Almatıda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçirilmişdir

 

Almatıda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov, Qazaxıstan Xalqları Assambleyasının üzvləri, şəhərdəki digər milli mədəniyyət mərkəzlərinin rəhbərləri, vilayətlərdən qurultaya seçilmiş nümayəndələr, diasporumuzun üzvləri iştirak etmişlər.

Qurultayı Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov açaraq gündəlikdə duran məsələlər haqqında danışmış, ötən müddətdə görülən işlərlə bağlı hesabat vermişdir.

Qurultayda çıxış edən səfir Zakir Həşimov Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin və ictimai birliklərin birləşdirilməsi məqsədilə keçirilən qurultayın işinə yüksək qiymət vermiş, bütün tədbirlərin bir mərkəzdən əlaqələndirilməsinin böyük səmərə verəcəyini qeyd etmişdir.

Qazaxıstan-Azərbaycan dostluğundan danışan səfir bu dostluq və qardaşlıq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulduğunu diqqətə çatdırmış, əlaqələrin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Səfir qeyd etmişdir ki, Qazaxıstan MDB ölkələri və türkdilli dövlətlər arasında birinci ölkədir ki, ATƏT-ə sədrlik edir, Astanada ATƏT-in zirvə görüşünün keçirilməsi isə bu ölkənin böyük qələbəsidir. Z.Həşimov ümidvar olduğunu bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi də müzakirəyə çıxarılacaq və bu istiqamətdə mühüm addım atılacaqdır.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri F.Nəcəfov bildirmişdir ki, ölkə rəhbərliyi diasporla işə böyük önəm verir. Hələ səkkiz il bundan əvvəl ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə xaricdə yaşayan soydaşlarımızla işləyən komitə yaradılmışdır və bu gün uğurla fəaliyyət göstərir. O, Astana və Almatı şəhərlərində, həmçinin vilayətlərdəki mədəniyyət mərkəzlərinin və ictimai birliklərin birləşdirilməsi ideyasının çoxdan gündəlikdə olduğunu diqqətə çatdırmış, qurultayın bu istiqamətdə tarixi rol oynayacağını xüsusi vurğulamışdır.

Dünya Axıska Türkləri Birliyinin prezidenti, Almatıdakı Axıska Türkləri İctimai Birliyinin sədri Ziyaeddin İsmixanoğlu, Kürd Mədəniyyət Mərkəzinin sədri akademik Knyaz Mirzəyev qurultayın keçirilməsi münasibəti ilə salona toplaşanları təbrik etmişlər.

Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov, vilayətlərdən gəlmiş mədəniyyət mərkəzlərinin rəhbərləri çıxış etmiş, görülən işlərdən danışmış, ölkədəki Azərbaycan mədəniyyət mərkəzlərinin birləşdirilməsinə müsbət yanaşdıqlarını qeyd etmişlər.

Qurultayda Əbülfəz Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri, Qəhrəman Bəşirov isə təftiş komissiyasının sədri seçilmişlər.

Yığıncaq iştirakçıları Azərbaycan və Qazaxıstan prezidentlərinə müraciətlər qəbul etmişlər. Bununla da, qurultay öz işini başa çatdırmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Almatı

 

Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 2.