Avropa Şurasına üzv ölkələrin idman nazirləri Bakı konfransından razı qalmışlar

 

İdman yarışlarının nəticələrinə müdaxilə hallarının qarşısının alınması, dopinqə qarşı mübarizənin sərtləşdirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı üçün viza sisteminin sadələşdirilməsi, totalizator oyunlarına pul qoyuluşları, idmanda korrupsiyanın aradan qaldırılması Bakıda başa çatmış Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransının əsas müzakirə mövzuları olmuşdur.

İki ildən bir toplaşan idman nazirlərinin "Gülüstan" Sarayında keçirilən görüşündən sonra müzakirələrlə bağlı mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Avropa Şurasının (AŞ) idman sahəsinin baş direktorluğunun direktoru Qabriela Battaini-Draqoni, AŞ-nin İdman haqqında Genişləndirilmiş Hüdudlu Sazişinin (EPAS) prezidenti Jan-Lük Yanişevski, EPAS-ın məşvərət komitəsinin sədri Predraq Manoyloviç, Dünya Antidopinq Agentliyinin (WADA) təmsilçisi Leme Lissavetski, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iştirak etmişlər.

Qabriela Battaini-Draqoni iki il öncə Afinadakı konfransda verilən 17 ideyadan 8-nin bu gün Bakıda müzakirə edildiyini söyləmişdir. O, Bakı konfransının müzakirə olunan məsələlər baxımından Avropa üçün böyük əhəmiyyətini vurğulamışdır. Biz bu gün idmanda korrupsiyaya qarşı mübarizədə yeni mexanizmin hazırlanmasına ehtiyac duyuruq. Bu mexanizmin hazırlanmasına idman nazirləri ilə yanaşı, ədliyyə nazirlərinin də cəlb olunması vacibdir.

Bildirilmişdir ki, idman nazirlərinin növbəti qeyri-formal toplantısı iki ildən sonra Serbiyada olacaqdır.

Oyunların nəticələrinin qabaqcadan danışılmasına toxunan gənclər və idman naziri Azad Rəhimov bununla bağlı geniş müzakirələr aparıldığını bildirmişdir. A.Rəhimov demişdir ki, danışılmış oyunların təşkili özlüyündə kriminalın bir növüdür. Bu fikir konfransda iştirak edən Avropa Şurasının bütün ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunmuşdur.

Nazir demişdir ki, biz konfransda totalizatorla bağlı araşdırma ilə tanış olduq. Azərbaycanda totalizator ilə bağlı fəaliyyətə başlayacağımız üçün Avropadan araşdırma müəllifini Bakıya dəvət etdik. O, bukmeker kontorları üçün treninqlər keçirəcəkdir.

Avropa ölkələri arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsi, xüsusilə idmançıların beynəlxalq yarışlara getmələri üçün vizaların verilməsində əmələ gələn problemlərin həlli Bakı konfransının əsas müzakirə mövzularından biri olmuşdur. Şərqi Avropa ölkələri tərəfindən irəli sürülən bu məsələdə Azərbaycan öz dəstəyini nümayiş etdirmişdir. AŞ-nin İdman haqqında Genişləndirilmiş Hüdudlu Sazişinin prezidenti Jan-Lük Yanişevski bu məsələnin beynəlxalq yarışlarda iştirak etmək istəyən bir çox ölkələri narahat etdiyini söyləmişdir.

Məsələ ətrafında nəinki İdman nazirliklərinin, habelə Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirlikləri səviyyəsində görüşlərin keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.

WADA-nın təmsilçisi Leme Lissavetski dopinq qəbulunun qarşısının alınması ilə bağlı məsələlərə toxunmuşdur. O demişdir ki, biz məsələ ilə bağlı geniş müzakirələr apardıq. Konfransda dopinqlə bağlı cəzaların daha da ağırlaşdırılması, bu sahədə monitorinqlərin ciddiləşdirilməsi, habelə 2011-ci ildə qadağan olunmuş dərman preparatlarının yeni siyahısının təqdim olunması ilə bağlı razılığa gəldik. O, bu sahədə WADA ilə Avropa Şurasının daha sıx əməkdaşlıq edəcəyini vurğulamışdır.

Müzakirələr zamanı bütün qonaqlar Bakıda keçirilmiş konfransın yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-23  sentyabr.- S. 5.