Azərbaycan "MDB-nin iqtisadi liderləri" nominasiyasında "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatı laureatı olmuşdur

 

"İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının Ekspert Şurası 2010-cu il üçün "MDB-nin iqtisadi liderləri" nominasiyasında laureatları müəyyən etmişdir. Laureatlar arasında birinci Azərbaycanın adı çəkilir.

Beynəlxalq Kreditorlar Təşkilatının mətbuat katibi Sergey Dubnovetsk AzərTAc-ın müxbirinə bildirmişdir ki, Beynəlxalq İnvestisiya Mükafatının Təşkilat Komitəsi MDB üzvü olan 11 ölkə barədə rəsmi statistik məlumatları Ekspert Şurasına təqdim etmişdir. Nominantlar Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Özbəkistan, Ukrayna və Ermənistan olmuşdur.

"Ən uğurlu investisiya layihəsi", "Rusiyada ən iri xarici investor", "Ən iri investisiya bankı", "İnvestisiyaların müdafiəsində" nominasiyalarında laureatların siyahısı Ekspert Şurasının sonrakı iclaslarında müəyyən ediləcəkdir. Şuranın ikinci iclası 2010-cu ilin noyabr ayında, Beynəlxalq İnvestisiya Mükafatının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim isə dekabrın 21-də Beynəlxalq Ticarət Mərkəzində keçiriləcəkdir.

Bu mərasim Rusiya Federal Məclisinin Federasiya Şurasının, Rusiya Federasiyası Ticarət-Sənaye Palatasının, Rusiya Banklar Assosiasiyasının, Moskva Ticarət-Sənaye Palatasının, MDB Maliyyə-Bank Şurasının, MDB-nin İqtisadi İnkişaf İşgüzar Mərkəzinin dəstəyi ilə keçirilir.

2010-cu ildə təsis edilmiş "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatı ictimai peşə təltifi olmaqla Rusiyanın və MDB üzvü olan digər ölkələrin investisiya cəlbediciliyinin artırılmasına şərait yaratmağa, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını və investisiya fəallığını stimullaşdırmağa xidmət edir.

Əsas məqsəd bütövlükdə beynəlxalq iqtisadi məkanda və xüsusən ayrı-ayrı dövlətlərarası tərəfdaşlıqlar səviyyəsində investisiyalar bazarının obyektiv mənzərəsini formalaşdırmaqdır. Yüksək texnoloji innovasiya qərarlarından istifadə edilməklə rəqabətə davamlı və yüksək keyfiyyətli məhsulların və xidmətlərin işlənib hazırlanması, istehsalı və satışının sərmayələşdirilməsi sahəsində peşəkarlığa və səriştəliliyə, iqtisadiictimai əhəmiyyətli nailiyyətlərə görə verilən bu mükafat biznesin genişləndirilməsi, yerlərinin sayının artırılması və bunun nəticəsində vergi ayırmalarının artırılması üzrə daha yüksək göstəricilərə nail olmağa yönəlmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 10.