Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsində Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüş olmuşdur

 

Sentyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsində (AQUPDK) ölkəmizdə səfərdə olan Latviyanın sabiq Prezidenti, BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri xanım Vayra Vike-Freyberqa ilə görüş olmuşdur.

Komitənin sədri Hicran Hüseynova qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirmiş, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. H.Hüseynova qadınların cəmiyyətin həyatında fəal iştirakının tərəfdarı olduğunu bildirmiş, ailə, qadın və uşaq problemləri ilə bağlı görülən işlər, əldə olunan nailiyyətlər və mövcud problemlər barədə danışmışdır. Ölkəmizdə əsasən maarifləndirmə proqramlarının həyata keçirildiyini bildirən komitə sədri qadınların ölkədə gedən intensiv proseslərə cəlb olunduğunu, mövcud prolemlərin həlli istiqamətində müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etdiklərini bildirmişdir.

Qonaq müasir ailələrdə gender bərabərliyinin, mənəvi dəyərlərin, ənənəvi ailə-nikah münasibətlərinin qorunmasının vacibliyini vurğulamış, Azərbaycanda qadınların cəmiyyətdə bütün sahələrdə fəal iştirakını yüksək qiymətləndirmişdir.

Görüşdə dünyada mövcud olan qadın problemləri, erkən nikah, gender bərabərliyi, insan alveri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Tədbirdə Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 6.