Mərakeş Krallığı Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin başçılığı ilə nümayəndə heyəti sentyabrın 24-də Milli Məclisə gəldi. Parlamentin binası önündə qonaqları Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar. Nümayəndə heyəti əvvəlcə Milli Məclisin yeni inzibati binası və iclas zalı ilə tanış oldu. Qonaqlar parlamentin binasındakı Heydər Əliyev Xatirə zalında oldular. Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar onlarda dərin təəssürat yaratdı. Abdelvahed Radi Xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdü. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinə görə minnətdarlığını diqqətə çatdıran Oqtay Əsədov əmin olduğunu bildirdi ki, bu səfər eyni dinə, mədəniyyətə malik olan ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək. Mərakeşin yerləşdiyi regionda nüfuzlu dövlət olduğunu vurğulayan Oqtay Əsədov Azərbaycanın bu ölkə ilə münasibətlərin inkişafına böyük önəm verdiyini dedi: "İnanırıq ki, gələcəkdə dövlət başçılarının da qarşılıqlı səfərləri olacaqbu, əlaqələrimizin inkişafına böyük töhfələr verəcək".

Oqtay Əsədov bildirdi ki, indiyədək Azərbaycanla Mərakeş arasında 7 sənəd imzalanıb. 20 sənəd isə imzalanma mərhələsindədir. Amma iqtisadi əlaqələrimizin hazırkı səviyyəsi mövcud potensiala uyğun deyil. Artıq bu məqsədlə hökumətlərarası müştərək komissiya da yaradılıb. İnanırıq ki, bu komissiya bütün sahələrdə əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.

Milli Məclisin Sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin də rolunu xüsusi qeyd etdi. Bildirdi ki, deputatlarımız beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir, yaxşı olar ki, bu qruplar fəaliyyətlərini daha da gücləndirsinlər.

Sonra Oqtay Əsədov Azərbaycanın iqtisadi inkişafı, regionda həyata keçirilən irimiqyaslı layihələrdəki rolu, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verdi, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirdi, bu siyasətin bundan sonra da dəyişməyəcəyinə əminliyini ifadə etdi.

Abdelvahed Radi onlara göstərilən yüksək qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirərək dedi: "Mərakeşdə Azərbaycanı çox sevirlər. Biz bu səfərə böyük önəm veririk. Çünki bu səfər qardaşlıq və dostluq əlaqələrimizin, həmrəyliyimizin güclənməsinə, dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edir". Qonaq vurğuladı ki, əlaqələrin inkişafında heç bir çətinlik yoxdur. Bu da ondan irəli gəlir ki, hər iki ölkədə bunun üçün böyük siyasi iradə, eyni istiqamətdə fəaliyyət proqramı var.

Mərakeş də Azərbaycan kimi demokratik inkişaf yolunu seçmişdir. Qarşılıqlı səfərlər, keçirilən görüşlər bu işdə əlaqələrimizin inkişafına böyük səmərə verəcəkdir.

Abdelvahed Radi daha sonra dedi ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər. Çünki bu ölkənin də ərazi bütövlüyü pozulmuşdur. Mərakeş Krallığı bu problemlə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir. Biz hər bir problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıq.

Sonra parlamentlərarası, eləcə də elm, təhsil, mədəniyyət, humanitar, iqtisadi sahələrdə əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, deputatlarımızın qarşılıqlı səfərləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 2.