Dövlət İdarəçilik Akademiyasında fransalı alimin məruzəsi dinlənilmişdir

 

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçmiş fransız diplomatı və tanınmış alim Filip Moro Defarjın "Millətlərin öz müqəddəratını müəyyən etməsi" mövzusunda məruzəsi dinlənilmişdir.

DİA-nın mətbuat və informasiya xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə DİA-nın tədris işləri üzrə birinci prorektoru Əlikram Abdullayev açaraq qonağı və iştirakçıları salamlamış, Fransadan dəvət olunmuş alimi təqdim etmişdir. Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, elmi sahələrdə münasibətlərin ilbəil inkişaf etməsindən, xalqlarımız arasındakı dostluq əlaqələrindən və bunun əhəmiyyətindən ətraflı danışaraq mövzu ilə bağlı geniş məlumat vermişdir. Professor Ə.Abdullayev F.M.Defarjın Paris Ali İdarəçilik Məktəbinin məzunu, peşəkar diplomat və tanınmış alim olmasını, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda RAMSES proqramına rəhbərlik etməsini, "Beynəlxalq münasibətlər", "Geopolitikaya giriş", "Qloballaşma", "Dünyanın quruluşu", "Rayonların idarə edilməsi", "Avropa hara gedir?", "Anlayışı olmayanlar üçün geopolitika", "Hərb və ya sülh sabah üçün?", "Beynəlxalq siyasətin əsas konsepsiyaları" kimi çoxsaylı kitabların müəllifi olmasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparmışlar. Filipp Moro Defarj maraqlı məruzə ilə çıxış etdikdən sonra professor-müəllim, tələbə və müdavimlərin suallarını cavablandırmış və akademiya rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 2.