İstiqlal marşı ilə əbədi yüksələn al bayraq

 

Türkiyə Cümhuriyyəti - 87

 

Türkiyə Böyük Millət Məclisi 87 ildir ki, əl-ələ, çiyin-çiyinə, səs-səsə "Şanlı 29 Ekim" (oktyabr) tarixini böyük Vətən şairi Məhmət Akif Ərsoyun İstiqlal marşı ilə qarşılayır. Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi ilə bu tarixdə şəhidlərin müqəddəs qan rəngini ifadə edən ay-ulduzlu bayraq İstiqlal marşının sədaları altında bir daha enməmək üçün ucaldılmış, yeni, müstəqil Türkiyə Cümhuriyyəti yaradılmışdır. Lakin qələbəyə qədər türk xalqı böyük çətinliklər yaşamış, çilələr çəkmiş, şanlı tarixini şəhidlərin qanı ilə yazmışdır.

...1914-cü il yanvarın 26-da Rusiya ilə Türkiyə arasında sülh sazişi imzalansa da, bir neçə aydan sonra - iyulun 19-da başlanan Birinci dünya müharibəsi bu sazişi qüvvədən salır. Türkiyənin vəziyyəti getdikcə ağırlaşır, dünyanın bir neçə güclü dövləti silah-sursatlarını və canlı qüvvələrini İstanbula çəkir. Müharibə Osmanlı dövləti üçün böyük fəlakətlə nəticələnir. İstanbul Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşür. Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarətinə keçir, Şərq ərazilərində Ermənistan və Kürdüstanın qurulması planlaşdırılır. İstanbulda isə bütün dövlətlərin gözü var idi.

Aramsız hücumlar davam edir, İstanbul sularında düşmən gəmiləri üzürdü. Lakinbu qanlı savaşlar, nə də canlı qüvvə itkiləri imperialist dövlətlərə arzuladıqları qələbəni gətirdi.

Türkiyəni tamamilə işğal edib aralarında bölüşdürmək istəyən İngiltərə, Fransa, Almaniya və Yunanıstan donanmaları 1915-ci ilin martında boğazlar vasitəsilə içərilərə doğru hərəkətə başladılar. Ancaq elə boğazdaca türklərin top zərbələri ilə qarşılaşdılar. Martın 18-də bir neçə düşmən gəmisi Çanaqqala boğazında minalara çırpılaraq parçalandı. Bu qanlı savaş boğazlardakı döyüşün taleyini həll etdi. Uğurlu müdafiəyə başçılıq edən möhkəmləndirilmiş qala komandanı Cavad Paşa tarixə "18 Mart" qəhrəmanı kimi daxil oldu. Bu qanlı savaşdakı qələbədən türk xalqı bir gözündən gülür, o biri gözündən yaş axıdırdı. Düşmənlə savaşan 700 min türk məhmətciyinin 213 min 882-si şəhild olmuşdu. Türk dünyasının böyük şairi Məhmət Akif Ərsoy məşhur "Çanaqqala şəhidlərinə" şeirini də onların müqəddəs ruhuna həsr etmişdi.

Türk şairləri və yazarları xalqını qəflət yuxusundan oyatmaq, İstanbulu, Anadolunu düşmənlərə tapdaq etdirməmək üçün son nəfəsədək vuruşmağa səsləyir, vətənpərvər şeirlər, nəsr əsərləri yazırdılar. Ən böyük istəkləri çökmüş Osmanlı quruluşunun yerində yeni, müasir, mədəni Türkiyə dövləti yaratmaq idi ki, bunun üçünsavaşmaq, qan tökmək gərək idi. Belə də oldu, çox keçmədən hürriyyət və millət uğrunda savaşlar görünməmiş vüsət aldı, analar oğullarını Vətəni qorumağa göndərirdilər. O dönəmlər Azərbaycanda da milli azadlıq hərəkatı genişlənmiş, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Abbas Səhhət, Cəfər Cabbarlı kimi şair və yazıçılar Məhmət Akif Ərsoylarla bir sırada qədim türk xalqlarını millət kimi təsdiq etmək üçün savaşdılar, əski türk düşüncəsini müsəlman toplumu fəlsəfəsindən millət müstəvisinə qaldırdılar. Böyük Hüseyn Cavid yazırdı: "Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar!

1919-cu ildə yunan ordusu imperialist dövlətlərin hərbi gəmilərinin köməyilə İzmiri işğal edib yenidən İstanbula doğru hərəkət etdi. Həmin ilin mayında Şərqi və Mərkəzi Anadoluda general Mustafa Kamal Paşa Atatürkün liderliyi altında Türk Milli Azadlıq Hərəkatı başladı. O, vaxt itirmədən qanlı savaşlara girdi. 1922-ci ilin payızına qədər amansız müharibə davam etdi. Bu vaxt Türkiyənin daxilində də vəziyyət ürəkaçan deyildi. Erməni quldur dəstələri düşmən ölkələrin yardımı ilə Anadolunun ucqarlarında, Sarıqamışda, Vanda, Bitlisdə və Türkiyənin başqa sərhəd bölgələrində əliyalın türk obalarına hücum edir, amansız qətllər törədirdilər. Açılan hər sabah minlərlə Anadolu insanının qətli ilə qaralırdı. Ancaq qəhrəman türk xalqı usanmadı, Mustafa Kamal Paşanın komandanlığı altında sonadək savaşdı.

1923-cü ilin əvvəllərində Mustafa Kamal Paşanın komandanlığı altında türk ordusu imperialist qüvvələr üzərində tam və qəti qələbə çalaraq işğal olunmuş bütün ərazilərini düşmən qüvvələrindən təmizlədi. Qara dəniz sularında Türkiyə gəmiləri üzməyə başladı. Bu qələbə əsrlərdən bəri müstəmləkə şəraitində yaşayan türk dövlətlərinin, bütün Şərq xalqlarının milli-azadlıq hərəkatına səbəb oldu.

Böyük Atatürkün türk məhmətcikləri ilə yenidən yaratdığı müstəqil Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da dünyaya bəyan edildi. Bir neçə il öncə Türkiyəni aralarında bölüşdürməyə cəhd edən dövlətlər nəinki onun müstəqillik bəyanatını tanıdı, bu sevinci paylaşmaq üçün İstanbula təşrif buyurdular. Atatürkün irəli sürdüyü təklifləri qeyd-şərtsiz qəbul edir, dostluq sazişi imzalayırdılar. Məhmət Akif Ərsoyun yazdığı İstiqlal marşı ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı. Sabahı gün Türkiyə qəzetləri şairin bu sözləri ilə başlayırdı: "Allah türk xalqına bir daha istiqlal marşı yazmağı nəsib etməsin".

Türkiyənin böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu, ölkənin milli dirçəlişi üçün əlverişli şərait yarandı. Hakimiyyətə gəlmiş yeni hökumətin qarşısında ölkəni inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq, siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək kimi mühüm vəzifələr dururdu.

Eyni soy-kökə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malik iki qardaş xalq - Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hələ dövlətlərarası hüquqa söykənmədiyi çağlarda da möhkəm olmuşdu. XX əsrin əvvəllərində bu doğmalıq və qardaşlıq dövlətlərarası əməkdaşlığa əsas olmuş, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi-hərbi əməkdaşlığın təməli qoyulmuşdur. Balkan savaşlarında, Birinci dünya müharibəsində Türkiyənin iştirak etməsi, qoyulmuş qadağalara baxmayaraq Azərbaycan türklərini hərəkətə gətirmiş, onlar öz qandin qardaşlarına yardıma qaçmışlar. Mənbələr göstərir ki, Balkan savaşında Türkiyəyə ilk siyasi dəstəyi verən də qardaş Azərbaycan olmuşdur. 1912-ci ildə İstanbulun "Səbilür-Rəşad" məcmuəsində Azərbaycanın bəyanatı dərc olunur: "Dindaşlar! Bilinagah olun ki, yeganə ümidimiz və nicatımız Türkiyənin istiqlal və tərəqqisindədir".

1918-ci ildə isə beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanı bolşevik-daşnak istilasından qurtarmaq üçün Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın səyi ilə yaradılan və kiçik qardaşı general-leytenant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı parçalanmaqdan xilas etmiş, paytaxt Bakı işğaldan qurtulmuş, bu döyüşlərdə 1140 türk əsgəri şəhid olmuşdu. Anadolu məhmətçiklərinin Azərbaycan uğrunda tökülən qanlarının izləri bu gün də ölkəmizin müxtəlif bölgələrində yaşayır.

İstiqlalına qovuşan gənc Türkiyənin qarşısında duran ən əsas vəzifələrdən biri Cənubi Qafqazda ən böyük dövlət olan dost Azərbaycanla münasibətləri daha da genişləndirmək, əlaqələri möhkəmləndirmək idi. Bu münasibətlər 70 ildən sonra yenidən ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisi ilə əbədiyyətə yol aldı.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində söylədiyi "Bir millətin iki diasporu olmaz" fikri isə iki qardaş xalqın birliyinin ən gözəl ifadəsidir. Azərbaycanla bağlı hər hansı bir sənədin BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq nüfuzlu təşkilatlar çərçivəsidə müzakirəsi zamanı ölkəmiz birinci olaraq qardaş Türkiyədən dəstək alır. Bakı da hər zaman Ankaraya eyni sevgini nümayiş etdirir. Hər iki ölkənin rəhbərləri çıxışlarında bu fikri dönə-dönə vurğulayırlar: "Heç kimdə zərrə qədər şübhə yeri qalmasın, hər iki xalqın bayrağı sonsuzadək yan-yana dalğalanacaq".

Göründüyü kimi, XX əsrin əvvəllərində böyük türk və Azərbaycan ziyalılarının canları və qanları hesabına yaratdıqları türkçülük məfkurəsi əsrin sonunda türk dünyasını xilas etdi, onları bir-birinə sıx bağladı, bir daha ayrılmamaq üçün.

XXI əsrdə isə ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, regionda sülhün və əməkdaşlığın bərqərar edilməsi kimi böyük amallar birləşdirir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 11.