Bakıda Beynəlxalq Hərbi İdman Şurasının Avropa Konfransı keçirilir

 

Oktyabrın 25-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Avropa konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov konfrans iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, hər sahədə olduğu kimi, idman sahəsində də bir çox uğurlara nail olmuşdur. Bu, ilk növbədə, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyə gələndən sonra respublikada idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. Olimpiya kompleksləri şəbəkəsinin və müxtəlif idman federasiyalarının yaradılması idmanın tərəqqisinə güclü təkan vermişdir. Nəticədə Azərbaycan idmançıları qısa müddət ərzində Avropadadünyada keçirilən idman yarışlarında, o cümlədən Olimpiya oyunlarında yadda qalan uğurlar əldə etmişlər. Ordu idmançılarının da qazandıqları medalların sayı artmışdır. Müxtəlif idman cəmiyyətlərinin fəaliyyət göstərdiyi Azərbaycanda idman, fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulmuşdur. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) idmanın 26 növü üzrə bölmələr fəaliyyət göstərir.

Nazir müavini demişdir ki, indiyədək Azərbaycanda CİSM-in çərçivəsində 2004-cü ildə hərbçilərin cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə hərbçilərin boks üzrə 52-ci dünya çempionatları keçirilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən CİSM-in üzvüdür. Azərbaycanın ordu idmançıları o zamandan bu günədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda iştirak etmişlər. Bu gün Azərbaycanda, o cümlədən Silahlı Qüvvələrdə idmanın bütün növləri özünün tərəqqi dövrünü yaşayır.

Avropa Hərbi İdman Şurasının rəhbəri Mesut Cerit bildirmişdir ki, Bakıda keçirilən bu tədbir çox yüksək səviyyədə təşkil edilmişdir. Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərilir. İdmana bu cür qayğı Azərbaycana böyük uğurlar gətirəcəkdir.

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Əbiyev, Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri Mirkamil Rəhimov tədbirin əhəmiyyətindən danışmışlar.

Hazırda 131 üzv ölkəni özündə birləşdirən CİSM dünya, qitələrarası və regional yarışları və yüksək səviyyəli idmançıları ilə dünyanın ən böyük idman təşkilatlarından birinə çevrilmişdir. Əsas məqsəd və vəzifələrə nail olmaq üçün CİSM hər il 20-ə yaxın hərbi dünya çempionatı və 100-dən çox qitələrarası və regional hərbi idman yarışları təşkil edir.

Oktyabrın 28-dək davam edəcək konfransda quruma üzv olan 30 ölkədən 59 nümayəndə iştirak edir.

 

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 5.