Mübarizlər yolu

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Milli Qəhrəman Mübariz İbrahimovun fədakarlığını şərəflə davam etdirmək əzmindədir

 

M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2010-cu il

 

 

Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2010-cu il

 

 Bu gün onun adı dillər əzbəridir. Şərəfinə mahnılar qoşulur, əsərlər yazılır. Adı bir ailənin, bir kəndin, bir rayonun övladlığı hüdudlarını aşıb. Bütün Azərbaycanımızın oğludur. Sözü-söhbəti ev-ev, oba-oba dolaşır. Qəhrəmanlığı ilə təkcə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin kim və nəyə qadir olduğunu göstərmədi, həm də bütün aləmə, dostlu-düşmənli bütün dünyaya bir daha sübut etdi ki, bu məmləkətin qürurunu və şərəfini heç kim tapdamaq iqtidarında deyil. Bu məmləkət sülhsevərdir, hiylədən, məkrdən, kindən-küdurətdən uzaqdır, torpağının mayası halallıqdan yoğrulub, övladlarını da beləcə, insan sevgisi ilə, vətən məhəbbəti, torpaq eşqi ilə böyüdür. Bu məmləkətin övladının kimsənin torpağında gözü yoxdur, heç vaxt da olmayıb.

 

 Ancaq onun torpağına göz dikənlərin, onun bayrağına sayğısız baxmaq istəyənlərin son anda gözü ovulur, sinəsinə dağ çəkilir. Sülh, insanlıq, nahaq qanların axmaması naminə illərlə səbr edə, gözləyə bilər. Ancaq bir gün bu məmləkət elə ayağa qalxar, elə hayqırar, elə bir yürüşə, elə bir savaşa başlar ki, qarşısında bir düşmən, bir qəsbkar duruş gətirə bilməz! Bu hayqırtını, bu savaşı minlərlə, milyonlarla fədakar Azərbaycan övladlarından birinin timsalında erməni qəsbkarları da, onların dəyirmanına su tökənlər və tökmək istəyənlər də yaxşı gördülər. Bu hələ bircə nəfərin savaşı idi. Bircə nəfərin, bircə oğlun, bircə əsgərin - Mübariz İbrahimovun...

Mübarizin qəhrəmanlığı düşmənə qəzəb və nifrətlə dolu yaddaşları elə ovxarladı, elə parıldatdı ki, düşmən şaşırdı, gözləri tutuldu, sıralarına çaxnaşma, hərc-mərclik düşdü. Artıq Azərbaycanın, onun övladlarının düşmənə qarşı qəzəb və nifrət hissinin, intiqam duyğusunun öz məcrasından çıxan, hüdudlarını aşan vaxtı çatmaq üzrədir! Bunu dost da görür, düşmən də!..

Mübariz İbrahimov ilk hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində keçib. İndionu qürurla, iftixar hissi ilə xatırlayırlar. Daxili Qoşunlar yarandığı gündən sıralarında çox qəhrəman oğullar yetirib. İstər müharibə illərində erməni işğalçılarına qarşı döyüşlərdə, istərsə də ölkədaxili missiyasının yerinə yetirilməsində örnək olub, verilən tapşırıqları layiqincə yerinə yetirib. Burada şəxsi heyətin vətənpərvərlik ruhu, döyüş əzmi həmişə yüksəkdir. Sıralarından Mübariz İbrahimov kimi bir qəhrəmanın çıxmağı isə təbiidir. Bu gün Mübarizlə Daxili Qoşunların şəxsi heyətinin hər bir üzvü fəxr edir, qürur duyur. Onun keçdiyi qəhrəmanlıq yolunu özlərinə örnək bilirlər.

 DİN-in Daxili Qoşunlarının Zaqataladakı "N" saylı hərbi hissəsinin komandiri polkovnik Vurğun Abbasov da Mübariz İbrahimovun qəhrəmanlığından fəxrlə danışır, onun peşəkar döyüşçü keyfiyyətlərini qeyd etməklə yanaşı, mənəvi-psixoloji kamilliyini, hüdudsuz vətən sevgisini, torpaq təəssübkeşliyini xüsusi vurğulayır. Hissə komandiri onu da bildirir ki, bütün məşğələlərin əvvəli vətənpərvərlik mövzusu ilə başlanır, müharibədən, işğal altındakı torpaqlarımızdan, Azərbaycan əsgərinin hər cür fədakarlığa hazır olmaq üçün yetərincə hərbi bilik və bacarıqlara yiyələnmək zərurətindən söhbət açılır.

Təlim-məşq meydanına çıxırıq. Hər yanda səliqə-sahman duyulur. Bir azdan növbəti məşğələ başa çatmalıdır. Ondan sonra bir qrup əsgər və zabitlə söhbət edə biləcəyik.

Burada hərbçilər üçün hər cür şərait yaradılıb. Müasir hərbi şəhərcik hərbçi ailələrinin ixtiyarındadır. Uşaqların istirahəti də nəzərə alınıb. 2008-ci ilin payızında Zaqatalaya səfəri çərçivəsində Prezident İlham Əliyev hərbi hissənin ərazisində tikinti işləri ilə tanış olmuşdu. 2009-cu ildə tikinti başa çatıb, dekabrın 3-də açılış mərasimi olub. O vaxtdan hərbi hissə burada yerləşir. Hərbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait, texniki və tədris imkanları mövcuddur.

 Geniş bir auditoriyada əsgərlərlə, onların komandirləri ilə görüşürük. Bir anlığa ötən əsrin doxsanıncı illərinin əvvəllərini xatırlayıram. Ordu təzə yaranırdı, kimin əlinə nə keçdi geyinirdi. İndi yerlə göy qədər fərq var. Səliqəli, tərtəmiz, müasir və yaraşıqlı hərbi geyim və baxışlarından, səslərindən od tökülən vətən oğulları. Leytenant Mirsalam Qüdrətli danışır:

- Qürur duyuruq ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da vaxtilə Daxili Qoşunların sıralarında xidmət edib. Elə bir qəhrəmanlıqdan sonra çox istərdim onunla göz-gözə gəlim, bir hərbçi kimi, bir qardaş kimi onun əlini sıxım, bağrıma basım, alnından öpüm ki, bu möhtəşəm duyğuları bizə yaşatdı. Düşünürəm ki, o yenə də bizimlədir, bizim sıralarımızdadır, bizimlə çiyin-çiyinədir. Mübaiz elə bir örnək, elə bir nümunə göstərdi ki, bu gün hər kəs onun şərəfli yolunu davam etdirməyə can atır. Hiss və həyəcanlarımız təbiidir. Bu gün peşəkar bir ordunun sıralarındayıq. Mübariz İbrahimovu Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli bir ada layiq görən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini ləyaqətlə yerinə yetirməyə hazırıq. İnanıram ki, Mübarizinbütün şəhidlərimizin intiqamını alıb, torpaqlarımızı düşmən işğalından azad edəcəyik.

Əsgər Nicat Bədəlov: - Mübariz İbrahimov gənc idi, həyatı, ömrünün qaynar illəri hələ qabaqda idi. O, torpaq məhəbbətini, vətən sevgisini, şəhidlərimizin, işğal altındakı torpaqlarımızın intiqam duyğusunu bir ömür yaşamağın şirinliyindən üstün tutdu. Bir haqq olaraq nahaqın üstünə getdi. İllərlə düşmən tərəfin unuda bilməyəcəyi bu gedişlə Mübariz İbrahimov Qarabağa, işğal altındakı torpaqlarımıza yaxınlaşdı. Müqəddəs bir borcumuz var: onun intiqamını almaq, onun getdiyi yolu başa çatdırmaq!

 Əsgər Əhmədiyyə Cabbarov: - Müdriklərdən biri deyib ki, mükəmməl əsgər vətənin müdafiəsinə hər an hazır olan əsgərdir. Mübariz İbrahimov öz qəhrəmanlığı ilə bunu bir daha təsdiq etdi. Vətən, torpaq sevgisindən uzaq olan düşmən tərəf Mübarizin qəhrəmanlığı önündə sarsıldı, bütün vəhşi sifətlərini dünyaya bir daha göstərdi. Ruhu əbədiyyətə uçmuş bir canı nə qədər saxlayacaq? Düşmən bilsin ki, hələ əmrə müntəzir nə qədər Mübarizlər var!

Əsgər Nadirbəy Nağıbəyli: - Mübariz İbrahimovun qəhrəmanlığı barədə hələ əsgərliyə gəlməmiş eşitdim. Hər bir azərbaycanlı gənc kimi, mən də qürur duydum ki, vətənin düşmənə qan udduran belə oğlu var. Bu gün ikiqat qürur hissi yaşayıram - Mübariz İbrahimovun bir zamanlar sıralarında xidmət etdiyi Daxili Qoşunların əsgəriyəm. Onun şərəfli döyüş yolunu davam etdirmək bir əsgər olaraq mənim də ən böyük arzumdur.

Əsgər Elvin Əliyev: - Tariximiz çox zəngindir. Bu tarixin şərəfli qəhrəmanlıq səhifələri çoxdur. Mübariz İbrahimov da tariximizə belə bir səhifə yazdı. İndi hər bir gənc, hər bir yeniyetmə Mübariz kimi olmağı arzulayır.

Bəli, əsgər oğullarımız danışır, qəzəb və həyəcan hissləri, sevgiintiqam duyğuları bir-birinə qarışa-qarışa ürək sözlərini, arzularını bildirirlər. Əsgər İsmət Talıbov, Əliağa Sultanov, gizir İlham Ardayev, mayor Aydın Nağıyev və digərləri bəyan edirlər ki, Mübariz İbrahimovun yolunu davam etdirmək nümunəvi hərbi xidmətdən, komandirlərin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməkdən, mükəmməl hərbi bilik və bacarıqlara yiyələnməkdən, ən nəhayət, tükənməz vətən sevgisindən başlanır. İşğal altındakı torpaqlarımızın azadlığına gedən yol məhz bu keyfiyyətlərdən keçir.

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Bəli, o günü, o müqəddəs günü yaxınlaşdıranlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov oldu. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, Laçında və digər işğal altındakı torpaqlarımızda bayrağımız qaldırılanda onun sapında Mübarizin də əlinin hərarətini hiss edəcəyik. Hiss edəcəyik! Mütləq!

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 3.