Ankarada 7-ci Beynəlxalq Anadolu mədəniyyət festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir

 

Ankaranın Etimesqut bələdiyyəsinin keçirdiyi 7-ci Beynəlxalq Anadolu mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir.

Festivalın keçirildiyi meydanda ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən təşkil olunmuş Azərbaycan guşəsi Ankara sakinlərinin və qonaqların böyük marağına səbəb olmuşdur. Burada ulu öndərimiz, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev haqqında nümayiş etdirilən kitablar, broşürlər, milli geyimlərimizin nümunələri, qədim çalğı alətlərimizlə tanış olan festival iştirakçılarına Azərbaycanın və Türkiyənin dövlət bayraqları paylanmışdır.

Sonra səhnəyə qalxan müğənni Cavid Təbrizli Azərbaycan xalq mahnılarını ifa etmişdir. Onun ifası zamanı Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycanın qardaş ölkədəki səfirliyinin əməkdaşları və Ankara sakinləri iki ölkənin dövlət bayraqlarını dalğalandırmışlar.

Konsertdən sonra çıxış edən ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə inamını ifadə etmişdir. Səfir Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirələ xatirə hədiyyəsi təqdim etmişdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 5.