Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki

 

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc, namaz və dualarınızın qəbul olunmasını diləyirəm.

Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün bu mübarək ay boyunca ibadətlərimizə əməl edərək, Ramazani-Şərifin builki bayram səadətinə qovuşmağı bizlərə nəsib etdi. Qoy islam dininə sədaqətini nümayiş etdirmiş müsəlmanlarımıza bu mübarək ayın fəzilət və bərəkətləri nəsib olsun.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər olsun ki, xalqımız ildən-ilə Ramazanın mahiyyətindən irəli gələn dəyərlərə daha artıq dərəcədə sahib olur. Milli birlik və həmrəyliyimizə vəsilə olan Ramazan bayramı dövlət səviyyəsində də qeyd olunur.

Əsrlər boyu mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edən bu bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilib, küsülülər barışıb, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilib, fitrə və sədəqələr verilib, dünyasını dəyişmiş yaxınların qəbirləri ziyarət edilib.

Allah-Taalanın lütfü və mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəklərindən qaynaqlanır. Bu əziz bayram günündə qədirbilən xalqımız milli-mənəvi dəyərlərimizin inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət diləyir. Uca Allahdan möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında millətimizin uğurlarına, dövlətimizin qüdrətinə rəvac verməsini diləyirik. Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, Qarabağda Azərbaycan bayrağının ucaldılmasını bizlərə nəsib etsin. Şəhidlərimizin ruhları şad olsun.

Bir daha əziz bayram - Eydül-Fitr münasibətilə bütün mömin qardaş və bacılarımı təbrik edir, Uca Yaradandan hər birinizin evinə rifah, ruzi və əmin-amanlıq bəxş etməsini diləyirəm. Qoy xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşsin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

 

 

Şeyxülislam

Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları

İdarəsinin sədri

 

Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 6.