İtaliya Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcək

 

Sentyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Milli Məclisin Sədri cari ilin may ayında İtaliyada səfərdə olduğunuburada İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini, İtaliya Senatı sədrinin müavini Vannino Kiti, eləcə də xanım Rossana Boldi ilə görüşdüyünü xatırlatdı.

Dövlətlərarası münasibətləri yüksək qiymətləndirən Oqtay Əsədov qarşılıqlı münasibətlərin inkişafının daha geniş miqyas alması üçün hər iki ölkə rəhbərliyinin buna xüsusi diqqət yetirdiyini vurğuladı: "2008-ci ilin noyabr ayında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı imzalanan sənədlər münasibətlərimizin daha yüksək mərhələyə qalxmasında mühüm rol oynayıb. Hazırda Azərbaycan və İtaliya əlaqələri həm siyasi, həm də iqtisadi sahədə yüksələn xətt üzrə inkişaf edir. Burada bir önəmli faktı da qeyd etmək yerinə düşər ki, İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşıdır".

Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan və İtaliya arasında 26 sənəd imzalanıb: "Bu sənədlər ölkələrimiz arasında mövcud əlaqələrin hüquqi əsasını təşkil edir". Oqtay Əsədov parlamentlərarası əlaqələrin də münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd etdi: "Artıq 15 ilə yaxındır ki, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Sizin Senatın İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilməyinizdən sonra qanunverici orqanlar səviyyəsində əlaqələrimiz daha yüksək səviyyəyə çatıb. İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun hazırda 38 üzvü var. Ümid edirik ki, bu qrupun üzvlərinin sayı daha da artacaq".

Azərbaycanın dinamik inkişaf edən dövlət olduğunu vurğulayan Oqtay Əsədov ölkəmizin böyük perspektivə malik olduğunu bildirdi: "Bu inkişaf, eləcə də Azərbaycanın Avratlantik məkana inteqrasiyası daha sürətli olardı. Ancaq təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bunun qarşısını alır. Yeri gəlmişkən mən bu münaqişə ilə bağlı tutduğu ədalətli mövqeyə görə, İtaliya tərəfinə öz təşəkkürümü bildirirəm. Bu ilin mayında mənim İtaliyaya səfərim zamanı Deputatlar Palatasının Sədri Cianfranko Fini ilə görüşümdə Dağlıq Qarabağ münaqişəsi xüsusi diqqət mərkəzində oldu. Deputatlar Palatasının Sədri bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyduqeyd etdi ki, Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir.

İtaliya Azərbaycana dəstəyini əməli işdə də göstərir. Bu xüsusda mən cari ilin fevralında İtaliya parlamenti tərəfindən Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnaməni xüsusi qeyd etmək istəyirəm. Həmin qətnamə Dağlıq Qarabağ münaqişəsilə bağlı İtaliyanın Azərbaycana dəstəyinin yüksək ifadəsidir. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilib. Oqtay Əsədov qeyd etdi ki, sözügedən qətnamənin qəbulundan sonra bir sıra ölkələrin qanunverici orqanlarında da Cənubi Qafqazla bağlı analoji sənədin hazırlanması nəzərdə tutulur.

Xanım Rossana Boldi səmimi görüş üçün təşəkkürünü bildirdiqeyd etdi ki, həqiqətən də qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası əlaqələr böyük əhəmiyyətə malikdir. O, İtaliya parlamenti və hökumətinin bundan sonra da Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edəcəyini bildirdi. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S.3.