Ən uca bayraq

 

Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidir

 

Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faciələrlə üz-üzə qalmış, lakin bütün bunlara baxmayaraq, öz qürurunu, ləyaqətini itirməmiş, milli dəyərlərini qorumaqla qüdrətini bir daha sübuta yetirmiş, müstəqillik haqqına sahib olmuşdur. Azərbaycan xalqı XX əsrin əvvəllərində öz müstəqillik arzusuna qovuşsa da, bu, cəmi 23 ay çəkdi. Bu qısa zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həmin dövrə uyğun çox mütərəqqi addımlar atmışdır. Bunlardan ən əsası isə dövlət rəmzlərinin yaradılması olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədəki fəaliyyəti dövründə - 1918-ci ilin iyununda Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul etdi. Həmin il iyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Sonradan isə noyabrın 9-da həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqdan ibarət olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin himninin qəbul edilməsi ilə də əlamətdar oldu. Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılması da AXC hökumətinin qısa müddət ərzində həyata keçirdiyi tarixi hadisə idi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraq aradan götürüldü. Azərbaycanın üçrəngli bayrağı ikinci dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı. Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə bərpa olunduMuxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Soveti Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Sovetinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş ümummilli liderin Naxçıvanda əvvəlcə deputat, sonralar isə muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi bu bölgədən başlanan müstəqillik yolunun bütün Azərbaycan boyu genişlənməsinə, nəticədə milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Keçmiş sovetlər birliyinin mövcud olduğu bir dövrdə ulu öndərin cəsarətli addımları hesabına Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Sovetində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.

Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidməti bundan ibarətdir ki, ümummilli lider Azərbaycan dövlətini qurub-yaratmaqla bərabər bu dövlətin müstəqil yaşaması üçün zəruri əsasları da təmin etdi. Ulu öndərin qurduğu müstəqil Azərbaycan dövləti hazırda bütün dünya azərbaycanlılarının siyasi istinadgahına çevrilmişdir. Heydər Əliyev Azərbaycanda demokratikləşmə prosesinin əsasını qoymuş, xalqı vahid bir ideologiya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirərək bizlərə zamanın çətin sınaqlarından alnıaçıq, üzüağ çıxmağı öyrətmişdir. Heydər Əliyevin zəngin irsindən bəhrələnən insanlar üçün bu, böyük bir dövlətçilik məktəbidir. İndiki nəsil bu məktəbdən öyrəndiklərini Azərbaycanın xoşbəxt gələcəyi naminə tətbiq etməklə milli dövlətçiliyimizin inkişafına töhfə verməyə çalışır.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın daha da qüdrətlənməsi və dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirmək üçün ötən 7 ildə böyük işlər həyata keçirmişdir. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada liderliyini qoruyub saxlayır. Ölkəmizin gücünün və qüdrətinin artması, bölgənin aparıcı dövləti olması artıq dünyada da birmənalı etiraf olunur. Azərbaycanın birbaşa iştirakı ilə bölgədə gerçəkləşdirilən qlobalregional layihələr respublikanın iqtisadi potensialını getdikcə artırmaqdadır. Bu gün Azərbaycanda geniş tikinti-quruculuq işləri həyata keçirilir. Azərbaycanda səfərdə olan nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini çox yüksək dəyərləndirirlər. Paytaxtda, eləcə də bölgələrimizdə ən müasir standartlara cavab verən möhtəşəm sosial obyektlər, istehsalat müəssisələri Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha təsdiqləyir. Bu günlərdə öz möhtəşəmliyi ilə diqqəti cəlb edən Dövlət Bayrağı Meydanının açılışı oldu. Azərbaycan dövlətinin suverenliyinin rəmzi sayılan dövlət bayrağımızın Dövlət Bayrağı Meydanında dalğalanması hər bir azərbaycanlıda fəxarət hissi oyatdı.

Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ilin noyabrında Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

2007-ci ilin dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdu. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev demişdir: "Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi Mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 1, 2.