"Kamolot" Gənclər İctimai Hərəkatının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda keçirilən Özbəkistan Gəncləri günləri çərçivəsində bu ölkənin "Kamolot" Gənclər İctimai Hərəkatının nümayəndə heyəti sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra özbəkistanlı gənclər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 4.