Həştərxanda imzalanmış Bəyannamə humanitar xarakter daşıyır

 

Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri bu problemin səmərəli həllinə ümidləri artırır.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Ə.Həsənov bildirmişdir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının oktyabrın 27-də Həştərxanda keçirdikləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunmuşdur. Görüşün sonunda hərbi əsirlərin və Dağlıq Qarabağ müharibəsi nəticəsində həlak olanların cəsədlərinin qaytarılmasını nəzərdə tutan və əsasən humanitar xarakter daşıyan Bəyannamə imzalanmışdır.

Hərbi əsirlərin, münaqişə zonasında həlak olanların cəsədlərinin, xüsusilə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin qaytarılmaması məsələsi uzun müddətdir ki, Azərbaycan xalqını narahat edir. Düşünürəm ki, Bəyannamədən sonra bu məsələlər öz həllini tapacaqdır.

Bu Bəyannamə həm də etimad tədbirlərinin möhkəmlənməsinə yönəldilmişdir.

 

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 2.