M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olmuşdur

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycana rəsmi səfərində müşayiət edən nümayəndə heyətinin tərkibində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Viktor Sadovniçi də Bakıya gəlmişdir.

Viktor Sadovniçi sentyabrın 2-də MDU-nun Bakı filialında olmuş, bu ali məktəbin rektoru, professor Nərgiz Paşayeva ilə görüşmüşdür.

Professor N.Paşayeva filialın fəaliyyətindən danışmış, tələbələrin sayının artıq 263 nəfərə çatdığını qeyd etmiş və fəaliyyətində MDU-nun dəstəyini həmişə hiss etdiyini bildirmişdir. Bakı filialının rektoru belə görüşlərin vacibliyini xüsusi qeyd etmişdir.

Universitetlə filial arasında əməkdaşlığın perspektivlərindən danışan akademik Viktor Sadovniçi Bakı filialının tələbələri üçün "XXI əsrin universiteti" adlı kitablar gətirdiyini, sentyabrın 1-də bu kitabdan MDU-nun bütün birinci kurs tələbələrinin də aldığını bildirmişdir.

Görüşdə Nərgiz Paşayeva fərqlənən tələbələr üçün xüsusi təqaüdün təsis edilməsini və onun "Lomonosov təqaüdü" adlandırılmasını təklif etmişdir.

MDU-nun Bakı filialının fəaliyyətini yüksək qiymətləndirən V.Sadovniçi burada həm təhsilin, həm də təşkilati məsələlərin ən müasir səviyyədə qurulduğunu vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 4.