Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda daha bir istirahət parkı istifadəyə verilmişdir

 

 Paytaxtımıza gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Bakının Nərimanov rayonundakı istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifadəyə verilmişdir.

Aparılan abadlıq və quruculuq işləri paytaxtımızı gündən-günə gözəlləşdirir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, yaraşıqlı, zövq oxşayan istirahət parklarının salınması Bakımızın simasını dəyişir. Nərimanov rayonunun Molla Cümə küçəsindəki istirahət parkı təmir və yenidənqurma işlərindən sonra orijinallığı ilə seçilən istirahət mərkəzlərindən birinə çevrilmişdir.

Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat vermişdir ki, burada paytaxt sakinlərinin, qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazisi 14 min kvadratmetr olan parkda üç ay müddətində təmir-tikinti işləri aparılmış, on minədək müxtəlif dekorativ ağackol, çiçək əkilmiş, səkkiz min kvadratmetr əraziyə yaşıl zolaq salınmışdır. Bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması parka xüsusi yaraşıq verir. Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan rahat oturacaqlar quraşdırılmışdır. Parkın ərazisinə kərpic formalı beton üzlük daşları döşənmişdir. İstirahət məkanında İtaliyadan gətirilmiş müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı yeni fəvvarə kompleksi əraziyə xüsusi bir yaraşıq verir. Təmir və tikinti-quraşdırma işləri zamanı balacalar da yaddan çıxarılmamışdır. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılmış, idman və əyləncə meydançaları salınmışdır. Parkın ətrafındakı binalarda da aparılan bərpa işləri ümumi ansambla uyğunlaşdırılmışdır. İstirahət məkanının ətraf ərazisi abadlaşdırılmış, avtomobil yollarına yeni asfalt döşənmişdir. Səkilərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Parkda aparılan işlərdən razı qalan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istirahət məkanının rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili və mənalı dincəlmələrinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir. Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud istirahət ocaqlarında abadlaşdırma işlərinin aparılması dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 4.