Karikaturaçı rəssamın fərdi sərgisi açılmışdır

 

Sentyabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda karikaturaçı rəssam Hafiz Nəsiroğlunun xalq rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin və "Kirpi" satira-yumor jurnalının birgə təşəbbüsü ilə keçirilən sərgidə rəssamın 100-dən çox əsəri nümayiş etdirilmişdir.

Sərginin açılış mərasimində xalq rəssamı Arif Hüseynov, Milli Məclisin deputatı Gülər Əhmədova, xalq artisti Yaşar Nuri və başqaları çıxış edərək karikatura kimi çətin janrda fırçasını uğurla sınayan rəssamı Əzim Əzimzadə məktəbinin layiqli davamçısı adlandırmışlar.

Sonda Hafiz Nəsiroğlu sərginin ərsəyə gəlməsində ona yardımçı olmuş insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.

Sonra sərgiyə baxış keçirilmişdir.

 

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 6.