"Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı bənd BMT Baş Məclisinin 65-ci sessiyasının gündəliyinə salınmışdır

 

Bu həftə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası öz işinə başlamışdır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan Azərbaycanın bu sessiyadan gözlədikləri və planları barədə AzərTAc-ın xüsusi müxbiri ölkəmizin BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyevlə söhbət etmişdir.

- Cənab Mehdiyev, BMT Baş Məclisinin bu həftə açılan yeni sessiyasında üzv dövlətlər nələri diqqətdə saxlayacaqlar?

- Bildiyiniz kimi, cari il sentyabrın 14-də BMT Baş Məclisinin 65-ci sessiyası öz işinə başlamışdır. Sessiya çərçivəsində davamlı inkişafa yardım, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi, insan hüquqlarının təşviq edilməsi, humanitar yardımın göstərilməsi üzrə səylərin səmərəli əlaqələndirilməsi, ədalətə və beynəlxalq hüququn inkişafına yardım, tərksilah, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması, beynəlxalq terrorizmlə mübarizə və digər məsələlər müzakirə ediləcəkdir.

Eyni zamanda, bildirmək istərdim ki, sentyabrın 20-22-də 65-ci sessiya çərçivəsində Minilliyin İnkişaf Məqsədlərinə dair yüksək səviyyəli plenar iclas keçiriləcəkdir. İclasın əsas məqsədi sonuncu dəfə 2005-ci ildə keçirilmiş görüşdən bu günədək olan vəziyyəti müzakirə etmək və 2015-ci ilədək görüləcək tədbirləri müəyyənləşdirməkdən ibarətdir.

- Azərbaycanı bu gündəlikdə duran hansı məsələlər yaxından maraqlandırır?

- Ölkəmiz BMT-nin üzvü olaraq, yuxarıda adları çəkilən bütün məsələlərə xüsusi diqqət yetirir və onların müzakirəsində yaxından iştirak edir. Eyni zamanda, bizim üçün ən vacib məsələ, şübhəsiz ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və ərazilərimizin işğal edilməsi faktının gündəmdə saxlanılmasıdır. Bu məqsədlə təşkilat çərçivəsində ötən sessiyalarda olduğu kimi, daimi nümayəndəlik tərəfindən məsələ ilə bağlı təşəbbüslər irəli sürüləcək, mütəmadi olaraq ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun nəticələri, tarixihüquqi aspektləri barədə məlumatlar veriləcəkdir.

- "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"lə bağlı məsələnin başa çatan sessiyada müzakirə olunmaması xüsusilə erməni kütləvi informasiya vasitələrində müxtəlif cür yozulmaqdadır. Ölkəmizin bu haqda qərarının hansı məntiqdən irəli gəldiyini şərh edə bilərsinizmi?

- Bildiyiniz kimi, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT-nin 64-cü sessiyasının plenar iclasının gündəliyində "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı 18-ci bənd və "Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması" başlıqlı A/64/L.57 saylı qətnamə layihəsi yer almışdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri aidiyyəti tərəflərlə apardıqları məsləhətləşmələr nəticəsində elan etmişlər ki, cari il sentyabrın sonu - oktyabrın əvvəlində işğal olunmuş ərazilərdəki humanitar vəziyyətin öyrənilməsi məqsədilə regiona faktaraşdırıcı missiya səfər edəcəkdir. Xoş məram, konstruktivlik mövqedən çıxış edərək, Azərbaycan tərəfi 64-cü sessiyanın plenar iclasının gündəliyində olan A/64/L.57 saylı qətnamə layihəsinin baxılmasının təxirə salınmasını, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı bəndin isə Baş Məclisin 65-ci sessiyasının gündəliyinə salınmasını xahiş etmişdir. Eyni zamanda, vurğulamaq lazımdır ki, layihədə missiyanın göndərilməsi əsas məsələlərdən olmuşdur. Bununla bağlı qərar konsensusla qəbul edilmişdir.

- Gələn həftə başlanan ümumi debatlarda Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin BMT-də cədvəli barədə nə deyə bilərsiniz?

- Qeyd etmək istərdim ki, ölkəmizin mənafelərinin qorunması, təşəbbüslərimizin irəlilədilməsi və onlara lazımi dəstəyin əldə edilməsi üçün BMT Baş Məclisinin 65-ci sessiyasının ümumi müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin başçısı tərəfindən çıxış edilməsi, eyni zamanda, müzakirələr çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin və gərgin müzakirələrin keçirilməsi gözlənilir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri,

Nyu-York

 

Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 3.