Dünya Bankı ilə səmərəli əməkdaşlıq davam edir

 

Sentyabrın 14-də Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının vitse-prezidenti Filip Le Ueru ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dünya Bankının ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayan nazir dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çox yüksək iqtisadi inkişaf sürətinə nail olduğunu bildirmiş, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar, o cümlədən vətəndaşların hüquqlarının etibarlı təmin edilməsi və əhalinin müraciət imkanlarının artırılması üçün yeni regional məhkəmələrin yaradılmasını, inzibati ədliyyənin formalaşdırılmasını, hakimlərin sayının 2 dəfə artırılmasını və digər mütərəqqi tədbirləri vurğulamışdır.

Görüşdə Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin mühüm əhəmiyyəti qeyd edilərək ədliyyə və məhkəmə infrastrukturunun gücləndirilməsinə və müasir texnologiyaların tətbiqinə, bu sahədə həyata keçirilmiş tədbirlər və görüləsi işlərə, o cümlədən yeni məhkəmə binalarının layihələrinə dair film nümayiş etdirilmişdir.

Qonaq ölkəmizin son illər ərzində iqtisadihüquqi sahədə yüksək uğurlarını təqdir etmiş, digər dövlətlərin on illər ərzində əldə etdikləri nailiyyətləri Azərbaycanın qısa müddətdə qazandığını bildirərək ölkəmizdə baş verən bu nəhəng dəyişikliklərə heyranlığını ifadə etmişdir. O, aparılan genişmiqyaslı işlərə böyük maraq göstərərək ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatlara bundan sonra da hər cür dəstək göstərmək üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Layihə çərçivəsində Yasamal Rayon Məhkəməsinin yeni inşa edilən inzibati binasına baş çəkdiyi zaman tikintinin böyük sürətlə və yüksək keyfiyyətlə aparılmasının şahidi olduğunu qeyd edən qonaq layihənin icrasında ədliyyə işçilərinin peşəkar fəaliyyətinə və nailiyyətlərə görə Azərbaycan tərəfini təbrik etmişdir.

Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 4.