Xalqa və dövlətə xidmət məramı

 

Heydər Əliyev Fondunun 6 ildə uğurla həyata keçirdiyi layihələr ölkədə mütərəqqi təhsil ənənələrinin güclənməsinə xidmət edir

 

Müasir qloballaşma dövründə hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır. Bəşər tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin elmə və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

Sivil dünya gerçəklikləri ilə çuğlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Ümummilli lider Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlişində özünü göstərməklə aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların möhkəm maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq göstərirdi ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biridir. Ulu öndərin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun hərtərəfli elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir.

 

Mütərəqqi təhsil ənənələrinin davamçısı

 

Ötən 7 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev də elm və təhsilin problemlərini diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafına dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir.

Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar da dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla təhsil işçilərinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır.

Şübhəsiz, elm və təhsil kimi strateji sahələrdə özünü göstərən problemlərin həllini yalnız dövlətdən gözləmək obyektiv yanaşma olmazdı. Bu prosesdə dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai birliklər, qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidirlər. İctimai statusda fəaliyyət göstərməsinə rəğmən, cəmiyyət həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin icrasında yaxından iştirak edən Heydər Əliyev Fondunun fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 6 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir.

Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı layiqli şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar da məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə böyük diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun ötən 6 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, ilk növbədə, ölkədəki məktəb binalarının vəziyyəti öyrənilmişdir. Aparılan monitorinqlər göstərmişdir ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə mənfi təsir edən mühüm amildir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır. Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur.

2006-cı ildə Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. 2008-2009-cu tədris ilində fondun təşəbbüsü ilə ölkədə inşa olunan yeni məktəb binalarının sayı ümumilikdə 283-ə çatdırılmışdır. Bu, yeni şəraitdə, müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan 75 mindən çox şagirdin həyatında ciddi dəyişiklik, yenilik deməkdir.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

"Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xətti ilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

Layihə çərçivəsində Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin məktəbin 2010-cu il sentyabrın 1-də istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ulyanovsk vilayətinin qubernatoru Sergey Moroz bununla əlaqədar demişdir: "Bizim birgə səylərimiz sayəsində şəhərin xəritəsində çox maraqlı mikrorayon qeydə alınmışdır. Heydər Əliyev adına meydanda gənclər gəzintiyə çıxır, uşaqlar oynayır, ahıllar dincəlirlər. İndi Heydər Əliyev Fondundan olan tərəfdaşlarımız bizə müasir məktəb binasını hədiyyə etmişlər. Sağlam millətlərarası münasibətlərin mozaikası da məhz belə yaranır".

Heydər Əliyev Fondunun bu sahədə başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkənin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə

YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO ekspertləri dəfələrlə Azərbaycanda olaraq məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar.

Heydər Əliyev Fondu YUNESKO ilə təkcə təhsil sahəsində deyil, həm də mədəniyyət sahəsində səmərəli əməkdaşlığa nail olmuş, Azərbaycanın milli-mənəvi irsinin dünya miqyasında tanınmasında təşkilatın geniş imkanlarından bəhrələnmişdir. Ötən illərdə Azərbaycanda YUNESKO-nun xətti və dəstəyi ilə Mədəni İrsin Qorunmasına dair seminar-konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının (1954) qəbulunun 50 illiyinə həsr edilmiş "dəyirmi masa" və digər tədbirlər keçirilmişdir. Azərbaycan muğamının, aşıq musiqisinin, eləcə də Novruz bayramının YUNESKO-nun Qeyri-maddi irs siyahısına salınması da bu əməkdaşlığın müsbət nəticələridir.

 

Beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısı

 

Heydər Əliyev Fondu fəaliyyətində milli və bəşəri dəyərləri uca tutmaqla həm də beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 6 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Hələ 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı Azərbaycan milli təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının 2008-ci ildə Bakıda təşkil olunması da Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini göstərmişdir. Belə bir mühüm konfransın keçirilməsi böyük siyasi əhəmiyyət kəsb etməklə respublikanın elm və təhsil ictimaiyyətinə Avropa ölkələrinin bu sahədəki müsbət təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır. Azərbaycanın milli problemlərinə əsl vətəndaş mövqeyi nümayiş etdirən, respublikanın üzləşdiyi təcavüz və soyqırımı siyasətini vətənpərvərliklə bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva konfransdakı çıxışında ənənəvi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkmişdir. Milli Məclisin deputatı eyni zamanda Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün övladlarının təhsili üçün gördüyü böyük işlərdən söz açmışdır: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmışdır. Son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşıbdır. Qaçqın-köçkün uşaqları münaqişənin nəticələrindən əziyyət çəkirlər. Buna baxmayaraq, mürəkkəb vəziyyət olsa da, hökumətimiz həmin uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmişdir. Biz onların təhsil problemlərini həll etmək məqsədilə regionlardakı infrastrukturu dəstəkləyən təhsil modelini yaratmışıq. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblər kimi eyni səviyyədə fəaliyyət göstərir".

Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının 2010-cu ilin mayında Bakı şəhərində keçirilməsi də müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə imza atmış sivil dövlətlər sırasında olduğunu göstərir. "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda konfrans isə respublikamızın qadın hüquqlarının qorunması sahəsində heç də inkişaf etmiş dövlətlərdən geri qalmadığını göstərmişdir.

Prezident İlham Əliyev bütün xarici səfərlərdən uğurla qayıdır. Dövlət başçısının milli mənafelərə əsaslanmaqla həyata keçirdiyi fəal, balanslı və praqmatik siyasətinin səmərəli nəticələr verməsində fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı bu səfərlərdə, habelə müxtəlif beynəlxalq tədbirlərdə ölkə həqiqətlərinin fəal carçısı kimi çıxış etməklə yanaşı, həm də parlaq şəxsiyyətində Azərbaycan qadınına xas nəcibliyi, mənəvi zənginliyi, mədəniyyəti, ziyalılığı, humanizmi, sülhpərvərliyi təcəssüm etdirir. Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidentinin keçirdiyi yüksək səviyyəli görüşlər dövlət başçısı İlham Əliyevin xarici səfər proqramlarını daha rəngarəng və məzmunlu edir, səmərəliliyini yüksəldir. Beynəlxalq ictimaiyyətdə Azərbaycan qadınının yüksək intellektual-mədəni səviyyəsi, milli və bəşəri dəyərlərə sadiqliyi ilə bağlı dolğun, obyektiv qənaət formalaşır. Misal üçün bir faktı diqqətə çatdıraq ki, Mir Cəlal Paşayevin Fransada keçirilmiş 100 illik yubileyi mərasimində Heydər Əliyev Fondunun prezidentinin ingilis dilində səlis nitq söyləməsi, təkcə görkəmli yazıçının fəaliyyətini deyil, bütövlükdə Azərbaycan ədəbi düşüncəsini dərin təhlil etməsi tədbirin əcnəbi iştirakçılarında böyük maraq, xoş təəssürat doğurmuşdur. Tədbirdən sonra onlar söhbət əsnasında Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının yüksək intellektual-mədəni səviyyəyə, kübar keyfiyyətlərə malik olduğunu razılıq hissi ilə bildirirdilər.

 

Ölkə həqiqətləri dünyaya çatdırılır

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün fond bütün imkanlardan səmərəli istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Bu baxımdan Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu addımlardan biridir. Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Layihənin davamı olaraq fond Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, həmçinin işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir. Eyni zamanda, fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Anma mərasimlərində fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.

Son illər Heydər Əliyev Fondunun beynəlxalq miqyaslı quruma çevrilməsi istiqamətində işlər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, ABŞ-da və Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycan gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə İSESKO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqqında obyektiv məlumatlandırmaqdır.

Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Baku" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə bilirlər.

 

Fondun fəaliyyəti layiqli örnəkdir

 

Heydər Əliyev Fondunun və onun Moskva nümayəndəliyinin Bakı Dövlət Universiteti ilə sıx əlaqələri vardır. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə universitetdə olmuş, müxtəlif səviyyəli tədbirlərdə iştirak etmişdir. Azərbaycanın birinci xanımının BDU-nun 90 illik yubileyində iştirakı da universitetin professor-müəllim heyətində, tələbələrində ruh yüksəkliyi doğurmuşdur. Hesab edirik ki, Azərbaycanın birinci xanımının çoxşaxəli vətənpərvər fəaliyyəti BDU-nun tələbə gəncləri üçün layiqli örnək və nümunədir.

Fondun Moskva filialının xətti ilə universitetə 48 adda 600-dən çox dəyərli dərsliyin hədiyyə olunmasını da mühüm faktlardan biri kimi diqqətə çatdırmaq istərdik. Bundan əlavə, fondun Moskva nümayəndəliyinin təşəbbüsü ilə 2010-cu ilin iyul ayında Rusiya Federasiyası Tələbə-Gəncləri BDU-da olmuş, səmərəli müzakirələr aparmışlar. Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Gənclər İctimai Palatasının sədri Vadim Yurko iki ölkənin gənclər təşkilatlarının səmərəli əməkdaşlığının genişlənməsində Heydər Əliyev Fondunun Moskva filialının fəaliyyətini yüksək dəyərləndirmişdir.

Ümumiyyətlə, bir ziyalı kimi bu qənaətdəyəm ki, Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, gördüyü işləri sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ən ümumi şəkildə demək olar ki, fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır. Əslində, fond 6 illik fəaliyyəti ilə 50 ildə görülə biləcək tədbirləri uğurla gerçəkləşdirmiş, Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının, habelə milli dövlətçilik ideologiyasının formalaşmasına, ictimai şüurda möhkəmlənməsinə sanballı töhfələrini vermişdir.

Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. 2009-cu il 5 may tarixli sərəncamı ilə fondun prezidentini "Heydər Əliyev mükafatı"na layiq görən dövlət başçısı İlham Əliyev qurumun cəmiyyət və xalq naminə xidmətlərini də yüksək dəyərləndirir: "Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır".

Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Bu tədbirlər, həyata keçirilən xoşməramlı missiya BDU-nun çoxsaylı professor-müəllim heyəti, tələbələri tərəfindən də dəstəklənir, alqışlanır. Çünki insan amilinin yüksəlişinə xidmət edən bu layihələr ilk növbədə Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin təzahürüdür. Universitet kollektivi əmindir ki, fond millətin gələcəyinə və xoş sabahına hesablanmış bu xoşməramlı missiyanı bundan sonra da inamla davam etdirəcəkdir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 5.