"Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Oktyabrın 28-də Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Rusiyanın Avrasiya Tədqiqatları İnstitutunun təşkil etdiyi tədbirdə Azərbaycanın və Rusiyanın dövlət rəsmiləri, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Avrasiya Tədqiqatları İnstitutunun İnkişaf Fondunun rəhbəri Valeri Tursunov "dəyirmi masa"nı açaraq Azərbaycan-Rusiya əlaqələrindən, tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, bu cür tədbirlər təkcə dövlətlərimizin deyil, vətəndaş cəmiyyətləri institutlarının arasında da münasibətlərin genişlənməsinə xidmət edir.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün sahələrdə inkişaf etməklə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əməkdaşlığımız təkcə dövlət strukturları arasında keçirilmiş tədbirlərlə məhdudlaşmamış, əksinə, daha geniş miqyas alaraq qeyri-hökumət təşkilatlarını və digər vətəndaş cəmiyyəti institutlarını əhatə etmişdir. Bugünkü tədbirin adı da təsadüfi seçilməmişdir. Ona görə ki, istər dövlətlər, istərsə də ictimai təşkilatlar arasında əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayır.

Avrasiya Tədqiqatları İnstitutunun təşəbbüsü ilə bir çox tədbirlər, o cümlədən də bu yaxınlarda Bakıda Azərbaycanın və Rusiyanın regionları arasında münasibətlərə həsr olunmuş konfrans keçirilmişdir. Bu tədbirlərin dövlət tərəfindən deyil, qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunması bir daha onu göstərir ki, Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət bütün sahələrdə əməkdaşlığımızın inkişafına, xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.

Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışan Ə.Həsənov qeyd etmişdir ki, dövlət başçıları səviyyəsində aparılmış danışıqlar, imzalanmış çoxsaylı sənədlər qarşımızda daha geniş imkanlar açmışdır.

Oktyabrın 27-də Həştərxan şəhərində Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilmişdir. Bu formatda son illərdə bir neçə belə görüş təşkil olunmuşdur. Düşünürük ki, bu cür görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verirbundan sonra da verəcəkdir.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan parlamentinin tarixi, parlamentarizm ənənələri, Milli Məclisin fəaliyyəti barədə də danışmış və bildirmişdir ki, ölkəmizdə demokratikləşmə prosesində parlament mühüm rol oynayır.

Ə.Həsənov bugünkü görüşün münasibətlərimizin gələcək inkişafına töhfə verəcəyinə inandığını vurğulamış və bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd etmişdir.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov tədbirin təşkilinə, onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, bu tədbirdə müzakirəyə çıxarılacaq məsələlərin son dərəcə aktual olduğunu bildirmişdir.

O demişdir ki, Federal Məclis və Milli Məclis hər iki ölkə hakimiyyətini layiqli şəkildə təcəssüm etdirir və parlamentlərarası əlaqələr münasibətlərin bütün sahələrində önəmli rol oynayır.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın müxtəlif səviyyələrdə intensiv dialoqla müşayiət olunduğunu vurğulayan S.Vinokurov demişdir ki, parlamentlərin və vətəndaş cəmiyyəti institutlarının da bu kursu davam etdirmələri vacibdir.

S.Vinokurov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını əməkdaşlığın əsas istiqaməti hesab etmişdir. Onun sözlərinə görə, Rusiya son illər Azərbaycanın iqtisadi tərəfdaşları arasında əsas yer tutur.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirin əhəmiyyətindən danışmışdır.

"Dəyimri masa"nın Azərbaycan tərəfdən aparıcısı, akademik Ziyad Səmədzadə bildirmişdir ki, ölkədə inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılması hər bir dövlətin hakimiyyəti qarşısında duran başlıca vəzifədir. Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılmasını özünün prioriteti hesab edir.

Rusiya tərəfindən aparıcı Dövlət Dumasının konstitusiya qanunverciliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin demişdir ki, bu cür tədbirlər hər iki tərəf üçün yeni perspektivlər açır.

Sonra "Azərbaycanda və Rusiyada vətəndaş cəmiyyətinin inkişafının müasir mərhələsində parlamentin rolu və vəzifələri", "Azərbaycan və Rusiya dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu" və "Hakimiyyətin bütün qanadlarının və QHT-lərin səylərinin birləşməsi - Azərbaycan və Rusiya vətəndaş cəmiyyətlərinin inkişafının təminatçısıdır" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Çıxış edən natiqlər Azərbaycanın və Rusiyanın ayrı-ayrı regionları, vətəndaş cəmiyyəti institutları arasında birbaşa əlaqələrin qurulmasının, deputatların beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış etmələrinin, gənclər forumunun, dialoqunun təşkilinin, hər iki ölkənin QHT-ləri arasında daimi fəaliyyət göstərən QHT Forumunun yaradılmasının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, Rusiya və Azərbaycan parlamentləri vətəndaşların sosial həyatının bir çox sahələrində uğurlu aparmalıdırlar. Bu məqsədə nail olmaq üçün, ilk növbədə, sosialyönümlü layihələr hazırlanmalıdır.

Tədbirin sonunda bəyannamə qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 3, 4.