Müstəqillik meydanı kompleksi ilə tanışlıq

 

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə gəldilər.

Hərbi orkestrin ifasında səslənən musiqinin sədaları altında Prezident İlham Əliyev burada ucaldılmış "Müstəqillik və humanizm" abidəsinin önünə əklil qoydu.

Özbəkistan Prezidenti İslam Kərimov Müstəqillik meydanı kompleksi, həmçinin abidə haqqında məlumat verdi.

Bildirildi ki, 2005-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə ucaldılan bu abidə Özbəkistanın azadlığının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpəsini qucağında tutmuş xoşbəxt ana təsvir olunmuşdur. Daşkənd sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan bu meydandakı abidəni əsasən yeni ailə qurmuş gənclər ziyarət edirlər.

Prezident İslam Kərimov kompleksə daxil olan digər abidələr haqqında da məlumat verərək dedi ki, hər il mayın 9-da paytaxt sakinləri buradakı "Kədərli ana" abidəsinin qarşısına gül-çiçək dəstələri düzürlər.

Prezident İlham Əliyevə Müstəqillik meydanı kompleksində görülən işlər barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 2.