucu kütləsinə çatdırmaq üçün ingilis dilində elmi jurnalın nəşr edilməsi qərara alınmışdır.

Simpoziumda iştirak edənlərin coğrafi məkan baxımdan müxtəlifliyi, onların qloballaşma prosesinə baxışlarında, yanaşma və konsepsiyalarında da müxtəlifliyi özündə əks etdirir. Bu, bir tərəfdən, Simpoziumun həqiqətən tolerant bir mühitdə işləyəcəyini təmin edir, digər tərəfdən isə onların vahid, yekun rəyləri məhz fərqli baxışların ümumu konsensusu kimi yeni ünsiyyət mədəniyyətinin formalaşmasına töhfə verəcəkdir. Onların bütün fikirlərinin tam ifadəsi üçün ingilis dilində elmi jurnal ildə 4 nömrə ilə nəşr ediləcəkdir. Eyni zamanda, əlaqələndirmə işini yüksək səviyyədə təmin etmək üçün vebmail portallarının yaradılması nəzərdə tutulmuşdur. Artıq 2011-ci ilin oktyabr ayında növbəti Simpoziumun hazırlanması məqsədilə təşkilat komitəsi yaradılmışdır.

 

 

Müsahibəni apardı: İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 2.